Hadisə, Kriminal

Təqsirləndirilən şəxs: "Fərdanın gözləri qırmızı idi, valideynlərinə də nifrət edirdi"

4 May 2010 17:06
Baxış: 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Qabulov ifadəsində Cinayət Məcəlləsinin qaçaqmalçılıq və qanunsuz silah gəzdirmə  maddələri ilə özünü təqsirli bilməyərək deyib ki, onu Fərda Qədirovla Elvar adlı avtobus sürücüsü tanış edib. "Həmin vaxt mənim qardaşıma məxsus evə kirayənişin axtarırdım. Elvar da mənə dedi ki, həmin evə bir nəfər tapmışam. Mən də Fərda Qədirovla tanış oldum, avtobus sürücüsünün köməkçisi olduğum marşrutla Bakıya gəldim, qardaşıma məxsus evi ona kirayə verdim", - Qabulov bildirib.

Qabulov əvvəllər Fərda Qədirovu tanımadığını, silahın avtobusda gömrük nəzarətindən keçirildiyindən xəbəri olmadığını deyib.

O, Qədirovun davranışlarından danışaraq bildirib ki, bütün söhbətlər zamanı valideynlərindən giley edirdi, onun danışıqlarında nifrət var idi.

"Fərda aqressiv insan idi, gözləri də qırmızı idi. Mən ondan niyə valideynlərinə qarşı belə nifrətlə danışmasını soruşanda, o dedi ki, bir qızla nişanlanmaq istəyib, valideynləri isə buna qarşı çıxıblar. Buna görə də həmişə valideynlərindən narazı olub. Onun qısa zamanda varlanmasından, çoxlu pul qazanmasından və məhşurlaşmasından heç bir xəbərim olmayıb. Ondan Bakıya gəlməsinin səbəbini soruşduqda, bir qohumunun vasitəsilə Azərbaycan Dövlət Neft Şirkətində işə düzələcəyini bildirib. Təxminən ay yarım mənim evimdə qalıb, bu müddət ərzində ondan işə düzəlməməsinin səbəbini soruşduqda, qeydiyyat məsələsi ilə bağlı işinin alınmadığını bildirib. Fərda Qədirov deyib ki, marketdə işə düzələcək. Təxminən bu görüşümüzdən iki gün sonra Fərda Qədirovun ADNA-da cinayət törətməsini eşitdim", - təqsirləndirilən şəxs deyib.

Məhkəmədə digər təqsirləndirilənlər ifadə verməkdən imtina ediblər.

Proses sabah davam etdiriləcək.

Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində törədilmiş terror aktını sifariş vermiş erməni barəsində beynəlxalq axtarış elan olunub. Dövlət ittihamçısı Yusif Abdullayev bu barədə ötən prosesdə məlumat verib. O bildirib ki, cinayətin sifarişçisi, erməni Martin Qumaşyan barəsində cinayət işi ayrı icraatda aparılır və həmin şəxs İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.

2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb.

Cinayət işi üzrə həbs edilmiş Əmirov Cavidan Fərman oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma), Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü, Qabulov Ariz Zahid oğluna Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Trend

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.