Ölkə

Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb

18 Noyabr 2026 18:02
Baxış: 90
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda 2026-cı ilin əvvəlindən indiyədək yol verilmiş intizam pozuntularına görə 6 vəkil Vəkillər Kollegiyasından xaric edilib, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, cari ilin yanvar ayından indiyədək fiziki və hüquqi şəxslərdən, dövlət və qeyri-dövlət qurumlarından daxil olan müraciətlər əsasında 123 iş üzrə intizam icraatı başlanılıb. Kollegiyanın Rəyasət Heyəti tərəfindən intizam işləri üzrə ümumilikdə 102 qərar qəbul edilib.

Qərarlara əsasən, 6 vəkil Kollegiyadan xaric olunub, 11 vəkilə xəbərdarlıq edilib, 9 vəkilə töhmət verilib, 27 vəkil barəsində cərimə tətbiq olunub, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. Bundan başqa, 14 vəkilə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etmələri diqqətə çatdırılıb.

Məlumatda vurğulanıb ki, güclü, müstəqil və nüfuzlu vəkillik təsisatının mövcudluğu hüquqi dövlət quruculuğunun, qanunun aliliyinin və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin mühüm şərtlərindəndir. Ölkədə hüquq sisteminin humanist və müasir prinsiplər əsasında inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, hüquqi yardımın əlçatanlığının artırılması istiqamətində aparılan islahatlar vəkillik institutunun inkişafı üçün geniş imkanlar açmaqla yanaşı, vəkillərin peşəkar məsuliyyətini də artırır.

Bildirilib ki, bu proseslər vəkilliyin cəmiyyət həyatındakı rolunun və nüfuzunun yüksəlməsinə, onun ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi kimi daha da möhkəmlənməsinə töhfə verir.

Qeyd edilib ki, son illərdə Azərbaycanda vəkillik peşəsinə maraq əhəmiyyətli dərəcədə artıb. Hüquq sahəsində çalışan yüzlərlə gənc mütəxəssis vəkillik fəaliyyətinə başlamaq məqsədilə Kollegiyaya müraciət edir və peşəyə qəbul üçün müəyyən edilmiş şəffaf, obyektiv seçim mərhələlərindən keçir.

Hazırda ölkədə vəkillərin sayı son illərlə müqayisədə üç dəfədən çox artaraq 3 000 nəfəri ötüb. Bununla yanaşı, yüzlərlə vəkilliyə namizəddən ibarət potensialın mövcudluğu da bu peşəyə marağın davamlı xarakter daşıdığını göstərir.

Mətbuat Xidmətinin məlumatında diqqətə çatdırılıb ki, hər bir peşə sahəsində olduğu kimi, vəkillik fəaliyyətində də qanunvericiliyin və peşə etikası qaydalarının pozulması halları istisna edilmir. Vəkillər də cəmiyyətin digər üzvləri kimi qanun qarşısında məsuliyyət daşıyırlar və heç bir peşə sahibi mümkün hüquqazidd əməllərdən sığortalanmayıb.

Belə hallara münasibətdə əsas prinsip hər bir məsələyə fərdi qaydada, obyektiv və yalnız qanunvericiliyin tələbləri çərçivəsində hüquqi qiymət verilməsidir.

Vurğulanıb ki, Vəkillər Kollegiyası müstəqil, özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən peşə qurumudur. Kollegiya vəkillərin peşə fəaliyyətinə, habelə etik davranış qaydalarına riayət etməsinə nəzarət sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirir. Bu çərçivədə daxil olan müraciətlərə və vəkillərin fəaliyyəti ilə bağlı iradlara həssaslıqla yanaşılır, zəruri hallarda intizam icraatları başlanılır və müvafiq qərarlar qəbul edilir.

Eyni zamanda bildirilib ki, Kollegiyanın etik qaydaları və mövcud yanaşması nəzərə alınmaqla, barələrində intizam tədbiri görülmüş vəkillərin adları ictimaiyyətə açıqlanmır. Bu məsələlərdə həm qanunvericiliyin tələblərinə, həm də şəxslərin hüquq və nüfuzunun qorunması prinsipinə riayət olunmasının vacibliyi qeyd edilib.

Məlumatda son günlər bəzi vəkillərin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı xəbərlərin müxtəlif media vasitələrində yayılmasına da münasibət bildirilib.

Qeyd olunub ki, hər bir hüquqi proses cəmiyyət üçün maraq doğursa da, belə hallarda məlumatların ictimaiyyətə çatdırılması zamanı hüquqi və etik prinsiplərə, xüsusilə təqsirsizlik prezumpsiyasına və şəxsin Konstitusiya ilə təmin olunan hüquqlarına xüsusi həssaslıqla yanaşılmalıdır.

"Məhkəmənin qanuni qüvvəyə minmiş yekun hökmü olmadan şəxsin kriminal məzmunlu və onun hüquqi statusu və peşəkar nüfuzu baxımından müəyyən yanlış təsəvvürlərin yaranmasına səbəb ola bilən formada təqdim olunması ümumilikdə vəkilliyin nüfuzuna ciddi xələl gətirir", - məlumatda vurğulanıb.

Bildirilib ki, vəkillik fəaliyyəti öz mahiyyətinə görə hüququn aliliyinin, ədalət mühakiməsinin və insan hüquqlarının müdafiəsinin təmin edilməsinə xidmət edən mühüm hüquqi institutdur. Buna görə də vəkillərlə bağlı məlumatların yayılmasında hüquqi dövlət prinsiplərinə və təqsirsizlik prezumpsiyasına riayət olunması əhəmiyyətlidir.

Həmçinin qeyd edilib ki, hər bir şəxs barəsində aparılan araşdırma və digər prosessual məsələlər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməli, yekun hüquqi qiymət isə yalnız səlahiyyətli məhkəmə tərəfindən verilməlidir.

Vəkillər Kollegiyası hesab edir ki, ayrı-ayrı hallarla bağlı KİV-də yayılan məlumatlar bütövlükdə vəkillik institutunun nüfuzuna kölgə salmamalıdır. Vəkillik peşəsinin nüfuzu uzun illər ərzində formalaşmış hüquqi və ictimai dəyərlərə, peşəkarlığa, məsuliyyətə və insan hüquqlarının müdafiəsinə əsaslanır.

Məlumatda əminlik ifadə olunub ki, bu yüksək prinsiplər qorunmaqla həm hüquqi prosedurların obyektivliyi, həm də cəmiyyətə təqdim edilən məlumatların etik və hüquqi qaydalara uyğunluğu təmin olunacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.