Bakı Ağır Cinayətlər Məhkəməsində Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmə şahid ifadəsi ilə davam edib.
Şahid Ceyran Əliyeva hadisə baş verən gün həyat yoldaşının maşınında olduğunu bildirib:
"Həmin gün uşağı həkimə aparırdıq. Yoldaşım maşını dayanacaqda saxladı. Elə bu zaman məlum şəxs (təqsirləndirilən Maksim Əhmədovu göstərir) korsan, hara sürürsən maşını? deyə yoldaşımın üstünə qışqırdı. Yoldaşım ona zəhmət olmasa, yol verin keçək dedi. Bu məlum şəxs yoldaşımın üstünə gələndə ailəliklə maşında idik deyə, ərim bizi oradan kənarlaşdırdı. Uşaq çox qorxmuşdu. Birdən ataya nə isə edər deyib dururdu. Ürəyim dözmədi, geri qayıdanda yoldaşımı qan içində gördüm".
Təqsirləndirilən Maksim Əhmədov isə şahidə "Mən maşını qabağa vermişəmsə, niyə "korsan?" deyim? Əgər atası ilə mübahisə etmişəmsə, düşəndə niyə davam etmədim?" deyib.
Zərərçəkənin hüquqi varisləri Səfərov Rauf İdris oğlunun şahid qismində dindirilməsini məhkəmədən xahiş ediblər. Məhkəmə bunun növbəti proses zamanı müzakirə ediləcəyini bildirib.
Daha sonra növbəti məhkəmə 5 fevral saat 11:00-a təyin olunub.
Xatırladaq ki, qətl hadisəsi 2025-ci il aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək, Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, mərhum S. Əliyev Binə qəsəbəsində əmlak alqı-satqısı (makler) kimi fəaliyyət göstərib.
Milli.Az





