Ölkə

Elçin Alıoğlunun təhsil resepti - ”Tələbə diplom almaq üçün nəsə ixtira etməlidir, yoxsa..."

8 Noyabr 2019 16:41
1 Şərh     Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AzEdu.az-ın qonağı tanınmış jurnalist, Milli.az saytının redaktoru Elçin Alıoğlu olub.

Elçin bəy "resept hazırlığına" ən aktual məsələlərdən biri olan qəbul imtahanları haqqında fikirlərlə başlayır:

"Qəbul imtahanlarının formatının dəyişməsi cəmiyyətin inkişafına, tənəzzülünə və tərəqqisinə təsir etmir. Bu düşüncənin özü bir az romantizm qoxuludur.

Qəbul imtahanlarında format olduğu kimi qalır, forma dəyişir. Məzmun deyil, üslub dəyişir.

İnkişaf edən dövlətlərdə müxtəlif qəbul imtahanları sistemləri var. Britaniyada "bilik" dedikdə adətən məlumat toplusu nəzərdə tutulur. Yaponiyada isə bilik və informativ yük  məzmun şəklində qəbul edilir. Ona görə də Yaponiya və Cənubi Şərqi Asiya ölkələrində tədris və təlim həddindən artıq olduğu üçün oralarda "depressiv təlim" termini  işlədilir.

Azərbaycana gəldikdə isə Çörçil təbirincə desək, hələlik əlimizdə olan, lakin mükəmməl olmayan yeganə işlək variant testdir.

Aydın məsələdir ki,  təhsil pullu və pulsuz olmaqla iki yerə ayrılır. Təəssüf ki, üstünlük təşkil edən pullu təhsilin keyfiyyəti əksər hallarda onun metodologiyasına uyğun gəlmir.

İmtahan formasının  dəyişməsinin  Azərbaycanın inkişafına , gələcəyinə ciddi təsir edəcəyini  düşünmürəm. Test imtahanı  zahirən mürəkkəbləşdirilsə də, mahiyyət etibarı ilə daha da asanlaşdı".

Test imtahanından danışmışkən qeyd edək ki, bu il heç bir abituriyent 700 ballıq maksimal nəticəni göstərə bilmədi.

Elçin Alıoğlu 700 bal toplamağın həqiqətən də, savad göstəricisi olub-olmaması haqqında  da maraqlı mülahizələr yürüdür:

"Mən 700 balı heç vaxt bilik göstəricisi hesab etmirəm. Fizikadan maksimum nəticəni göstərən adam sadəcə, bu sahə ilə əlaqədar səthi biliklər əldə edir və informativ yüklü məlumatlar toplayır.

700 bal məsələsinin tam şəkildə əleyhinəyəm: övladlarımızı depressiyaya salan, onlarda gərginlik yaradan, özünəinamsızlıq formalaşdıran  məsələlərdən biri də elə budur.

Əksinə, 700 bal toplayanların azalması məni sevindirir; demək, gənclər artıq  öyrənməyə meyillənirlər. Əzbərçilik bəşər tarixində heç bir ölkəni irəliyə apara bilməyib. Deyilənləri yaxşı yadda saxlamaq bilikli olmaq deyil. Deyilənlərdən xəbərdar olaraq deyilməyənləri  araşdırmaq və onu deyilən etmək lazımdır".

Günümüzdə bir çox gənclər xarici ölkələrdə təhsil almağa can atırlar. Müsahibimiz xaricdə təhsil istiqamətindəki  boşluqlar və onların  aradan qaldırılma yollarından da danışır:  

"Əsas problem ölkədə fəaliyyət göstərən universitetlərin müəyyən standartlarının hələ də yetərli səviyyədə olmamasıdır. Ali  təhsil müəssisələrinin bəzilərində 1960-70-ci illərin  vəsaitləri ilə dərslər keçirilir. Kompüter elmləri və informasiya texnologiyalarında vəsaitlər hər ay yenilənməlidir.

Bəzi gənclər orta məktəb şəhadətnaməsi ilə qəbul həyata keçirilən xarici  universitet və digər təhsil müəssisələrinə üz tuturlar. Deməzdim ki, xaricə oxumağa gedən uşaqların çoxu varlı ailələrin övladlarıdırlar. Onların əksəriyyəti təhsil ala bilmək üçün bandan kredit, kimdənsə borc  götürürlər.

Keyfiyyətli təhsil keyfiyyətli həyat deməkdir. Britaniyada  müəyyən kolleclər var ki, oranın diplomu  karyerada böyük qapılar açır. İşəgötürən də bilir ki, bu kolleci bitirən adam  savadsız ola bilməz. Xarici kolleclər yaxşı səviyyədə təhsil verir. Fransa və İtaliyada da belə yerlər var. Mən çox istəyərdim ki, bizim gənclərimiz Notherdam, Harvard və bu kimi xarici universitetlərə üz tutsunlar. Həmin universitetlərin diplomları  gələcək həyatın təminatçısıdır. Ona görə də Amerika və Britaniya ailələri həmişə çalışırlar ki, övladları yaxşı təhsil alsınlar. Azərbaycanda ali təhsilin metodologiya və sistemini yeniləməliyik. Geniş islahatlar aparılmalıdır. Müəllimlər dərs deməyi yox, elm öyrətməyi bacarmalıdırlar. Xüsusən də, texniki fənlərdə  təcrübə sınaqlarına geniş yer verilməlidir.

Çin Politexnik Universitetində tələbə  diplom almaq üçün  mütləq şəkildə nəsə ixtira etməlidir. Əks halda, ona diplom verilmir. Əgər tələbə mühəndisdirsə və ixtirası yoxdursa, o, mühəndis sayılmır. Tələbələr fundamental və tətbiqi elm arasındakı körpünü bu qədər uzun etməməlidir".

Son zamanlar ölkəmizdə peşə təhsilinin inkişafına diqqət ayrılır. Bu sahədə xarici təcrübədən geniş istifadə olunur. Lakin cəmiyyətimizdə bir çox insanlar peşə təhsilinə dırnaqarası yanaşırlar.

Elçin Alıoğlu peşə təhsilinin hazırkı vəziyyətini şərh edir:

"Peşə təhsili xaricdə "texniki təhsil" adlanır və ən nüfuzlu istiqamətlərdən sayılır. Texniki peşəyə sahiblənəndən sonra Kanadaya mühacirət etmək istəsəniz, bu, çox asanlıqla baş tutacaq.

Filosof, filoloq və nəzəriyyəçilər çox, aralarında gerçək alimlər isə azdır. Azərbaycanda neft sektoru inkişaf edir, işinin peşəkarı olan adamlara ehtiyacımız var. Təhsil Nazirliyinin bu sahədəki islahatlarını sadəcə təqdir edirəm".

Bir az da elm və AMEA haqqında...

"İnsanların çoxu xarici ölkələrdə fəaliyyət göstərən alimlərimizi tanımırlar. Milli Elmlər Akademiyası heç bir halda elmin inkişafına təkan verməyib və  verə də bilməz. AMEA  elmin fundamental istiqamətlərini müəyyənləşdirir. Tanınan alimləri öz sıralarına seçib,  fundamental elmin inkişafına dəstək verir. AMEA-da hazırda rəhbərlik dəyişib. Əminəm ki, orada ciddi islahatlar aparılacaq.

Elmin inkişafı üçün KİV-lərin, və cəmiyyətin qarşısına çox böyük vəzifə düşür. Bir  ölkədəki  alimin maaşı  müğənninin gəlirindən azdır, orada elmin inkişafından söhbət belə gedə bilməz. Çünki alim yalnız elmlə məşğul olmalıdır. O, fikirləşməməlidir ki, sabah uşağına  çəkməni hansı pulla alıb, kommunal xərclərini necə ödəyəcək. Belə olduqda, alimin beyni başqa işlərlə məşğul olur. Fundamental elmin formalaşması üçün minimum 50 il vaxt lazımdır. Bu müddətdən tez biz heç nəyi gözləməməliyik. Çünki hər bir şeyin yaranma və təşəkkül tapma tarixi var. Biz bu gündən başlasaq, 30-40 il sonra  nəticə əldə edəcəyik. Eyni addımları Honkonq, Malayziya, Sinqapur atıb. Onlar 1946-1948-ci illərdə başlatdıqları elmi inkişafın nəticəsini 80-ci illərdə görüblər. Nəticədə Cənubi-Şərqi Asiyada  pələnglər adlı dövlətlər yarandı. Ona görə də hazırda Cənubi Koreyanın  gəlirlərinin əksər hissəsini  Samsunq şirkəti ödəyir. Fundamental elmin inkişafının 90 faizini ixtiraların praktiki  tətbiqə yönəltmək vasitəsi ilə hayata keçirmək mümkündür".

Əgər Elçin Alıoğluna xarici universitetdən təklif gəlsə, jurnalist onu belə qiymətləndirəcək:

"Bu suala rəsmi və qeyri-rəsmi şəkildə cavab vermək istəyirəm. Rəsmi cavabım odur ki, böyük məmnuniyyətlə ABŞ və Kanada universitetlərindən gələn  dəvəti qəbul edərdim. Qeyri-rəsmi cavaba gəldikdə  isə mən hazırda 14 universitetdə mühazirələr oxuyuram. Yəni, mən bunu illərdir ki, edirəm.

Sosiologiya, fəlsəfə, tarix və kvant mexanizmi kimi predmetləri tədris etmək istəyirəm".

"Resept" üçün əlavə təkliflər

"Çağdaş Azərbaycan təhsilində hansı beynəlxalq  modellərin tətbiqinin müsbət nəticələr verəcəyini isə jurnalist belə şərh edir:

"Laboratoriya və seminarlara daha çox diqqət ayrılmalıdır. Ali təhsil müəssisələrinin maddi-texniki təchizatı gücləndirilməlidir. Tələbələrdə ixtiraçılıq, azad axtarış   meyilləri inkişaf etməlidir. Şəhərdən kənarda  kampuslar tikilməlidir. Universitetlərin hamısı istisnasız olaraq şəhərdən  çıxarılmalıdır. Görmüşük ki, universitet bir binadan ibarət olur. Əslində bu belə deyil. Vyana Universitetinin  sadəcə Hüquq Fakültəsinin binası bizim  universitetlərdən  böyükdür. Universitetlər şəhərcik formasında olmalıdır. Tələbənin mikro dünyası olmalıdır. Onlar axtarışla məşğul olmalıdılar. Fundamental elm sahələrində inkişaf olmalı və fəlsəfə, ədəbiyyat sahələrində axtarış aparılmalıdır. Axtarış olmayan yerdə inkişaf da ola bilməz".

Çağdaş Azərbaycan təhsilini isə jurnalist bir cümlə ilə belə ifadə edir:

"Yaxşı olmalıdır..."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.