Mədəniyyət

Heç bir rejissorun kəşf edə bilmədiyi aktyor: Onun başına hansı xasiyyəti bəla olub? - FOTOlar

9 Fevral 2024 21:20
Baxış: 1 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, elə bir aktyor idi ki, onu kəşf edə bilmədilər. Heç bir rejissor bunu bacarmadı. Bəlkə də istəmədilər... Adı belə kifayət edir ki, üzdə gülüş, gözlərdə təbəssüm yaransın. Dünya şöhrətli İtalyan aktyor Adriano Çelentanoya bənzədiyi üçün "Azərbaycanın Çelentanosu" adlandırılan əməkdar artist Ələsgər Məmmədoğlunu deyirik.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu gün mərhum aktyorun doğum günüdür.

Çox nadir aktyorlar olur ki, kiçik həcmli epizodlarla böyük ürəklərə yol tapa bilir. Ələsgər Məmmədoğlu məhz belə aktyorlardan biri idi. Öz imzası, öz yolu, öz ruhu, öz dəsti-xətti olan, bütün bunlara rəğmən həmişə ikinci planda qalan çox istedadlı sənətkar. Ələsgər heç kimə bənzəmirdi. Həyatda da, elə sənətdə də özü idi.

Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində dünyaya gəlib. Onun atası əslən İrandan olub. O, Azərbaycanda ailə həyatı qurduqdan sonra İrana qayıtmayıb. Ailələrində Ələsgərdən başqa heç kim incəsənətlə məşğul olmayıb. Ailədə 4 bacı, 2 qardaş olublar. 12 yaşında atasını itirən aktyorun uşaqlıq illəri "Kubinka"da keçib. Atasının ölümündən sonra ailənin bütün yükü onun çiyinlərinə düşüb. 16 yaşından işləməyə başlayıb. Alver edib, tum, dondurma satıb. Hətta gəmidə, zavodda tokar kimi də çalışıb, ailəsinə kömək edib.

Səhnə və teatrla ilk tanışlığı 15 yaşından başlayıb. İlk dəfə Akademik Milli Dram Teatrında Şekspirin "Qış nağılı"na, Cəfər Cabbarlının "Almaz"ına baxır. Hökumə xanımın, Leyla Bədirbəylinin, Möhsün Sənaninin peşəkar ifalarına necə valeh olursa, elə həmin gün aktyor olacağına qərar verir. Anası onun aktyor olmasına razı olmasa da, Ələsgər fikrindən dönmür.

Sənədlərini İncəsənət institutuna verir, gündüz Musiqili Komediya Teatrında fəhlə, gecə isə Tədris Teatrında mühafizəçi kimi işləyir. Kütləvi səhnələrə çəkilir. 1975-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirir. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında, 6 aydan sonra isə Tədris Teatrında işləməyə başlayıb.1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və bu səhnə ocağında 50-yə yaxın obrazı ilə yaddaşlarda qalmağı bacarıb.

Ələsgər Məmmədoğlu "Evləri köndələn yar","Yaşıl eynəkli adam", "Mehmanxana sahibəsi", "Topal Teymur" , "Qatarda" kimi bir çox teletamaşalarda fərqli rollar canlandırıb. "Mozalan" satirik kino-jurnalının 20-yə yaxın süjetinə çəkilən Ələsgər Məmmədoğlu, "Ömrun səhifələri", "Xoşbəxtlik qayğıları", "Bəyin oğurlanması", "Tehran-43", "Qərib cinlər diyarında", "Yol əhvalatı", Alma almaya bənzər" və bu kimi 50-yə yaxın filmdə epizodik rolları ilə bu günə kimi sevilərək izlənilir. "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bir aktyor kimi onun kinoda vizit kartına çevrilir. 2002-ci ildə Ələsgər Məmmədoğlu Əməkdar artisti fəxri adına layiq görülüb.

Aktyor ona uzaq qohumluğu çatan Nazilə adlı xanımla ailə həyatı qurur. Onların bir oğlu, bir qızı dünyaya gəlir. Ailəsinə və uşaqlarına çox bağlı biri olub. Ailəsinə həddindən artıq diqqət yetirən insan idi. Övladlarına kənardan nəzarət etməyi hər zaman bacarıb.

Kiçik epizodlarla o qədər yaddaşlarda qalıb ki, məhz buna görə bir çox baş rol ifaçılarını kölgədə qoyub hər zaman. Hər bir obrazına ürəklə yanaşardı. Ələsgər Məmmədoğlu istər kinoda, istərsə də teatrda heç vaxt baş rol oynamayıb. Həmişə kiçik rolların ifaçısı olub. İkinci, bəzən üçüncü dərəcəli obrazlar canlandırıb yaddaşlarda qalmaq, sevilmək hər aktyorun işi deyil. Bu baxımdan Ələsgər Məmmədoğlunun bəxti həmişə gətirib.

İstedadı öz yerində, sənətdə şansı gətirməyib aktyorun. Ələsgər Məmmədoğlu heç vaxt baş rol oynamaq üçün mübarizə aparmayıb, heç bir rejissora yaxınlaşıb "mən əsas rol istəyirəm" kəlməsini deməyib. Həmişə gözləmə mövqeyində olub... Onun üçün baş və ya epizodik rolların heç bir fərqi olmayıb. Hansı rolları veriblər, onu da oynayıb. "Mən ancaq baş rolda oynayacağam" deyə iddiası olmayıb. Ən böyük arzusu isə Hacı Qara tamaşasında Hacı Qaranı ifa etmək idi...

Uzun müddət qaraciyər xərçəngindən əziyyət çəkən aktyor 2015-ci il, dekabrın 22-də 69 yaşında dünyasını dəyişir. Son nəfəsinə kimi ailəsi ondan xəstəliyini gizlədə bilir. Ələsgər Məmmədoğlu "Qurd qapısı" qəbiristanlığında anasının yanında dəfn olunr.

Təbiətən çox sakit, mülayim insan idi. Həmişə ikinci planda qalan aktyorun baxışlarında qəribə bir kədər olardı hər zaman... Aktyor özü haqqında həmişə belə deyib: mənim utancaqlığım başıma bəla oldu. Heç nə edə bilmədim, abır-həya güddüm. Kaş ki, belə olmayaydı...

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.