Ermənistan

Qarabağ uğrunda Qərblə Rusiya arasında sülh “yarışı”nın təhlükəli pərdəarxası

4 Avqust 2022 13:56
Baxış: 1 163

Milli.Az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Xəbər verildiyi kimi, srağagün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla onun rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu arasında telefon danışığı olub. Danışıq zamanı nazirlərin regional təhlükəsizliyin təmin edilməsi, Qarabağdakı vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər mövzuların müzakirə edildiyi bildirilib. Eyni gündə Rusiya prezidenti V.Putinlə Ermənistan baş naziri Nikol Paşinyan telefonda Ermənistan və Azərbaycan liderləri arasında 2020 və 2021-ci illər üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin "bəzi praktiki aspektlərini" müzakirə ediblər.

Bir gün qabaq isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışıqları olmuşdu. Bundan əlavə, az öncə Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşünün hazırlandığı haqda erməni qaynaqları xəbər yaymışdılar.

*****

Görünən budur ki, Güney Qafqazla bağlı həm Qərb, həm də Rusiya öz diplomatik fəallığını artırıb. Həmçinin iki geosiyasi güc mərkəzi arasında açıq rəqabət elementləri sezilməkdədir. Sanki Qarabağ uğrunda diplomatik yarış başlayıb. Bunun bölgədə daimi sülh və əməkdaşlığa nə dərəcədə töhfə verəcəyini yəqin ki, tezliklə biləcəyik. Hər halda, qarşı duran tərəflərin regionla bağlı maraqları heç də üst-üstə düşmür. Xüsusən də Ukrayna olayları fonunda Rusiya Qərbi, Qərb isə Rusiyanı bölgədən vurub çıxarmaq istəyir.

Azərbaycan üçün isə ən önəmlisi istər Qərbin, özəlliklə də ABŞ-ın, istərsə də Rusiyanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə eyni sayğını göstərməsi, Qarabağdakı bir ovuc ermənilərin hüquq və təhlükəsizliyi məsələsinin ölkəmizin daxili işi olduğunu qeyd-şərtsiz qəbul eləməsi, Bakının məlum 5 prinsipi əsasında sülh müqaviləsinin imzalanması prosesə töhfə verməkdir, nəinki Qarabağın geosiyasi mübarizə meydanına çevrilməsi.

Bölgədə daimi sülh və əməkdaşlıq mühitinin bərqərar olması üçün isə ən əvvəl kapitulyant ölkəyə götürdüyü yazılı öhdəliklərə əməl eləmək yönündə təzyiqlər edilməlidir. Əgər bunu ABŞ da, Rusiya da edəcəksə, çox yaxşı. Yoxsa Qarabağda 3 avqustdan başlanan anti-terror əməliyyatları davam edəcək və miqyası böyüyəcək!

*****

Əlbəttə, Ermənistan rəhbərliyinin nə dərəcədə konstruktiv mövqe sərgiləməsindən də az şey asılı deyil. Əfsus ki, rəsmi İrəvan iki güc mərkəzinin rəqabətindən daha çox vaxt uzatmaq üçün, "iki stul" siyasəti aparmaqla böyük sülhü ləngitmək üçün faydalanmağa çalışır. Bu isə çox təhlükəlidir. Çünki bu dəfə Ermənistanın özü hərb meydanına çevrilə bilər. Odur ki, seçim böyük ölçüdə erməni tərəfinindir. Daha bir səhv erməni xalqına olduqca baha başa gələcək.

"30 il əvvəl biz dağılmaqda olan bir imperiyanın aqoniyası zamanı yenə ölümü və müharibəni seçməklə səhvə yol verdik, dırnaqrarası "qalib" olduq və qürurdan kor olduq".

"Yeni Müsavat"ın məlumatına görə, bu barədə tanınmış erməni siyasi xadimi, Ermənistanın keçmiş səhiyyə naziri, hakim "Mülki müqavilə" partiyasından olan deputat Arsen Torosyan öz Facebook səhifəsində yazıb.

"Bis səhv etdiyimizi etiraf etməliyik. Səhv etdik və 100 ildir və ta indiyədək səhvlərimizi boynumuza almırıq, yerdəki reallığın üzünə baxmaqdan imtina edirik və ölümü seçməyə davam edirik. Bizim obyektiv reallığı rədd edərək, gerçəyi öz şıltaqlığımıza uyğun təhrif edərək, eyni səhvləri təkrar etməyə haqqımız yoxdur", - deyə Torosyan xəbərdarlıq edib.

Aydındır ki, erməni cəmiyyəti və siyasi isteblişmentində bu düşüncə dominant olmayınca, Torosyanın yazdığı kimi, mövcud reallıq qəbul edilməyincə, o vaxta qədər erməni amili böyük güclərin əlində alət kimi, Ermənistan isə blokadada qalmaqda davam edəcək. Demək, erməni xalqının iztirabları da bitməyəcək və o, normal inkişaf yoluna çıxıb rifaha qovuşmayacaq.

Bu bəsit gerçəyi ilk növbədə Paşinyan iqtidarı anlamalı və ona uyğun hərəkət eləməlidir. Axı ötənilki parlament seçkilərində erməni elektoratı onun partiyasını qalib eləməklə məhz sülhə səs verib. Əfsus ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında dünən baş verən olay, silahlı separatçılar tərəfindən əsgərimizin şəhid edilməsi erməni tərəfinin hələ də köhnə iddialardan və riskli oyunlardan əl çəkmədiyini göstərir. Nəticədə növbəti "dəmir qapaz" qaçılmaz oldu!

*****

"Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyinə oriyentasiyasını Qərbə dəyişməklə, özünə Rusiyanın da çıxdığı yeni Minsk Qrupu icad eləməklə guya həm özünə, həm də Qarabağ ermənilərinin hüquqlarına əlavə təminat alacağına ümid bəsləməsi sadəlövhlükdür".

Bu barədə "Regnum" agentliyinin baş redaktoru Modest Kolerov erməni mediasına müsahibəsində bildirib.

Kolerov əmindir ki, nə Avropa İttifaqı, nə də NATO Ermənistanı və "Dağlıq Qarabağ"ı müdafiə edəcək: "İlk növbədə ona görə ki, Cənubi Qafqaz regionunda NATO Türkiyənin simasında mövcuddur. Ermənistan hakimiyyətinin nəyə ümid etdiyini bilmirəm. Mən hələ də Rusiya sülhməramlılarının Qarabağda qalacağına ümid bəsləyə bilərəm və bu, bir növ tarazlıq demək olacaq. Amma dürüst olmalıyıq: sülhməramlıların orada elə bir hüququ yoxdur, mandatın yüz faiz uzadılacağına təminat da mövcud deyil. Mandat formulunun özü yoxdur, Azərbaycan tərəfindən yazılmayıb, təsdiq edilməyib və qanuniləşdirilməyib. Ermənistan hakimiyyəti bütün gücü ilə Qarabağı Rusiya protektoratı altına salmaq əvəzinə, Avropa İttifaqının protektoratı altına salır. Bunun qiyməti minus Qarabağ olacaq".

*****

Göründüyü kimi, Rusiyanın bölgədə sülh anlayışı ilə Qərbin sülh anlayışı heç də tam üst-üstə düşmür. Bu tənliyin yeganə düzgün həlli yolu İrəvanın Azərbaycana qarşı ərazi iddiasından təcili və rəsmən imtina eləməsi, Bakı ilə gecikmədən sülh müqaviləsi imzalaması, ardınca öz konstitusiyasını yeni sülh sənədinə uyğunlaşdırması ola bilər. Əks halda, Ermənistanın özü hərb meydanına çevrilmiş olacaq...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics