Mədəniyyət

Rəssam Rəşad Mehdiyev: "Satqınlıq etsən, o, səni bağışlamayacaq və həmişə ürəyində ləkə qalacaq" - FOTOSESSİYA

18 Oktyabr 2010 10:20
Baxış: 8 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rəşad Mehdiyev, Ə.Əzimzdə adına rəssamlıq texnikumunu, daha sonra Mədəniyyət və İncəsənət İnstitutunu (hazırda Universitet) bitirib. 1991-ci ildə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinə qəbul olunub. 1996-cı ildən etibarən Rəssamlıq Akademiyasında baş müəllim olaraq pedaqoji fəaliyyət göstərir. Rəssamlar İttifaqının üzvüdür.

Rəşad Mehdiyevin rəsm əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, Türkiyə, Gürcüstan, İtaliya, ABŞ, Avropa və Asiyada fərdi və yığma sərgilərdə nümayiş etdirilib. Rəssamın əsərləri təkcə məşhurların şəxsi kolleksiyalarında deyil, həmçinin Avropa və Asiyanın bir sıra muzeylərində da saxlanılır.

2006-cı ildə Birləşmiş Millətlər Təşkilatında fərdi sərgisi keçirilib. Xüsusilə vurğulanmalı məqamdır ki,  BMT tarixində ilk  və hələlik son dəfə olaraq məhz azərbaycanlı rəssam - Rəşad Mehdiyevin sərgisi nümayiş etdirilib. Rəssamın yaradıcılığının bu və digər məqamları ilə Milli.Az xəbər portalına müsahibəsində tanış olun.

- Rəşad, söhbətimizə istərdim elə BMT-dəki sərginizlə başlayaq. Dövlət əhəmiyyətli bir tədbir olsa da, nədənsə, geniş ictimaiyyətin diqqət mərkəzində olmadı. Səbəb sənin həddən artıq təvazökar olmağındadır, yoxsa...?

- Bu sərgi, Azərbaycan dövləti, konkret desəm, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və ölkəmizin Avstriyadaki səfirliyi tərəfindən təşkil olunmuşdu. Tədbirdə, Avstriyanın dövlət məmurları ilə bahəm Prezident Aparatı Mədəniyyət departamentinin rəhbəri cənab Ridl, Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov, eləcə də Avstriyanın ölkəmizdəki səfiri, media nümayəndələri və çox sayda gonaqlar istiraki edirdi. Sərginin böyük ajiotac doğurmağına gəlincə, yerli mətbuatımızda bu barədə məlumatlar verildi. Və bu mənə görə kifayət idi. Çünki, o tədbirdə ən önəmlisi Azərbaycanı bir ölkə olaraq diqqət mərkəzində saxlamaq, Azərbaycan incəsənətini təbliğ etmək idi. Buna da düşünürəm nail ola bildim.

- Yaradıcılığında hansı cərəyanın təsiri var?

- Rəssamlar ümumiyyətlə bu barədə danışmağı sevmirlər. Amma qısaca deyim ki,  cərəyan, başlanğıcı 3 faktordan ibarət olan fəlsəfi bir düşüncədir. Hər hansı bir düşüncəyə, konsepsiyaya kimliyindən, məşğuliyyət sahəsindən asılı olmayaraq istənilən şəxs müəlliflik edə bilər. Rəssam da həmçinin. O, bir düşüncə, söz duyumu təhlilinin vizual görüntüsünü yaradır. Öz təsəvvüründə canlandırdığını kətana köçürür. Rəsm əsərində təsvir olunanlardan  bəstəkar da, yazıçı da, şair də öz ilham mənbəyini tapa bilər. Rəssam, vizual aləmi necə, hansı rakursda görürsə və ya görmək istəyirsə, əsərlərini də məhz bu tonallığa kökləməlidir. Təbii ki, professional və estetik çərçivəni unutmamaq şərtilə. Bir rəssam olaraq mənim yaradıcılığımdakı cərəyan xətti -daxili aləmim və məqsədlərimdir. Öz düşüncə tərzini, daxili aləmini öyrənib təhlil etmək sənin yaradıcılığını  istənilən cərəyana istiqamətləndirə bilər. Bu barədə rəssamın bəyan etməyi də mütləq deyil. Onsuz da tamaşaçı səni əsərində öz düşüncəsinə yaxın olanı görəcək. Çünki, hər insanın vizual görüntüsü daxili aləmilə müəyyənləşir.

-  Hər hansı bir əsəri yaratmağın ilham qaynağına bağlıdır, yoxsa artıq texnika, vərdiş işidir?

- Hər hansı bir əsəri yaradarkən ilham qaynağının olması əlbəttə ki, çox vacibdir. Çünki, rəssamın düşüncə tərzini inkişaf etdirən çox hallarda məhz ilham qaynağı olur. Ancaq işləmə texnikasını da unutmaq olmaz. İlham qaynağı və texnika həmahəng olmalıdır. İlham pərisinin sadəlöhvcəsinə nə vaxt gələcəyini oturub gözləmək bir qədər peşəkarlıq olmaz. Rəssamın planlaşdırılmış iş rejimi də olmalıdır. Peşəkar rəssam üçün rəngləri palitrada qarışdırmaq belə, ilham mənbəyi ola bilər.

- Əsərlərin mövzusunu necə tapırsan?

- Mövzu tapmaq üçün ətraf mühitə nəzər yetirmək kifayətdir. Ən əsası və çətini onu görə bilmək və lazımi səvyyəyə kimi çatdırmaqdır. Mövzunun inkişafı  bir çox amillərlə bağlıdır. Ən birincisi bilik amilidir. Rəssamın yaratdığı əsərin daha dərin, düşüncəli və rəngarəng prinsiplərə uyğunlaşması məhz biliyə əsaslanır. Rəssamlıq texnologiyası da şübhəsiz rol oynayır. Əgər sən, hər hansı bir fikrin heç olmasa müəyyən qismini çatdıra bilirsənsə, demək  heç bir problem olmayacaq. Digər tərəfdən mövzudan mövzu yaranır. Dərinə vardıqca, qarşında böyük bir aləm açılır, bu aləmin içində yaşayıb yaratmağa başlayırsan və fırça, kətan üzərində özü səni aparır. Xətt, forma, rəng, gündəlik həyat tərzi, bunlar hamısı rəssamın yaradıcılığı üçün bir vasitə olmalıdır.

- Rəsm əsərlərindəki obrazlar niyə hamısı bir-birinə bənzəyir?

- Çox çətin sual oldu. Obrazlar arasındakı bənzərlik güman ki, rəssamın süuraltı istiqamətinə bağlıdır. Ümumiyyətlə, rəssamlar çox həssas olur. Onların bəzən olmayan prosesləri belə  canlandırmaları təsəvvürlərinin aktiv inkişafından irəli gəlir.  
Sanki bir aləm yaranır və bu aləmdə rəsam dünyanı görmək üçün öz prizmasını yaradırlar, dünyaya o prizmadan baxmaq istəyirlər. Hətta deyərdim ki, real həyatla çox vaxt qarşılaşmaq istəmirlər. Çünki reallıq, rəssamları öz yaratdıqları dünyadan uzaqlaşdırmağa məcbur edir. Bu prosses isə bəzən narahat etdiyindən istər-istəməz sənət duyumundan uzaqlaşmağa başlayır rəssam. Obrazların oxşarlığı da düşünürəm ki, bu prosesin nəticəsidir.

- Əsərlərində çox nadir hallarda kişi obrazlarına rast gəlmək olar.

- Yəqin ki, qarşı cinsə qarşı duyulan marağın genetik göstərcisindən irəli gəlir. Allah insanı bu duyğu ilə yaratdığından qadın obrazlarına aşırı maraq normal haldır məncə. Qadınsız bu dünyada yaşamaq ümumiyyətlə çətindir. Hər bir qadının özünəməxsus gözəlliyi, plastikası, zərifliyi, duyğusu var. Qadının hiss etdiyini kişi sözsüz ki, hiss edə bilməz.

- Müasir zamanda bir rəssam öz işlərilə dolanışığını təmin edə bilərmi sizcə?

- İnkişaf etmiş bütün ölkələrdə incəsənət hər zaman dəbdəbəli amillərdən biri olub. Rəsm əsərləri hər zaman qiymətləndirilib. Azərbaycan da bu gün inkişaf etmiş ölkələr sırasındadır. Belə olan halda sənətimizin də yüksək zirvələrə çıxması labüddür. Rəssamlarımız zəngin potensial imkanlara malikdirlər. Üstəlik dövlət tərəfindən də incəsənətimiz dəstəklənir, sənət xadimdəri üçün lazımi şərait yaradılır. Sıravi vətəndaşlar arasında alıcılıq qabiliyyəti də aşağı deyil. Yəni, sənət əsərləri kolleksiyalara dəb xatirinə yox, dərk edilərək, düşünülərək daxil edilir. Bundan başqa dünyanın heç bir yerində sənət şəhərciyinin tikilməsini, emalatxanaların təmənnasız olaraq rəssamların istifadəsinə verilməsini nə eşitmişəm, nə də görmüşəm. Ancaq Azərbaycanda bu var. Rəssamlarımız da öz növbəsində Azərbaycan mədəniyyəti və incəsənətini öz yaradıcılıqları vasitəsilə layiqincə tanıtmalıdırlar.

- Rəşad, ən bahalı rəsm əsəriniz hansı məbləğə satın alınıb?

- 25 min avroya. "Göz" adlı rəsm əsərimi Amerikada yaşayan həmyerlimiz alıb.

- Atanız rəssam Rafiq Mehdiyevin sizin yaradıcılığınızda nə kimi rolu olub?

- Mənim bir rəssam və ən əsası bir insan kimi yetişməyimdə atam, eyni zamanda xalq rəssamı, professor Rafiq Mehdiyevin böyük rolu olub. O, mənə vizual sənətin incilərini, rəssamlıqda peşəkar düşüncə formalarını, incəsənət tarixinin faktorları və təhlilini aşılayıb. Uşaqlığımda dediyi sözləri hələ də xatırlayıram: "Sənət çox zərifdir, satqınlıq etsən, yəni, çalışmasan, yaratmasan, o səni bağışlamayacaq. Bağışlasa da ürəyində ləkə qalacaq. Ləkəni isə pərdələmək üçün illər lazım olacaq. Bunu bil". Onun ölümü məni çox sarsıtdı. Mən təkcə atamı yox, həm də yaxın dostumu itirmiş oldum. Allah ona rəhmət eləsin.

Sevda Babayeva
Milli.Az

















































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.