M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş parlaq konsert baş tutdu.
Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətindəki yeri və rolu danılmazdır. Belə tədbirlərin keçirilməsi bir daha təsdiq edir ki, Üzeyir bəy daim araşdırılacaq, daim xatırlanacaq və daim örnək tutulacaq bir mədəniyyət fenomenidir. Tədbirdə respublika və beynəlxalq müsabiqələr laureatları Xədicə Cahangirova (piano), Surə Rüfət (violin) və Miray Fərzulla (piano) klassik musiqinin ən gözəl nümunələri ilə gecəyə xüsusi rəng qatdılar.
Proqramda Ü.Hacıbəyli, Q.Qarayev, A.Məlikov, S.Rüstəmov, N.Paganini, F.Chopin, H.Wieniawski, S.Raxmaninovun əsərləri səsləndi. Qeyd edək ki, konsertin təşkilatçıları M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Avstriya Mədəniyyət Mərkəzi və ASAP (Azərbaycanlı tələbələr və məzunlar platforması) Avstriya nümayəndəliyidir.
Xatırladaq ki, "Gənclərə dəstək" layihəsi Filarmoniyanın həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun rəhbəri - Filarmoniyanın direktoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Murad Adıgözəl-zadə, layihənin koordinatoru - Filarmoniyanın direktor müavini, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ayla Kərimova-Zəkəriyyədir.
Milli.Az