Ölkə

"Yoluxdurmadan bir neçə gün sonra məlum olur ki..." - Şöbə müdiri - FOTO

2 İyul 2020 17:51
Baxış: 7 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Karantin tədbirləri yumşaldılandan sonra hamıya məlumdur və hamı bunu görürdü ki, mayın sonlarından başlayaraq davamlı olaraq artım müşahidə edilirdi. İyunun 21-ə qədər yoluxanların sayı da durmadan artırdı".

Bunu Milli.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və islahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

O bildirib ki, insanlar arasında baryerin yaradılması, yəni, insandan insana ötürülmə zəncirinin qırılması bu infeksiyanın nəzarətə götürülməsinin əsas yoludur:

"Hamıya məlumdur ki, bu infeksiya insandan insana birbaşa olaraq ötürülür. Yəni, tənəffüs yollarından xaric olan virus tərkibli damlacıqlar digər insanların tənəffüs yollarına düşür. Bunun digər yoluxma yolu isə təmasdır. Bizim cəmiyyətdə koronavirus bu iki yolla yoluxur. Ona görə də insanlar arasında o baryerin yaradılması, yəni, insandan insana ötürülmə zəncirinin qırılması bu infeksiyanın nəzarətə götürülməsinin əsas yoludur. Başqa alternativ yolu yoxdur. Bu məqamda da həmişə iki növ tədbir həyata keçirilir. Ya karantin tədbiridir ki, bu, insanların toplaşmasına, bir-biri ilə sıx təmasa gəlməsinin qarşısını müəyyən dərəcədə alır. Bu da baxır karantinin sərtliyinə. İkinci yol isə odur ki, insanlar öz aralarında müvəqqəti bir baryer yaradır - maskaların taxılması və 2 metrdən az olmamaq şərti, fiziki məsafənin təmin edilməsi ilə, o cümlədən əllərin gigiyenası ilə. Amma təəssüflə qeyd etmək lazımdır ki, karantinin yumşaldılmasının əsas məqsədi iqtisadiyyatın dirçəlməsi, insanların sosial rifahının yaxşılaşdırılması olsa da, buna baxmayaraq, insanlar bütün o təlimatlara riayət etmədi. Hamımız bu qaydaları müəyyən dərəcədə pozmağa başladıq və nəticə etibarilə, yoluxma sayında artım müşahidə etdik. İnsanlar anlamalıdır ki, karantin vaxtı bu yoluxma baş vermirdi. Çünki insanlar evdə oturmuşdular. Amma karantin yığışdırılan kimi yenə də yoluxma başladı. Ona görə də, hamı çox ciddi məsuliyyət dərk etməlidir". 

Şöbə müdiri qeyd edib ki, ən azından ailə üzvlərimizi, yaxınlarımızı qorumaq üçün hamımız məsuliyyət daşımalıyıq:

"Hamımız əmin olmalıyıq ki, bir-birimizi qoruyuruq. Həm ailə üzvlərimizi, həm ətrafımızda olan insanları. Çünki bir gəminin içindəyik, hamımız bir avtomobil mühərrikinin bir hissəsiyik. Bu mühərrikin bir elementi düzgün çalışmasa, bütün sistem duracaqdır və çalışmayacaqdır. Hər birimiz bu xalqın bir nümayəndəsiyik. Əgər birimiz bu qaydalara riayət etməsək infeksiyaya yoluxmuş bir şəxs bir həftənin içində 50 və daha da çox adamı yoluxdura bilər. Həmin o 50 adam isə öz növbəsində digər 50 adamı bir həftənin içində yoluxdura bilər. Bu görün qısa zamanda nə qədər artım deməkdir. Nəzərə alsaq ki, yoluxdurmadan bir neçə gün sonra məlum olur ki, adam (6-9 gün adətən çəkir bu dioqnozun təsdiqlənməsi, simptonların yaranması-red) həmin müddət ərzində insanlar bir-birlərini yoluxdururlar və burada ən qorxulusu odur ki, cəmiyyətimizdə yaşlı insanlar az deyil, müxtəlif xroniki xəstəliyi olanlar az deyil. Son statistika da göstərir ki, ölənlərin arasında ən böyük faiz məhz yaşı 65-dən yuxarı olanlardır və xroniki xəstəlikdən əziyyət çəkənlərdir. Ona görə hamımız məsuliyyət daşımalıyıq, ən azından ailə üzvlərimizi, yaxınlarımızı qorumaq üçün. Digər tərəfdən isə biz iqtisadiyyatımızın tam iflasa uğramamasına köməklik göstərmiş olarıq. Çünki yoluxma sayı stabilləşib, azalmağa doğru getdikdə əlbəttə ki, karantin tədbirlərinin yumşaldılması, iqtisadiyyatın dirçəldilməsi və nəticə etibarilə sosial rifahın yaxşılaşması baş verə bilər". 

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.