Ermənistan

Paşinyan ölkə XİN-i "fəth etməyə" başladı

25 Avqust 2025 14:02
Baxış: 604
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistansın Cənubi Zəngəzur (Sünik) vilayətinin Qafan şəhərində, zahirdə adi təsir bağışlasa da, əslində, dövlətçiliyin hazırkı transformasiyasını anlamaq üçün mühüm analitik çəkiyə malik bir hadisə baş verdi.

Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, hər il keçirilən diplomatik xidmət rəhbərlərinin seminarı bu dəfə keyfiyyətcə yeni bir paradiqmada - "formalaşmış sülh şəraitində" təşkil olundu. Dövlət aparatının əsas fiqurlarının - prezident Vaahn Xaçatryan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın iştirakı hökumətin diplomatik korpusun koordinasiyası və postmünaqişə mərhələsində yenidən formatlaşdırılmasına ali prioritet verdiyini göstərirdi.

Qafan seminarının mahiyyətini dərk etmək üçün bir mühüm məqamı xatırlatmaq lazımdır: Ermənistan diplomatiyası 1991-ci ildən sonra həll olunmamış Qarabağ münaqişəsi fonunda formalaşmışdı. Bu amil yalnız xarici siyasətin ideoloji kursunu deyil, həm də XİN-in kadr memarlığını müəyyənləşdirirdi.

Artıq 1990-cı illərin ortalarına gəldikdə, beynəlxalq təşkilatlar və Şimali Amerika departamentlərində çalışan əməkdaşların 70%-dən çoxu Qərb universitetlərinin - Harvard, Kolumbiya, Sorbonna - məzunları idi. Onların təhsili əsasən Erməni Ümumdünya Xeyriyyə Birliyi (AGBU) və Daşnaksütyunla əlaqəli fondlar tərəfindən maliyyələşdirilirdi.

Bu, unikal bir fenomen yaratmışdı: diplomatik korpus milli dövlətin deyil, transmillətçi diasporun alətinə çevrilirdi. ABŞ-də səfir olmuş Tatul Marqaryan (2005-2014), Şarl Aznavurun oğlu Şarl Aznavur, yaxud Edvard Nalbandyan dövründəki məsləhətçilər Paris, Los-Anceles və Ottavadakı lobbiçi şəbəkələrlə birbaşa əlaqələrə malik idilər.

Vardan Oskanyan (1998-2008) - ABŞ-nin Tafts Universitetinin məzunu, Amerika analitik mərkəzləri ilə sıx əməkdaşlıq edirdi. Onun formalaşdırdığı kadr siyasəti "1915-ci il qondarma soyqırımı" mövzusunu diplomatik təzyiq aləti kimi istifadə edirdi. Ermənistan parlamentinin məlumatına görə, onun nazirliyi illər ərzində ABŞ və Fransadakı diaspor təşəbbüsləri və lobbiçi müqavilələri üçün təxminən 35 milyon dollar xərcləmişdi.

Edvard Nalbandyan (2008-2018) - 1999-2008-ci illərdə Fransada səfir vəzifəsində çalışmış, Marsel və Lion erməni icmaları ilə sıx əlaqələr qurmuşdu. Onun dövründə Ermənistan diplomatiyası tam şəkildə "fransamərkəzləşdi": yeni kadrların təxminən 40%-i Fransanın universitetlərində təhsil alır və ya təcrübə keçirdi.

Hər iki nazir "konservativ korpus"un memarları idilər - Azərbaycanla kompromisi mümkün hesab etməyən diplomatlar nəslini formalaşdırmışdılar.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, 2000-2016-cı illər arasında Ermənistanın xarici siyasət təşəbbüslərinin 82%-i birbaşa Qarabağla bağlı idi. Halbuki Azərbaycan eyni dövrdə xarici siyasətini aktiv şəkildə şaxələndirirdi - Avropa İttifaqı ilə enerji əməkdaşlığı, Bakı-Tbilisi-Ceyhan layihəsi, dünyanın müxtəlif bölgələrində 60-dan artıq yeni səfirliyin açılması. Ermənistan isə konflikt mövzusunun "dar dəhlizində" sıxılıb qalmışdı.

Bu, təkcə diplomatik korpusun təfəkkürünü konservləşdirmirdi, həm də ölkəyə ciddi iqtisadi zərər vururdu. Dünya Bankının hesabatlarına görə, Azərbaycan və Türkiyə ilə bağlı kommunikasiya xətlərinin bağlı qalması səbəbindən Ermənistan hər il təxminən 1,9 milyard dollar ÜDM itirirdi.

Azərbaycanın nəqliyyat və enerji layihələrində çəkisinin artdığı bir vaxtda Ermənistan getdikcə daha çox təcrid olunurdu. 2012-ci ildə İrəvan rəsmi şəkildə Transanadolu qaz kəməri (TANAP) layihəsində iştirakdan imtina etdi və bunu "Azərbaycanla əməkdaşlığın mümkünsüzlüyü" ilə izah etdi. Bunun nəticəsində Ermənistan hər il 150-200 milyon dollar həcmində potensial tranzit gəlirini əldən verdi.

Diaspora təzyiqi əsas adlarla bağlıdır. Ara Abramyan Rusiya Erməni İttifaqının prezidenti olaraq Fransada aparılan lobbiçi kampaniyaların əsas sponsorudur və tez-tez erməni diplomatlarının Parisə səfərlərini maliyyələşdirirdi. Ken Xaçikyan ABŞ-dəki Amerika Erməni Milli Komitəsinin (ANCA) sədri kimi ABŞ Konqresində "soyqırımın tanınması"na dair qətnamələrin hazırlanmasında Ermənistan XİN-i ilə sıx əməkdaşlıq edirdi. Aleksandr Sarqsyan (Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı) isə ofşor strukturlar vasitəsilə mədəni layihələri maliyyələşdirir, bu layihələr isə paralel şəkildə diplomatik gündəmi dəstəkləyirdi.

2020-ci ildə bölgədə vəziyyət kəskin dəyişəndə Ermənistan XİN-in adaptasiya qabiliyyətsizliyi üzə çıxdı. 10 noyabr 2020-cü il üçtərəfli bəyanat imzalandıqdan sonra belə, nazirlik yeni regional kommunikasiya layihələrinə inteqrasiya üzərində işləmək əvəzinə, Avropa Şurasına müraciətlər və etiraz notaları yaymaqla kifayətləndi.

Müqayisə üçün: Azərbaycan 2021-2022-ci illərdə Türkiyə, Qazaxıstan və Özbəkistanla strateji tərəfdaşlıq sazişləri imzaladı, 2022-ci ildə isə Avropaya 15,9 milyard dollarlıq qaz ixrac etdi. Ermənistan isə eyni ildə xarici ticarət balansında mənfi 2,7 milyard dollarlıq göstərici ilə üzləşdi və diaspor köçürmələrindən asılı vəziyyətə düşdü (ÜDM-in təxminən 13%-i).

Qafan seminarı bir daha sübut etdi ki, Ermənistanın diplomatik korpusu hələ də "köhnə qvardiyanın" istehkamı olaraq qalır. Çıxış edənlər arasında Oskanyan və Nalbandyan dövrü ilə birbaşa bağlı olan keçmiş ABŞ və Fransa səfirləri vardı. Müzakirələr yenidən "Azərbaycanın təcridi" və diasporanın fəallaşdırılması mövzusu ətrafında cəmləşdi. Bu isə bir daha göstərdi: Ermənistan XİN hələ də XX əsrin kateqoriyaları ilə düşünür.

Unutmayaq ki, 2018-ci ilin mayında "məxməri inqilab"dan sonra Nikol Paşinyanın hakimiyyətə gəlişi təkcə daxili siyasi sistemi deyil, həm də xarici siyasətin fəlsəfəsini yenidən nəzərdən keçirmək cəhdi kimi qəbul olunurdu. Onun "sülh, inkişaf, regional əməkdaşlıq" şüarları Qarabağ mövzusu üzərində qurulmuş onilliklər boyu qarşıdurma diplomatiyası ilə ziddiyyət təşkil edirdi. Lakin başqa ölkələrin təcrübəsi göstərir ki, inqilabi impuls diplomatik aparata nadir hallarda sirayət edir. Xarici siyasət qurumları yüksək dərəcədə institusional inersiya ilə fərqlənir - peşəkar spesifiklik, rotasiyanın çətinliyi və beynəlxalq şəbəkələrə dərin inteqrasiya səbəbindən.

Daxili İşlər və ya Müdafiə Nazirliklərindən fərqli olaraq, diplomatik xidmət illərlə formalaşır. Bunun üçün xarici dillərə yiyələnmək, beynəlxalq hüququ bilmək, protokol işlərində təcrübə qazanmaq və beynəlxalq institutlarla davamlı əlaqələr yaratmaq tələb olunur. Bu bacarıqları inqilabdan bir neçə ay sonra kadr dəyişikliyi ilə əvəzləmək mümkün deyildi. Məhz buna görə Paşinyanın XİN-i "yenidən yükləmək" cəhdi ciddi müqavimətlə üzləşdi - gizli, amma olduqca effektiv müqavimətlə.

ABŞ istiqamətində Ermənistanın Vaşinqtondakı səfiri Varujan Nersesyan inqilabdan əvvəl təyin edilmişdi və 2018-ci ilin noyabrında fəaliyyətə başlamışdı. Yalnız 2021-ci ilin avqustunda Paşinyana yaxın siyasi fiqur, amma diplomatik təcrübədən məhrum Lilit Makunts səfir təyin olundu. Digər strateji istiqamətlərdə, ABŞ-dən başqa, Paşinyan özünə sadiq fiqurları yerləşdirə bilmədi. Avropa və Latın Amerikasındakı səfirliklərin böyük əksəriyyəti əvvəlki hakimiyyətin kadrları idi və "köhnə məktəb" diplomatiyasının xəttini davam etdirirdi.

Ən bariz nümunə 2023-cü ilin noyabrında üzə çıxdı. Həmin vaxt Vaşinqtonda atom energetikası və gömrük tənzimləməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdı. Bu sənəd Ermənistan üçün Moskvanın asılılığını azaltmaq və Qərbin iqtisadi proqramlarına inteqrasiya istiqamətində mühüm addım kimi təqdim olunurdu. Lakin diplomatik korpusun reaksiyası sıfıra yaxın oldu: Avropa və Latın Amerikasındakı səfirliklərin rəsmi hesablarında bu barədə hətta qısa açıqlama və ya repost belə yox idi. Medianın şərhlərində bu "informasiya boşluğu" açıq-aşkar səbotaj kimi qiymətləndirildi - köhnə qarşıdurma modelinə bağlı diplomatlar Paşinyanın addımlarını nümayişkaranə şəkildə görməzdən gəlirdilər.

Ermənistan parlamentinin məlumatına görə, 2022-ci ilə qədər 54 səfir və diplomatik missiya rəhbərindən yalnız 6-sı Paşinyan dövründə təyin edilmişdi. Qalan 48 nəfər əvvəlki hökumətlərin kadrları idi. Onlardan 31-i hələ 2010-cu ildən əvvəl Avropa Şurası, ATƏT və BMT strukturlarında çalışmış, beləliklə sabit korporativ mədəniyyət formalaşdırmışdı. Bundan əlavə, Avropa və Amerikadakı 14 səfir diaspor fondlarının təqaüdləri ilə Fransa və ABŞ universitetlərində təhsil almışdı. Bu isə ikili loyallıq demək idi: həm İrəvandakı hökumətə, həm də diaspor şəbəkələrinə. Bu xüsusiyyət XİN aparatını yuxarıdan sürətli "təmizləmə"yə qarşı dayanıqlı edirdi.

Paşinyanın təcrübəsi unikal deyil. Gürcüstanda "Gürcü arzusu" hakimiyyətə gəldikdən sonra (2012) diplomatik korpusu tam yeniləmək üçün hökumətə 6 ildən çox vaxt lazım olmuşdu. Ukraynada 2014-cü il Maydanından sonra belə, ABŞ və Aİ-nin dəstəyi ilə XİN-də kadr rotasiyası illərlə davam etmişdi. Ermənistan isə daha da mürəkkəb vəziyyətdə idi, çünki xarici siyasət aparatı onilliklər boyu dövlət institutlarından çox diaspor təsiri altında formalaşmışdı.

... Beləliklə, Nikol Paşinyan struktur səbəblərdən "XİN-i güclə ələ almağa" nail ola bilmədi. İnqilab anında Ermənistanın diplomatik korpusu yüksək institusional inersiyaya, öz kadr məktəbinə və xarici dəstək mənbələrinə (diaspora, lobbiçi şəbəkələr) malik avtonom bir sistem kimi fəaliyyət göstərirdi. Kütləvi kadr rotasiyası olmadan bu sistemi sürətlə yenidən formatlaşdırmaq cəhdləri səmərəsiz oldu.

Bu, hazırkı ziddiyyətləri də izah edir: İrəvanın rəsmi ritorikası getdikcə daha çox sülh müqaviləsinə və regional əməkdaşlığa yönəlsə də, diplomatik aparat hələ də keçmişin qəlibləri ilə işləyir - yeni təşəbbüsləri görməzdən gəlir və gizli səbotaj nümayiş etdirir.

Kiçik və məhdud resurslu dövlətlərin siyasi praktikasında məkanın semantikası və siyasi ritualların forması bəzən qərarların özündən az əhəmiyyət daşımır. Ermənistan rəhbərliyinin Qafanda keçirdiyi seminar bu baxımdan aydın bir nümunədir - elitanın yeni geosiyasi reallıqda diplomatik korpusu yenidən düşünmək və kökləmək cəhdini göstərir.

Məkan seçimi təsadüfi deyildi. Qafan - Azərbaycanla delimitasiya və gələcək nəqliyyat dəhlizləri kontekstində obyektiv şəkildə açar rol oynayan Sünik vilayətinin inzibati mərkəzidir. Diplomatik seminarın ənənəvi qərar qəbul mərkəzindən (İrəvan) sərhəd bölgəsinə keçirilməsi simvolik akt idi. Bu, yeni siyasətin məkan üzərindən legitimləşdirilməsi forması kimi oxuna bilərdi. Diplomatların "risk zonasına" fiziki olaraq gətirilməsi isə onları sərhədlər, kommunikasiya və kompromis zərurəti üzərində formalaşan narrativin birbaşa iştirakçısına çevirdi.

Dövlətin üç əsas fiqurunun - prezident, baş nazir və xarici işlər nazirinin iştirak etməsi az əhəmiyyətli deyildi. Siyasi sosiologiya baxımından bu, elita konsensusunun göstəricisi idi: əsas aktorlar mövqelərini açıq şəkildə sinxronlaşdırdılar. Bu isə diplomatik korpus daxilində alternativ şərh imkanlarını minimuma endirirdi. Beləliklə, Azərbaycanla danışıqlar kursu və münasibətlərin mərhələli normallaşdırılması artıq yalnız "Vətəndaş Müqaviləsi" partiyasının layihəsi deyil, ümumdövlət prioriteti kimi təqdim olunurdu.

Tarixən oxşar formatlardan regionun digər ölkələrində də istifadə olunmuşdu. Məsələn, Gürcüstanda 2004-2005-ci illərdə elita eyni tipli "kollektiv səfərlər"i münaqişə zonalarında keçirərək birliyi nümayiş etdirirdi. Ermənistan da bu gün həmin sınaqdan çıxmış mobilizasiya təzyiqi praktikasını təkrarlayır.

Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, Nikol Paşinyan yalnız məruzə etməklə kifayətlənməyib, diplomatlarla "ətraflı söhbət" aparıb və sual-cavab sessiyası keçirib. İnstitusional təhlil baxımından bu, Xarici İşlər Nazirliyinin bürokratik vasitəçiliyini kənara qoymaq cəhdi kimi dəyərləndirilə bilər. Çünki XİN-də hələ də köhnə siyasətə bağlı kadrlar qalır və bu, siqnalların təhrif olunması və ya səbotaj riskini artırır.

Birbaşa dialoq formatı baş nazirə "süzgəcsiz" mövqeyini çatdırmaq imkanı verdi və şərh zonasını minimuma endirdi. Bu praktika adətən böhran vəziyyətlərində istifadə olunur. Məsələn, Yunanıstanda 2015-ci ildə Sipras hökuməti də eyni şəkildə diplomatlarla ünsiyyət quraraq ənənəvi inersiyalı iyerarxiyanı kənara qoymağa çalışmışdı.

Elçin Alıoğlu
TREND

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.