Mədəniyyət

Azərbaycanlı kurator Züleyxa İbad Berlin Elm Həftəsində beynəlxalq incəsənət və elm proqramını təqdim edəcək

6 Noyabr 2025 14:50
Baxış: 258
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanlı kurator, I-opener e.V. təşkilatının sədr müavini və baş kuratoru Züleyxa İbad Berlin Elm Həftəsi çərçivəsində beynəlxalq incəsənət və elm proqramını təqdim edəcək.

"Beyond Now: How to Think Like a Forest When You've Been Raised by Screens" ("İndidən Sonra: Ekranlar arasında böyümüş biri kimi meşə kimi düşünmək") adlı bu proqram elm, incəsənət və ekoloji təxəyyülün birləşdiyi iki hissəli layihədir. Layihə Berlin mərkəzli I-opener e.V. təşkilatı tərəfindən hazırlanıb.

Proqramın ilk hissəsi - 8-9 noyabr 2025-ci il tarixlərində Mahalla Berlin məkanında keçiriləcək sərgidə ekologiyanın dağılmasını qəfil fəlakət deyil, davam edən mədəni və idrak transformasiyası kimi araşdıran iki sənətçinin instalyasiyaları təqdim olunacaq.
Sərgidə fransız sənətçi Vinsent Jondo (Vincent Jondeau) özünün "Verschwinden" adlı instalyasiyasında 19-cu əsr botanika illüstrasiyalarını nəsli kəsilməkdə olan bitkilərin fotoşəkilləri ilə birləşdirir. Fransız sənətçi Benjamin Klaux isə "Apocalypse Now?" adlı işində meteorit mikroskop görüntülərini, rəqəmsal video və tekstil elementlərini ekoloji narahatlıqlar və kosmik mifologiya ilə bir araya gətirir.

Layihənin ikinci hissəsi 8 noyabr 2025-ci il, saat 15:00-21:00-da AirBerlin Alexanderplatz Project Space məkanında baş tutacaq panel müzakirəsi və seminar olacaq. Burada ekoloji zaman, məsuliyyət və incəsənətlə elmin əməkdaşlığı kimi mövzular müzakirə ediləcək.

Spikerlər arasında Oliver Juan (I-opener e.V.), Alla Leresteux (A Hidden Variable, Berlin), Enrique Torres (Künstlerische Tatsachen, Yena) və sənətçi Vinsent Jondo yer alır. Müzakirələrə Züleyxa İbad moderatorluq edəcək.

Bu layihə, I-opener e.V. təşkilatının incəsənət və elmi birləşdirərək ekoloji məsələlərə emosional və fəlsəfi yanaşma gətirən uzunmüddətli fəaliyyətinin davamıdır. Layihə daha əvvəl Avropa mədəniyyət institutlarında və Honolulu 4S Konfransı kimi beynəlxalq platformalarda təqdim olunub.

Berlin Elm Həftəsi Avropanın ən böyük elmi festivallarından biri sayılır. Hər il 200-dən çox tədbir çərçivəsində tədqiqatçıları, sənətçiləri və mədəniyyət təşkilatlarını bir araya gətirən festivalın 2025-ci il buraxılışı "İndidən Sonra (Beyond Now)" mövzusu altında keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.