Ölkə

Yanan 2 yaşlı Fidanın vəziyyəti ilə bağlı üç qurumdan açıqlama

23 May 2023 10:43
Baxış: 2 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakən rayonunun Talalar kəndində ağır yanıq xəsarətləri alan 2 yaşlı Fidanın çətin vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunur ki, azyaşlının ailəsinin həkimlərin yazdığı müalicəni etdirmək üçün maddi imkanı yoxdur.    

Milli.Az bildirir ki, "Qafqazinfo" sözügedən ailəni taparaq körpənin atası Tural Mustafayevlə danışıb.

Ata bildirib ki, uşağın yanıq xəsarətləri almasından 5 aya yaxın vaxt keçsə də, səhhətində heç bir irəliləyiş yoxdur: "Ötən ilin dekabrında iki yaşlı qızım Fidanın üstünə qaynar çay dağılıb, qarın və bel hissəsi tamamilə yanıb. Yananda burada xəstəxanada qəbul eləmədilər, Bakıya göndərdilər. 1 həftə-10 gün qaldıqdan sonra evə buraxdılar. İndi də xəstəxanaya aparırıq, amma müalicənin xeyri yoxdur. Narahatdır, qaşınır, ağlayır, paltarlarını çıxarıb cırmaq istəyir. Müalicə düşmür, iynə-dərmanın keyfiyyəti yoxdur nədirsə, bilmirəm. Heç bir irəliləyiş yoxdur. Hadisədən əvvəl bəzi sözləri deyə bilən uşağın indi nitqi də tutulub, yaralarının yeri onu incidir, heç bir çarə edə bilmirik".

Fidanın atası deyir ki, qızı indiyə qədər süni qidalarla qidalanıb. Müalicə və qidalanma üçün ailənin maddi köməyə ehtiyacı var: "İşləyirəm, mal-qaraya baxıram. Qazancım elə də çox olmur. İstəyərdim uşağın Bakıya aparılması, xəstəxanada müalicəsi və qidalanması üçün köməklik olunsun". 

Körpənin anası Pərvanə Mustafayeva isə bildirib ki, sosial yardım üçün müraciət etsə də, ona torpaq payı olduğuna görə yardımın düşmədiyi bildirilib. Balakən Rayon İcra Hakimiyyətindən ona deyilib ki, xərçəng xəstəsi olan qayınanasına kömək etdiklərinə görə, uşağa kömək edə bilməyəcəklər. 

Uşağın səhhəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Cavab olaraq qeyd edildi ki, 09.09.2021-ci il təvəllüdlü Mustafayeva Fidan Tural qızı ötən ilin 27 dekabr tarixində qurumun tabeliyində fəaliyyət göstərən Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub: "Ona sifətin, boynun, gövdənin birinci, ikinci dərəcəli termik yanığı diaqnozu qoyulub və Bakı şəhərində yerləşən TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub. Körpəyə zəruri tibbi xidmətlər göstərilib və 30.12.2022-ci il tarixində ambulator müalicə üçün evə buraxılıb.

26.01.2023-cü il tarixində, 15.03.2023-cü il tarixində, eləcə də 17.04.2023-cü il tarixində müxtəlif səbəblərdən (göz ağrısı, enterobioz və s.) müraciət edib. Hər birində 2021-ci il təvəllüdlü F.Mustafayevaya tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Eyni zamanda azyaşlının valideynləri tərəfindən 10.05.2023-cü il tarixində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edilib. Müraciət əlilliklə bağlı olub və azyaşlının valideynlərinə prosedur qaydaları ilə bağlı məlumat verilib. 

Əlavə edək ki, iddialarla bağlı tərəfimizdən valideynlərlə əlaqə saxlanılıb. Onlar tibbi xidmət aldıqları tibb müəssisələrindən razılıqlarını bildirərək, sadəcə övladlarının müalicəsi üçün lazım olan dərman və dərman vasitələrini almaqda çətinlik çəkdiklərini qeyd ediblər.

Dərmanlara gəlincə, TƏBİB-dən deyilib ki, bu, sığorta ilə qarşılanan xidmətlərə aid deyil: "TƏBİB-in tabeli müəssisələrində 09.09.2021-ci il təvəllüdlü Mustafayeva Fidan Tural qızına göstərilən xidmətlər icbari tibbi sığorta çərçivəsində olub. Həkimin yazdığı resept isə icbari tibbi sığorta ilə qarşılanmır".

Ailənin vəziyyəti, müavinət haqqı olub-olmadığını öyrənmək üçün Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, ailə sosial yardım üçün müraciət etməyib: "Balakən rayon sakini Pərvanə Mustafayeva ötən dövrdə ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciət etməyib. Onun həyat yoldaşı Tural Mustafayev ilə telefon əlaqəsi saxlanılaraq ona ailəsinə ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət qaydası barədə məlumat verilib. 

Söhbət zamanı müəyyən olunub ki, ailə tərkibi 3-ü uşaq olmaqla 5 nəfərdən ibarətdir və ailənin əmək qabiliyyətli üzvləri işsizdir. Tural Mustafayevə pay torpağı ilə bağlı müvafiq sənədləşdirməni həyata keçirdikdən sonra ünvanlı sosial yardım üçün müraciət etməsi tövsiyə edilib".

Balakən Rayon İcra Hakimiyyətindən də mövqe öyrəndik. Bildirildi ki, aztəminatlı ailə kimi indiyə qədər onlara iki dəfə 100 AZN dəyərində köməklik edilib: "Adətən, İcra Hakimiyyəti tərəfindən hər ailəyə bir dəfə yardım edilir. Amma bu ailə bizə müraciət edib və vəziyyəti nəzərə alınaraq iki dəfə dekabr və mart aylarında maddi yardım edilib. Hazırda ailənin vəziyyəti araşdırılır və kənd bələdiyyəsi tərəfindən ailəyə yardım göstərilməsi nəzərdə tutulur".

Qeyd edək ki, Mustafayevlər ailəsinin Fidandan başqa 4 yaşlı və 7 aylıq daha iki uşağı var. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.