Ölkə

Vətəndaşların sosial rifahı Prezident İlham Əliyevin diqqətindədir

30 Yanvar 2018 11:23
Baxış: 2 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının 4-cü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı sosial-iqtisadi problemlərin həlli və bu sahədə yeni layihələrin icrası ilə bağlı bir sıra mühüm məsələlərə toxunub.

Dövlət başçısı həmişə olduğu kimi, ölkədə əhalinin məşğulluğu ilə bağlı ciddi layihələr həyata keçiriləcəyini açıqlayıb. O qeyd edib ki, ölkədə özünüməşğulluq proqramı daha böyük həcmdə icra ediləcək: "Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək".

Prezident, eyni zamanda, "Ailə Biznesinə Asan Dəstək" (ABAD) layihəsinin sürətli inkişaf edəcəyini bildirib və sahibkarları bu sahəyə diqqət göstərməyə çağırıb: "ABAD"la bağlı bildirməliyəm ki, dövlət, əlbəttə ki, öz üzərinə bu funksiyanı götürüb. Amma hesab edirəm ki, böyük biznes şirkətləri bu sahədə daha fəal olmalıdırlar. Mən həm dövlət, həm özəl şirkətlərə müraciət edərək onları bu işlərə dəvət etmək istəyirəm. Ümumiyyətlə, mən biznesin sosial məsuliyyəti məsələləri ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm".

Yeri gəlmişkən, İlham Əliyev ölkədə sahibkarlığa yaradılan şəraitdən danışaraq dövlətin iş adamlarına həm siyasi, həm də maliyyə dəstəyi göstərdiyini, onlara 2 milyard manatdan çox güzəştli kreditlər verildiyini bildirərək, bunun qarşılığında onlardan sosial məsuliyyət tələb edib: "Fermerlərə bu qədər güzəştlər edilir, yanacaq, gübrə, subsidiyalar, texnika dövlət tərəfindən verilir. Fermerlər vergilərdən azaddırlar, təkcə torpaq vergisindən başqa. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, islahatların aparılması istiqamətində bu qədər işlər görülür və beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bunun müqabilində iri biznes qurumları gərək öz sosial məsuliyyətini dərk etsinlər. Sosial məsuliyyət təkcə hansısa xeyriyyəçiliklə məşğul olmaq deyil. Sosial məsuliyyət, eyni zamanda, kiçik biznesə, ailə biznesinə dəstək göstərməkdir. Ona görə mən Prezident Administrasiyasına, müvafiq nazirliklərə, İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, digər aidiyyəti qurumlara tapşırıram ki, bu məsələ ilə bağlı təkliflər hazırlasınlar. Bəlkə böyük biznes şirkətləri ilə bir görüş keçirsinlər və onları ailə biznesinə dəstək üçün bu proqrama cəlb etsinlər. Bu, ədalətli olar. Böyük şirkətlər, xüsusilə dövlətdən, dövlət siyasətindən yararlanıb böyük vəsait əldə edən şirkətlər kiçik sahibkarlara dəstək verməlidir".

Turizmlə bağlı məsələlərə toxunan İ.Əliyev hesab edir ki, bu sektorun inkişafına daha çox diqqət ayrılmalı, xüsusən bölgələrdə yeni otellər tikilməlidir: "Bunu əlbəttə ki, özəl sektor etməlidir. Özəl sektor əlbəttə ki, hər şeyi yaxşı bilir. Bilir ki, haraya, nə vaxt sərmayə qoymaq olar. Ancaq rəqəmlər də kifayət qədər yaxşı mənzərə yaradır. Təkcə keçən il gələn turistlərin sayı beş minə yaxın artmışdır. Əminəm ki, bu il də artım olacaqdır. Ona görə turistlər də gözəl yollardan, aeroportlardan istifadə edirlər. İndi sürətli qatarlarımız olacaq, onlardan istifadə edəcəklər. Bölgələrə daha da çox turist gələcək. Ona görə hesab edirəm ki, bölgələrdə otellərin tikilməsi üçün yaxşı biznes imkanları var və bunu özəl sektor öz üzərinə götürməlidir".

Dövlət baçşısının fikrincə, ölkədə daha çox iqtisadi inkişafa və sosial rifaha nail olunması üçün yerli icra orqanlarını daha fəal olmalı, müstəqil şəkildə bölgələrə sərmayə cəlb etməlidirlər: "Dövlət investisiya siyasəti nəticəsində bölgələrimizdə demək olar ki, bütün infrastruktur layihələri icra edilib və icra edilir. İndi isə vaxt gəlib çatıb ki, yerli icra orqanları bu işlərdə daha da fəal çalışsınlar və sərmayəni cəlb etsinlər".

İlham Əliyev bildirib ki, hazırda bölgələrə sərmayəni daha çox qoyan məhz yerli iş adamlarıdır: "Əlbəttə, burada təbii ki, iqlim amili də var. İndi hansısa məhsulu yetişdirmək üçün müəyyən bir regionda sərmayə qoyulmalıdır. Eyni zamanda, rayonlarda yaşanan mühit, mövcud olan ab-hava, investisiya iqlimi də rol oynayır. Ona görə yerli icra orqanları bu işlərdə daha fəal olmalıdırlar. Onlar iş adamlarını cəlb etməlidirlər ki, gəlib sərmayə qoysunlar. Ancaq iş adamı sərmayə yatırmaq istəyəndə bəzi hallarda onların qabağına müəyyən şərtlər qoyurlar. Düzdür, belə hallar azalıb, amma hələ də var. Ona görə yerli icra orqanları sərmayəni cəlb etməlidirlər".

Azərbaycan prezidenti qeyd edib ki, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün kommunal məsələlərin həlli istiqamətində də işlər davam etdiriləcək. Onun sözlərinə görə, əhalinin su, qaz, elektrik enerjisi, kanalizasiya, yol, nəqliyyat problemlərinin həlli, mövcud infrastrukturun təkmilləşdirilməsi üçün tədbirlər görüləcək. 

İlham Əliyev deyib ki, bu il üç "ASAN xidmət" mərkəzi istifadəyə veriləcək və bu mərkəzlərin sayı 15-ə çatacaq. Bundan əlavə, daha beş mərkəzin tikintisinə başlanılacaq və gələn il açılışı olacaq. Beləliklə, 2019-cu ildə ölkədə fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərinin sayı 20-yə çatdırılacaq.

Dövlət başçısı əhalinin sosial mənzillərlə təminatı işlərinin də davam etdiriləcəyini açıqlayıb: "Artıq keçən il Mənzil İnşaatı Dövlət Agentliyinin - MİDA-nın ikinci layihəsinə Hövsanda start verilib. İşlər gedəcək, orada 10 min insan sosial evlərlə təmin ediləcək. Yasamal layihəsi icra edilir. Artıq bu il Yasamal layihəsinin evlərinin bir hissəsi vətəndaşlara təqdim ediləcəkdir".

Həmişə olduğu kimi, dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini də diqqətdən kənarda qoymayıb. O, qeyd edib ki, bu il məcburi köçkünlər üçün yeni evlərin tikintisi davam etdiriləcək: "Bu məsələyə çox böyük diqqət göstərilir. Bu günə qədər 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Keçən il biz Cocuq Mərcanlı kəndinin bərpasını təmin etdik. Bu, tarixi hadisədir. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik tikilib - 1170 ailəlik, Cocuq Mərcanlıda isə 150 ailəlik. Bu layihələrin xüsusi əhəmiyyəti var. Çünki bu layihələr vaxtilə işğal edilmiş və Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarda icra edilibdir".

Prezidentin sözlərinə görə, bu layihələrin icrası göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək: "Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar. Bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir. Bu məsələ ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək. Keçən il biz 12 min köçkünü yerləşdirdik. Bu il 4 min ailəyə - ən azı 20 min köçkünə yeni evlər veriləcək. Beləliklə, evlərlə, mənzillərlə, yaxşı şəraitlə təmin ediləcək köçkünlərin sayı təqribən 290 minə yaxın olacaqdır. Ancaq bu, minimum proqramdır, əgər il ərzində imkan olarsa, biz bu sayı artıracağıq".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində       

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.