Ölkə

Bakının bu hissəsində evlər çökür - VİDEO

25 Oktyabr 2024 23:52
Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində bəzi evlərin həyətlərində çökmə baş verib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bir neçə gün öncə həmin küçədə ikimərtəbəli evin həyəti çökmüşdü.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən sakin deyir ki, evi hazır alıb, 18 il də içərisində yaşayıb.

Sakinlər deyirlər ki, problem iki həftədən çoxdur, davam edir. Nəticədə hər üç evin sakinləri evsiz qalıb.

Evi ilk olaraq uçan sakin üçün də heç nə dəyişməyib. Dediyinə görə, bu ərazidəki bütün evlər təhlükə altındadır.  

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən fərdi yaşayış evləri tikinti norma və qaydalarının tələbləri pozulmaqla tullantı sularını daşıyan magistral xəttin üzərində tikilib. Bu barədə sakinlərə dəfələrlə xəbərdarlıq edilib, müvafiq qurumlara da müraciət olunub. Xidmətdən o da qeyd edildi ki, ərazi münasib yer olmadığına görə xətlərin tapılıb üzə çıxarılması və təmirə başlanılması işi uzanır.

"Qısa araşdırmalardan sonra o da məlum olub ki, sakinlərin təqdim etdiyi torpaq sahəsi, sənədlər icra hakimiyyəti tərəfindən verilib və sənədləşdirilib",-deyə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, hündürlüyü 12 metrdən çox olmayan, üçmərtəbəli fərdi yaşayış evləri məlumatlandırma icraatı üzrə inşa edilir. Bu zaman yalnız memarlıq planlaşdırma və ərazinin baş planı bölməsinin işlənməsi tələb olunur. Məlumatlandırma üzrə icraat isə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid deyil.

Xətai Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlamağa çalışdıq. Ancaq qurumdan mövqe öyrənmək mümkün olmadı. 

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.