Mədəniyyət

Füzuli rayonunun tarixi türbələri

7 Avqust 2012 18:03
0 Şərh     Baxış: 6 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şeyx İbrahim türbəsi

Azərbaycanın işğal altında olan bölgələrində yüzlərlə tarixi əhəmiyyətli memarlıq abidəmiz əsir qalır. Onlardan bəzilərinin dağıdıldığı, bəzilərinin üzərində isə dəyişikliklər edilərək özgələşdirildiyi haqda məlumatlar var. Bu mövzuda belə abidələrdən bir qrupu - Füzuli rayonundakı türbələr haqqında söhbət açacağıq. Məlum olduğu kimi, Füzuli rayonu Qarabağın ən qədim tarixi abidələrinin qeydə alındığı məkandır. Dünyanın ən unikal tapıntılarından biri olan Azıx mağarası da burada yerləşir. Rayon ərazisində mövcud olan abidələr sırasında türbələr də xüsusi yer tutur. Belə türbələrdən biri rayonun Aşağı Aybasanlı kəndindəki qədim məzarlıqda ucaldılan Qara Şeyx İbrahim türbəsidir.

El arasında "İbə İbrahim" kimi məşhurlaşan Şeyx İbrahim türbəsinin kitabəsi abidənin tarixi haqqında məlumat əldə etməyə imkan verir. Belə ki, onun qapısının sol yuxarı küncündə qoyulmuş sal daş üzərinə ağac altında dayanmış qadın və yanında at şəkli işlənmişdir. Qapının sağ tərəfindəki sal daş üzərində isə yarıpozulmuş vəziyyətdə, əski əlifba ilə iki sətirdən ibarət kitabə var. Kitabədə "Allahın Rəsulu Məhəmmədə salam. 1042.. Əvəzəli bin Əlimərdan.." sözləri yazılmışdır. Mülahizələrə görə, Əvəzəli türbəni tikən ustanın adıdır. Hicri tarixi ilə 1042 rəqəmi isə türbənin tikildiyi tarixi nişan verir. Həmin tarixi miladi təqvimə çevirdikdə isə, bu, 1632-33-cü illərə uyğun gəlir. Ehtimal olunur ki, türbəni bərpa edən usta onun əvvəlki tikilmə tarixini göstərən kitabəli daşın yazılarına toxunmadan yenidən onu divara qoymuşdur. Giriş qapısının bütün tərəflərində kitabə yazılmış daşın başqa divar daşlarından kəskin surətdə fərqlənməsi bunu bir daha təsdiq edir. Bununla, tarixi dəlillərə əsasən, Şeyx İbrahim türbəsinin əsrimizin əvvəllərində bərpa olunmadığını, onun əvvəlki bünövrəsi üzərində yenidən səkkizbucaqlı şəkildə tikildiyini söyləmək mümkündür.

Bu türbənin gövdəsi daşdan tikilsə də, onun günbəzi bişmiş kərpiclə hörülmüşdür. Amma əsrin əvvəllərində təbii və süni dağıntılara məruz qalan günbəzin mərkəzi uçub tökülmüşdür. Sonrakı tarixlərdə yerli sakinlərin köməyilə türbənin yarıuçuq günbəzinə toxunmadan onun üst hissəsini yenidən dəmir-beton günbəzlə örtmüşlər. Amma bu örtük də təbii suları saxlamadığından, onu da bayır tərəfdən paslanmayan ağ rəngli əlvan metal təbəqə ilə üzləmişlər. Metal təbəqə təbii suları türbənin mərkəzinə buraxmasa da, abidəni tamamilə müasirləşdirərək onun memarlığına və əvvəlki görünüşünə xələl gətirir. Belə metal təbəqələrdən Füzuli şəhərindəki Hacı Ələkbər məscidinin və Horadiz kəndindəki Cümə məscidinin dam örtüyündə də istifadə olunmuşdur.

Azərbaycandakı bənzər qəbirüstü abidələrdən fərqli olaraq, burada Şeyxin məzarı türbənin mərkəzində, döşəmədən 80 sm. hündürlüyə malikdir. Qəbirlərin türbə daxilində bu formada yerləşdirilmə həllinə həmin bölgəyə məxsus Horadiz kəndi yaxınlığındakı İmamzadə abidəsində də rast gəlinir. Xatırladaq ki, bu bölgənin orta əsrlərə aid (Babı kəndindəki Şeyx Babı türbəsi, Aşağı Veysəlli kəndindəki Mir Əli və Əhmədallar türbəsi və s.) türbələri isə əksinə, ikimərtəbəli olmuş, məzarlar isə onun yeraltı hissəsindədir. Şeyx İbrahim türbəsinə daxil olarkən məzarın aşağı tərəfində üstü ərəb qrafikası ilə yazılar olan bir sal daş parçası diqqəti cəlb edir. Həmin daşın yazılarını M.Nemətova belə oxumuşdur: "Bissimillah İrrəhman İrrəHim - 1302 - Hüseyni Kərkəzi. Məhəmməd, Fatimə, Əli, Həsən, Hüseyn-əl Müzəffər-Bəy ibn Şərif bəy".

Oxunan yazılardan göründüyü kimi, burada Şeyx İbrahimi yada salacaq heç nəyə rast gəlmirik. Şübhəsiz ki, yazıların bir qismi hansı səbəbdənsə sındırılmış daşın digər parçası üzərində qalmışdır. 1302 rəqəmini isə Şeyxin ölüm tarixi kimi qəbul etmək mümkün deyil. Çünki bu miladi tarixi ilə 1884-85-ci illərə uyğun gəlir. Həmin tarixlə türbə üzərindəki 1632-1633-cü il tarixlərini müqayisə etdikdə belə çıxır ki, Şeyx İbrahim ölümündən təxminən 252 il əvvəl özünə türbə tikdirmişdir. Buradakı yaşlı yerli sakinlərin dediyinə görə, sovet hökuməti gələndən sonra türbə ilə birlikdə Şeyxin məzarını da dağıtmışlar. Buna əsasən, demək olar ki, həmin yazılı daş parçası sonradan qəbrin bərpası zamanı izi itmiş qəbirlərdən birinindir və səhv olaraq bura qoyulmuşdur. Həmin daşın qəbrin aşağı tərəfində əksinə - başıaşağı vəziyyətdə qoyulması da bu fikri bir daha təsdiq edir.

Arğalı türbəsi və Şeyx Babı türbəsi

Rayonun belə tarixi abidələrindən biri də Əhmədalılar kəndi yaxınlığında yerləşən Arğalı türbəsidir. Memarlıq və konstruksiya baxımından bu türbə rayondakı Şeyx Babı türbəsi ilə bir oxşarlıq təşkil edir. Sadəcə, Şeyx Babı türbəsindən fərqli olaraq, Arğalı türbəsi əkin üçün yararlı olan düzən sahədədir. Babı türbəsində olduğu kimi, Əhmədalılar türbəsinin də planı səkkizbucaqlı həll olunduğundan, onun həm gövdəsi, həm də günbəzi eyni sayda tillərə malikdir. Buna baxmayaraq, memarlıq və konstruksiya cəhətdən Əhmədalılar türbəsini Babı türməsindən fərqləndirən bəzi cəhətlər də var. Məsələn, Babı türbəsinin günbəzi birqat olduğu halda, Əhmədalılar türbəsinin günbəzi iki qatlı hörülüb, ara məsafəsi daş və əhəng qarışıqlı məhlulla doldurulub. Bundan başqa, türbənin şimal tərəfində qoyulmuş qapı ilə üzbəüz mehrab əvəzinə ikinci qapı qoyulub. Hər iki qapının çərçivələri həndəsi naxışlarla bəzədilib.

Ən böyük fərq isə odur ki, Babı türbəsindən fərqli olaraq Əhmədalılar türbəsi üzərində heç bir kitabəyə rast gəlinmir.  Bu səbəbdən də el arasında "Arğalı türbəsi" kimi də tanınan Əhmədalılar türbəsinin memarlıq və konstruksiya həllini əsas götürən bəzi tədqiqatçılar onun tikilmə tarixini XIII əsrə aid edirlər.

Hər iki türbə üzərində aparılmış müqayisəli elmi təhlil onu göstərir ki, Əhmədalılar türbəsini tikməzdən əvvəl Babı türbəsinin çertyoj cizgiləri və divar daşlarının ülgüləri çəkilmiş, sonra həmin çertyoja cüzi əlavələr və dəyişikliklər edilməklə Əhmədalılar türbəsi inşa olunmuşdur. Təbii, bu hadisə Babı türbəsinin tikilməsindən bir yox, bir neçə əsr sonralar da ola bilər. Ona görə də, Əhmədalılar türbəsini konkret olaraq XIII əsrə aid etmək də müəyyən şübhələr doğurur.

Türbədə kimin dəfn olunduğu, hansı əsrdə yaşaması və türbənin nə üçün məhz bu yerdə inşa olunması isə araşdırma mövzusudur.

Bəhs edilən Şeyx Babı türbəsi rayonun Babı kəndində yerləşir. Bu türbədə Şeyx Babı Yaqubi dəfn olunub. Alimlərin təsdiqlədiyinə görə, türbə 1273-1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Səkkiz guşəli abidə ağ daşdan hörülüb, üstü səkkiz guşəli çatma günbəzlə örtülüb. Türbə kompleksindən 1 türbə və zədələnmiş bir minarə qalıb. Şeyx Babı türbəsinin xarici səth bölgülərində Möminə Xatun türbəsinin təsiri görünür.

Sofu Həsən türbəsi və Şıxbabalı türbəsi

Yuxarı Kürdmahmudlu kəndində yerləşən Sofu Həsən türbəsi də rayonun maraqlı abidələrindəndir. Ancaq yeraltı sərdabəsi salamat qalmış bu türbə kəndarası yolun kənarındakı boş sahədədir. Sərdabə daxilini yeraltı suların lil çöküntüləri doldurduğundan, döşəmə səviyyəsi xeyli yuxarı qalxmış və sadəcə əli yuxarı qaldırmaqla tavana sərbəst toxunmaq olur. Ona görə də, burada tədqiqat işləri apararkən yalnız onun üfüqi ölçülərini izləmək mümkün olub. Abidə üzərində heç bir kitabəyə rast gəlinməyib. Ona görə də, onun hansı tarixdə inşa olunması barədə konkret fikir söyləmək çətindir.

Abidənin bütövlükdə "epoxa" adlı kərpiclə inşa olunması onu həmin rayonun Qarğabazar kənd məzarlığındakı Cəlil türbəsi ilə əlaqələndirməyə imkan yaradır. O türbə də eynilə bu tip kərpiclə tikilmişdir. Bununla yanaşı, hər iki türbənin divarlarına düzülmüş kərpic düzümündə və bu düzümlərlə salınmış naxışlarda da bir oxşarlıq var. Alimlərin mülahizələrinə görə, hər iki abidədə bir memarın dəst-xətti sezilir. Bu memar XIX yüzilliyin ortalarında Qarabağda yaşayıb-yaratmış və adı yalnız Cəlil türbəsi üzərində qalmış İbrahim Xəlildir. Çox güman ki, Cəlil türbəsində olduğu kimi, Kürdmahmudlu türbəsində də öz dövrünün nüfuzlu şəxslərindən biri dəfn edilmişdir.

Rayonun Şıxbabalı kəndində qeydə alınan Şıxbabalı türbəsi də yaranma tarixi etibarilə ən qədim binalardan biri hesab oluna bilər. Abidənin üzərindəki kitabədən onun 1272-ci ildə tikildiyi aydınlaşır. Bu türbə səkkizbucaqlı, yuxarısı çatmatağ şəkilli günbəzlə örtülmüş abidədir. Türbənin yeraltı sərdabə hissəsi də var. Türbənin günbəzinin quruluşu xüsusilə maraqlıdır. Azərbaycan türbələrində günbəzlər ikiqat olduğu halda, Şıxbabalı günbəzi bir qatdır və özü də yalnız bir sıra daşdan düzülmüşdür. Nəticədə də Şıxbabalı türbəsinin günbəzi olduqca yüngül, adətən müasir konstruksiyaları xatırladan şəkildədir.

O da maraqlıdır ki, ikiqatlı və çox sadə şəkildə qurulmuş bir çox türbələrin günbəzləri bizim dövrümüzə qədər tamamilə dağıldığı halda, Şıxbabalı türbəsinin bu yüngül quruluşlu günbəzi dövrümüzə qədər öz quruluşunu mühafizə edə bilmişdir. Türbənin xarici səthlərində memarlıq bölgüləri tətbiq edilmişdir.

Onun bu forma xüsusiyyətlərinə ancaq Möminə Xatun türbəsinin xüsusiyyətlərində rast gəlinir. Şıxbabalı türbəsinin xarici görünüşündə kərpic memarlığının təsiri görünür. Türbənin oturacaq hissəsindəki bəzi daşların hörgüdə yerləşdirilməsi kərpicdə quraşdırılan naxışlı hörgünü xatırladır.

"Azadlıq" qəzeti
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.