Ölkə

“Polad Həşimov, Mübariz İbrahimov metrostansiyaları olsun!” - TƏKLİF

21 İyun 2025 17:40
Baxış: 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi ilə bağlı imzaladığı Tədbirlər Planına əsasən, ilin sonunadək Bakı və digər iri şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə yeni adların verilməsi nəzərdə tutulur. Bu sırada metro stansiyalarının da olacağı gözlənilir.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı modern.az-a açıqlama verən sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlı metro şəbəkəsinin daha səmərəli fəaliyyəti üçün xəttin dairəvi formada birləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, metro stansiyalarına ad verilərkən ictimai rəy mütləq nəzərə alınmalı, ad seçimində yalnız tarixi şəxsiyyətlərə deyil, həm də Milli qəhrəmanlara üstünlük verilməlidir.

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu hesab edir ki, metro stansiyalarına ədəbiyyat və sənət nümayəndələrinin adlarındansa, qəhrəmanların və şəhidlərin adlarının verilməsi daha məqsədəuyğundur. O bildirib ki, belə addımlar bu insanların adlarının əbədiləşdirilməsinə, onların cəmiyyət üçün nümunəyə çevrilməsinə xidmət edər:

"İnsanlar fəxrlə deyə bilsinlər ki, "Mən Polad Həşimov metrosundan mindim", "Mübariz İbrahimov stansiyasından gəldim"- məncə, belə olmalıdır",- deyə B.Vəziroğlu bildirib.

O həmçinin əlavə edib ki, ədəbiyyat və incəsənət xadimlərinin adları metro stansiyalarına kifayət qədər verilib. Onun fikrincə, məsələn, hazırkı "Koroğlu" stansiyasının adı da dəyişdirilərək şəhid adları ilə əvəz olunmalıdır.

Mətbuat Şurasının sədri Rəşad Məcid də mövzuya münasibət bildirərək təklif edib ki, yeni inşa olunacaq metro stansiyalarına "Zəngəzur" və "Təbriz" kimi adlar verilsin. Onun sözlərinə görə, bu cür adlar həm tarixi, həm də mədəni baxımdan xüsusi əhəmiyyət daşıyacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.