Mədəniyyət

"YARAT!" təşkilatı Bakıda tanınmış rəssam Altay Sadıqzadənin sərgisini açıb - YENİLƏNİB - FOTO

10 Mart 2012 09:13
Baxış: 2 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
10.03.2012
09:13

Martın 9-da Dənizkənarı Milli Parkda müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində tanınmış rəssam Altay Sadıqzadənin "Xəzri" heykəltəraşlıq nümunəsi təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, Altay Sadıqzadənin əsərləri artıq çoxdan təkcə ölkəmizdə deyil, həm də xaricdə yüksək qiymətləndirilir. Rəssam 1951-ci ildə Bakıda görkəmli fırça ustaları Oqtay Sadıqzadə və Elmira Şaxtaxtinskayanın ailəsində dünyaya döz açmışdır. O, Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirdikdən sonra Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunda təhsil almışdır.

Altay Sadıqzadə Bakıda fəaliyyət göstərən Müasir İncəsənət Muzeyinin dizayn müəllifidir. Ötən ilin sonlarında Müasir İncəsənət Mərkəzində tanınmış rəssamın yeni sərgisi açılmışdır. "22 hx" adlı sərgi müəllifin orijinal ifadə tərzi ilə diqqəti cəlb etmişdir. Müasir İncəsənət Muzeyinin 4 zalında təqdim olunan "22 hx" sərgisi öz orijinal adı və ifadə tərzi ilə diqqəti cəlb etmişdir. Abstrakt fikirdən bəhrələnərək yaradılan sənət nümunələrinin cəm olunduğu sərgidə müəllifin yağlı boya ilə çəkilmiş əsərləri, rəngkarlıq və qrafika janrında, eləcə də bir heykəltəraş kimi yaratdığı əsərlər nümayiş olunmuşdur.
Rəssam 2011-ci ildə İtaliyada keçirilmiş Ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesində ölkəmizi təmsil etmişdir.

Onun işləri Azərbaycan Rəssamlıq Akademiyasında, Mədəniyyət və Turizm Nazirliyində, Rusiya Rəssamlar İttifaqında, Rusiya Mədəniyyət Nazirliyində, Rusiya İncəsənət Fondunda, respublikamızda və xarici ölkələrdə fərdi kolleksiyalarda saxlanılır. Rəssamın qrafikanın başqa formalarına, teatr dekorasiyasına, dizayna müraciət etməsinə baxmayaraq, o, əsasən rəsm əsəri yaradır.

Tanınmış rəssamın "Xəzri" heykəltəraşlıq nümunəsi də öz orijinallığı ilə diqqəti cəlb edir.
"Xəzri", səliqəsiz şəkildə cırılmış, sanki kağızı xatırladan, mücərrəd heykəltəraşlıq nümunəsidir. Elə təsəvvür yaranır ki, bu kütlə kiminsə əli və ya hər hansı digər əşya, mexanizm ilə deyil, izahı çətin olan vasitə ilə cırılmışdır. Doğurdan da biz bu əsərin adına müraciət etsək, öyrənərik ki, bu "Xəzri" - Abşeronda əsasən yayda əsən soyuq və tozlu şimal küləyinin deyil, həmin küləyin özünəməxsus rəmzi kimi görünür. Axı, bu əsərin dinamik, əsəbi sürətdə dağınıq forması bilavasitə külək təsirinin, hava burulğanının bu formaya toxunmasının nəticəsidir. Bu heykəlin formaları sanki hava axınlarının hərəkətini əks etdirir və özləri də küləyin konfiqurasiyasının dinamik və vizual əkslərinə çevrilir. Beləliklə, rəssam həddindən artıq çətin məsələni həll etməyi bacarmışdır. O, heykəltəraşlıq kimi ağır incəsənət növü formatında külək kimi yüngül və görünməz substansiyanı əks etdirmişdir. Bakının və Abşeronun həmişə küləklərlə assosiasiya edildiyini nəzərə alsaq - "Bakı" adının izahlarından biri "küləklər şəhəri"dir - bu əsər şəhər məkanı üçün kifayət qədər aktual və doğma görünür.
Əsərin forması sanki hava axınlarının hərəkətini təsvir edir.

Tanınmış rəssam Altay Sadıqzadə sərginin açılış mərasimində jurnalistlərə demişdir ki, Bakını onun küləklərindən ayrı təsəvvür etmək mümkün deyil. Bakının ən çox əsən küləkləri xəzri və gilavardır. İstəyirdim ki, bu əsərdə həm xəzri, həm də gilavar küləkləri öz əksini tapsın. Lakin vaxt məhdud olduğundan xəzri küləyinin abstrakt görünüşünü yarada bilmişəm.

"YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012 Bakı Public Art Festivalı"nı yüksək qiymətləndirən A.Sadıqzadə vurğulamışdır ki, bu layihədə iştirak edən 21 rəssamın hər biri Bakı haqqında düşüncələrinin məhsulu olan rəsmlərini paytaxtımızın müxtəlif yerlərində nümayiş etdirəcəkdir.

"YARAT müasir incəsənət məkanı" təşkilatının rəhbəri, rəssam Aida Mahmudova jurnalistlərə müsahibəsində demişdir ki, "012 Bakı Public Art Festivalı"nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirmişlər. Layihə bu gündən başlayaraq (ilk sənət işinin təqdimi) 21 həftə davam edəcəkdir. Layihə planı çərçivəsində hər cümə günü növbə ilə rəssamlar öz əsərlərini seçdikləri ərazidə yerləşdirib təqdim edəcəklər. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq tamaşaçıya hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaqdır.

Aida Mahmudova demişdir ki, "012 Bakı Public Art Festivalı"na cari ilin sentyabrında yekun vurulacaqdır.

"Xəzri" heykəltəraşlıq nümunəsinin açılış mərasimində dövlət və hökumət nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, paytaxtımızın qonaqları və sənətsevərlər iştirak etmişlər.
 
-----------------
09.03.2012
20:02

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə Bakıda Dənizkənarı Milli Parkda, "Muzey mərkəzi"nin qarşısında tanınmış rəssam Altay Sadıqzadənin sərgisi açılıb. Sərgi "012 Bakı Public Art Festival" çərçivəsində təşkil edilib.

"Bu, "012 Baku Public Art Festival" çərçivəsində təqdim olunan ilk işdir. Hamını "012 Baku Public Art Festival" çərçivəsində təşkil edilən sərgimizə dəvət edirəm. Martın 9-dan başlayaraq layihə 21 həftə müddətində davam edəcək. Layihə çərçivəsində hər cümə günü iştirakçı rəssamlardan biri müəllifə öz əsərlərini yaratmağa ilham verdiyi yerlərdə təqdim edəcək", - "YARAT!" təşkilatının təsisçisi Aida Mahmudova deyib.

Altay Sadıqzadə bakılılara və şəhərin qonaqlarına səliqəsiz şəkildə cırılmış... kağızı xatırladan mücərrəd heykəltəraşlıq nümunəsi olan "Xəzri" orijinal kompozisiyasını təqdim edib. Elə təsəvvür yaranır ki, bu kütlə kiminsə əli və ya hər hansı digər əşya, mexanizm ilə deyil, tərtib edilməsi çətin olan hansısa əşya vasitəsilə cırılıb. Doğrudan da, biz əsərin adına müraciət etsək, öyrənərik ki, bu, "Xəzri"dir - bir çox əşyalarda izini qoyan və insanlara təsir edən Abşeronda və Bakıda əsən soyuq və tozlu şimal küləyinin adıdır. Və burada bu mənada mövcud obyekt sadəcə daha bir mövzusuz heykəltəraşlıq nümunəsi kimi deyil, həmin küləyin özünəməxsus rəmzi kimi görünür. Axı bu əsərin dinamik, əsəbi surətdə pırpızlaşdırılmış forması bilavasitə küləyin, hava burulğanının bu formaya təsirinin nəticəsidir. Heykəlin formaları sanki hava axınlarının hərəkətini əks etdirir və özləri də küləyin dəyişən konfiqurasiyasının dinamik və vizual əkslərinə çevrilir. Beləliklə, rəssam həddindən artıq çətin məsələni həll etməyi bacardı - heykəltəraşlıq kimi ağır incəsənət növü formatında külək kimi yüngül və görünməz substansiyanı əks etdirdi. Bakı və Abşeronun həmişə küləklərlə assosiasiya edildiyini nəzərə alsaq - "Bakı" adının izahlarından biri "küləklər şəhəri"dir, - bu əsər şəhər məkanı üçün kifayət qədər aktual və doğma görünür.

Sərgi Dənizkənarı Milli Parkda, "Muzey mərkəzi"nin qarşısında altı ay ərzində fəaliyyət göstərəcək.

Sərgidə Azərbaycanın mədəniyyət və turizm nazir Əbülfəs Qarayev və Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva iştirak ediblər.

Tarixi məlumat

Bakını onun küləklərindən ayrı təsəvvür etmək mümkün deyil. Şəhərin öz adı "Badi Kubə"nin mənası "Küləklər şəhəri" kimi izah olunur. Bakının ən çox əsən küləkləri xəzri və gilavardır. Şimal küləyi olan xəzri qızmar yay mövsümündə sərinlik gətirir. Onun gücü 35-40 metr/saniyəyə çatır. Gilavar isə sərt qış şaxtasını yumşaldan isti cənub küləyidir. Arxiv xronikasının nadir kadrlarında tamamilə inanılmaz səhnələr həkk olunub: XX əsrin əvvəllərində, o zaman hələ az yaşıllaşdırılmış Bakıda şimal küləyinin şiddətlə əsməsi açıq məkanda olan insanları sanki yerə yıxırdı, cənub küləkləri isə şəhərdə elə toz qaldırırdı ki, gözə sıx taxılan eynəklər yaşından, mənşəyindən və sosial statusundan asılı olmayaraq şəhər sakinlərinin xarici göürünüşünün qaçılmaz ünsürünə çevrilirdi.

"012 Bakı Public Art Festival" haqqında

"012 Bakı Public Art Festival"da 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onlar şəhərdə tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirirlər və onları qədim şəhərin ictimai yerlərində sərgiləyəcəklər. Öz əsərlərini açıq şəkildə təqdim edən rəssamlar qalereyaların və muzeylərin yaratdığı məkan məhdudiyyətindən azad olmaqla özləri üçün yaradıcılıq sərbəstliyini təmin edir və geniş auditoriyanın diqqətini cəlb edəcəklər.

Aşağıda qeyd olunan iştirakçıların işləri sərgidə nümayiş olunub: Altay Sadıqzadə, Ağa Hüseynov, Fuad Salayev, Məmməd Mustafayev, Hüseyn Haqverdi, Mahmud Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Rəşad Ələkbərov, Əli Həsənov, Aida Mahmudova, Faiq Əhməd, Leyla Əliyeva, Fərid Rəsulov, Sitarə İbrahimova, Rəşad Babayev, Nail Ələkbərov, Orxan Hüseynov, Nəzrin Məmmədova, Şərqiyyə Rəhmanlı.

Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar.

Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq, tamaşaçıya sanki bu, rəssamın fərdi sərgisidir kimi hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.

"012 Bakı Public Art Festival" çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Film "012 Bakı Public Art Festival"ın sentyabrda bağlanma mərasimində göstəriləcək.

"YARAT!" qeyri-kommersiya təşkilatı haqqında

2011-ci ildə Aidə Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

"YARAT!"-ın ilk sərgisi 2011-ci ilin oktyabrında "Ön Söz" adı ilə keçirilib və bir ay ərzində 20 min tamaşaçı cəlb edib. "YARAT!" müasir incəsənət məkanının təşkil etdiyi növbəti əhəmiyyətli hadisə "012 Bakı Public Art Festival" oldu.

"YARAT!"-ın əsas məqsədlərindən biri Azərbaycanda müasir incəsənətin təbliği və peşəkar şəkildə himayə edilməsidir. "YARAT!" həmçinin təhsil təşəbbüsləri təklif etmək, yerli və xarici rəssamlar üçün beynəlxalq tədris proqramları hazırlamaq niyyətindədir.

"YARAT!"-ın qurucusu Aidə Mahmudova 14 yaşından Londonda təhsil alıb. Orada məktəbi bitirdikdən sonra məhşur Central Saint Martins İncəsənət və Dizayn Kollecində oxuyub. 16 yaşından Londonda yaşayır. Bakıda olarkən rəssamlarla və onların yaradıcı üslubu və potensialı ilə yaxından tanış olduqdan sonra Aida yaradıcılıq yolu və dialoqa ruhlandıran yeni birlik yaratmağın vacibliyi ideyasına gəlib. Rəssam Aidə Mahmudova "YARAT!" qeyri-kommersiya təşkilatının vasitəsilə elə bir özül yaratmaq istəyir ki, onun sayəsində müasir Azərbaycan rəssamları peşəkar sərgidə daha artıq inkişaf edərək, daha geniş yerli və beynəlxalq auditoriya qarşısına çıxmaq imkanı əldə etmiş olsunlar. Aida, həmçinin öz fəaliyyətində təsviri incəsənətdə Şərq və Qərb mədəniyyətlərinin sintezini də təmsil edə biləcək.

Milli.Az

------------------
10.03.2012
09:13

Böyütmək üçün şəkillərə klikləyin.







----------
01:17




Foto: Trend, AzərTAc
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.