İdman

Avropada oynamış ilk azərbaycanlı: "Belə işsiz qalacağımı ağlıma gətirməzdim"

15 Fevral 2014 17:48
0 Şərh     Baxış: 4 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yəqin, bilirsiniz, Vəli Qasımov Avropanın yaşıl meydanlarında tanınmış klubların tərkibində futbol oynamış ilk azərbaycanlıdır. Maraqlıdır ki, belə bacarıqlı futbolçuya, məşqçiyə indi ölkəmizin futbol aləmində yer yoxdur. Elə Vəli Qasımovla da söhbətə bu məsələdən başladıq.

- U-19 millisindən ayrıldıqdan sonra işsiz qalmısınız. sizə niyə iş verilmir?

- Sözün düzü, heç özüm də bilmirəm niyə? İnandırım sizi, belə işsiz qalacağımı ağlıma belə gətirməzdim. Onu da deyim ki, indi futbol aləmində mənim günümdə olanlar çoxdur.

- Bəs necə dolanırsınız? Başqa yerdən qazancınız var?

- Öz daxili imkanlarım hesabına... Yəni bir zamanlar əldə etdiklərimi xərcləyirəm. Bu işsizliyimin uzun çəkəcəyinə də inanmıram. O ki qaldı başqa qazanca, unutmayın ki, futbolu seçən, ona bağlı olan adam başqa sahələrlə məşğul olmur.

- Dəvətlər var?

- Sadəcə, söhbətlər var, amma hələlik, ortada konkret heç nə yoxdur.

- Yəni bu yaxınlarda işlə təmin olanacağınıza ümidiniz var?

- Ümid həmişə var... Əbəs yerə demirlər ki, ümid sonda ölür.

- Ən çox nədən sıxılırsınız?

- Haqsızlıqdan... Mən düzgün həyat tərzinə, haqqa-ədalətə öyrəşmiş adamam.

- Bəs sizə mane olanlar kimlərdirlər?..

- Konkret deyə bilmərəm. Görünür, kimlərinsə yerini dar etmişəm.

- Vaxtilə sizi futbolçu kimi ora-bura dartırdılar, indi isə... Bəlkə Vəli bəy məşqçi kimi özünü doğrultmayıb?

- Bəri başdan deyim ki, mən məşqçi kimi xarici ölkələrdə müəyyən kursları bitirmişəm. O ki qaldı konket sualınıza, sadəcə, elə qələmə verirlər...

- Son vaxtlar sizi rəsmi mərasimlərdə də görmək mümkün deyil...

- İnsafən, bəzən tədbirlərə çağırırlar... Amma məni ağrıdan odur ki, federasiya aşağı yaş qruplarında keçirdiyi çempionatların qaliblərinin mükafatlandırılma mərasimlərində bizləri yada salmır. Uşaqlara medalları elə adamlar təqdim edirlər ki, qalırsan mat-məəttəl. Bir var kuboku hansısa biri versin, bir də var, tanınmış futbolçu... Belə olanda həmin hadisə o uşağın yaddaşında daha yaxşı qalar... Vaxtilə futbola həyatlarını vermiş çox futbolçularımız var ki, bu gün onları yada salan yoxdur. Halbuki həmin şəxslərdən istifadə olunmalı, veteranlarla görüşlər keçirilməlidir ki, uşaqlar da onları tanısınlar.

- Azərbaycana qayıdışınızdan təəssüflənirsinizmi? Başqa sözlə desək, kaş o yerlərin birində qalaydım deyirsinizmi?

- Bilirsinizmi, mən bura ölkəmizin futboluna öz töhfəmi vermək məqsədilə üz tutdum. Lakin... indi görürəm ki, buranın futbol aləmində futbol adamlarının sayı o qədər də çox deyil. Yəni bu sahədən başı çıxmayanlar onu idarə edirlər. Hamı sözdə futbolun inkişafından danışır. Nə gizlədim, gəlişimdən təəssüflənirəm. Amma Azərbaycan futbolunun inkişafına töhfə vermək fikri məni bir an belə rahat buraxmır.

- Vəli bəy, indi də keçək digər suallara...Valideynləriniz kimlər olublar?

- Atam usta rəssam olub. Evlərin divarlarında bir-birindən gözəl şəkillər çəkərdi. Anam isə tibb bacısı idi. (Artıq valideynlərim haqq dünyasına qovuşublar).

- (Allah rəhmət eləsin). Bəs sizi idmana-futbol aləminə çəkib gətirən hansı amillər olub?

- Gəncədə evimizin yaxınlığında "Metallurq" stadionu (indi həmin stadion baxımsız vəziyyətdədir) var idi. Bu stadionda, demək olar ki, idmanın bütün növləri ilə məşğul olmaq mümkün idi. Mən də bütün günümü elə bu stadionda keçirirdim. Yəni futbol, həndbol oynayırdım. Hər iki oyunu da sevirdim. 14 yaşımda isə həndbolla vidalaşmalı oldum və bütün diqqətimi futbola yönəltdim.

- Yəqin, valideynlərinizin sizə ilk dəfə top almasını xatırlayırsınız...

- Mənim uzum müddət topum olmayıb. Stadionda gözləyirdim ki, kimsə topu ilə gəlsin, mən də onlara qoşulub oynayım. O zamanlar rezin toplar yeni satışa çıxarılmışdı. Düz iki gün evdə ağladım ki, bəs mənə top alın. Nəhayət, anam mənə top aldı. Onu da deyim ki, mənim ilk oyuncağım, əgər belə demək mümkünsə, elə həmin top olub.

- Bəs sizi futbolçu kimi ilk dəfə kim kəşf edib?

- Rəhmətlik Yusif Məhərrəmov, o, mənim məşqçim olub. Məhz o, böyük futbola məni ümidləndirib, bir futbolçu kimi yetişməyimdə tövsiyələrini əsirgəməyib.

- Bəs Gəncənin o zamankı "Kəpəz"ini necə xatırlayırsınız?

- O zamanlar Gəncənin "Metallurq"u da vardı. Amma mən o komandaların heç birində oynamamışam. O zaman heç "Neftçi"yə, ümumiyyətlə, böyük futbola düşə biləcəyimi xəyal belə etmirdim.

- Bəs Xarkova üz tutmağınız necə olub?

- O zaman 13-14 yaşımda idim. Bir dəfə istədiyim turnirə düşmədim, bundan incidim. Bu hadisədən çox keçməmiş Xarkova üz tutdum. Orada futbol məktəbinə girdim. "Mayak Xarkov"da oynadım. 15 yaşımda SSRİ yığmasının tərkibinə daxil edildim. 16 yaşımda artıq öz yaş qrupumda Avropa çempionu oldum. Sonra çox komandalara dəvət aldım, onların içində "Neftçi" də vardı. Amma mən "Metallist"i seçdim. İki il sonra dəvətlə gəldim "Neftçi"yə. Yarım il də Rusiyanın "Spartak"ında oynadım. Onun ardınca Moskva "Dinamo"suna dəvət olundum. Elə həmin komandada ilk Rusiya çempionatının bombardiri də mən oldum.

- Ukraynanın "Metallist", Bakının "Neftçi", Rusiyanın "Dinamo Moskva", "Spartak", İspaniyanın "Real Betis", "Albasete", "Esixa", Portuqaliyanın "Vitoriya Setubal" və "İmortal" klublarında oynamısınız və 2001-də isə istəmədən futbol karyeranızı başa vurmusunuz. Bu klubların hansı sizə daha əzizdir?

- Bilirsinizmi, mənim futbol dünyamda hər klubun öz yeri var. Amma etiraf edim ki, Valeri Qazayevin rəhbərlik etdiyi "Dinamo"da çox şey öyrəndim. Məhz bu komandadakı çıxışlarımdan sonra Avropanın diqqətini cəlb etdim. Bir neçə klub məni transfer etmək istəyirdi, hansına üz tutacağımı bilmirdim.

- Vəli bəy, xaricdə futbolumuzu təmsil edən ilk azərbaycanlısınız. Sizə həmin ölkələrdə münasibət necə idi?

- İspaniyada, Portuqaliyada mən futbol sərgiləyəndə bu ölkələrin insanları ölkəmiz barədə, demək olar ki, heç bir məlumata malik deyildilər. Bu mənada mən əlimdən gələni etmişəm ki, Azərbaycanı tanısınlar. Bir də xarici klublarda oynamaq o qədər də asan deyil. Yəni xarici klublara üz tutmuş futbolçu yerli futbolçulardan daha yaxşı futbol sərgiləməyə məhkumdur. Əks halda, azarkeşlər onu qəbul etmirlər. Şadam ki, onların ümidlərini doğrulda bilirdim. Futbolçunun da çalışdığı ölkələrə rəğbəti olmalıdır. Elə mən bu niyyətlə həm ispan, həm də portuqal dillərini öyrəndim.

- Xaricdən söz düşmüşkən... Bu yaxınlarda həmsöhbət olduğum futbol yazarlarından biri sizin hazırda "Barselona"da oynayan Andres İniesta ilə əlaqələrinizin olduğunu söylədi...

- Andres İniesta İspaniyanın Albasete şəhərindədir. Mən həmin şəhərin adını daşıyan "Albasete"də oynayarkən o bu klubun uşaq komandasında ilk qədəmlərini atırdı. Lakin onunla heç bir əlaqəm olmayıb. Məncə, o, öz şəhərinin, eləcə də doğma klubunun şərəfini qoruyan futbolçuları, o cümlədən məni tanımamış deyil. Vaxtilə mənimlə birgə "Real Betis"in oyunçusu indi bu klubun vitse-prezidentdir. O biriləri də futbol üzrə müəyyən vəzifələrdə çalışırlar. Onlarla bu gün də əlaqə saxlayıram. 

- Vəli bəy, etiraf edək ki, bu gün idmanın inkişafına diqqət var. Amma futbolumuz yerində sayır. Problemlər nələrdir?

- Mənim fikrimcə, bu şərait olmasaydı, futbolumuz daha çox inkişaf edərdi. Bəli, bu gün futbolumuza çox pul ayrılır. Halbuki oyunçularımızın göstərdikləri nəticələr həmin pula dəymir. Elə bu səbəbdən də futbolçularımız xarici klublarda oynamağa can atmırlar. (Şəxsən mən futbol oynayanda pulu düşünmürdüm. Fikrim həmişə futbolda olurdu. Pul özü gəlib məni tapırdı). Çünki yaxşı bilirlər ki, onlar həmin klublarda buradakı qədər qazana bilməyəcəklər. Bu gün Ruslan Abışovdan başqa hansı futbolçumuz xarici klublarda təmsil olunur? Bir də bizdə yüksək səviyyədə, əgər belə demək mümkünsə, Avropa standartlarına uyğun futbolçu da yoxdur axı... Doğrudur, bu gün millinin baş məşqçisi postunda Berti Foqts çalışır. Amma mən onun simasında millimizin gələcəyini görmürəm. İnanmıram ki, belə hazırlıqlarla böyük nəticələr əldə olunsun. Yəqin, eşitmisiniz də, indi də millimiz Filippinlə yoldaşlıq oyunu keçirəcək. Belə hazırlıqlarla biz uzağa gedə bilməyəcəyik. Foqtsla çalışmış bir şəxs kimi onu da deyim ki, o, bizim futbolumuza nizam-intizamdan başqa heç nə gətirməyib.

- Bu fikirlərinizə görə sabah qınaq obyekti olacağınızdan çəkinmirsiniz ki?

- Burada bir sirr yoxdur ki... Bir də mən qeyri-adi heç nə demirəm ki... Nə var, onu deyirəm də...

- Bəs komandalara legionerlərin cəlb olunmasına münasibətiniz necədir? Onlar bizim futbola nə verirlər?

- Legionerlər bütün ölkələrin komandalarında var. Amma xaricdən elə oyunçular gətirirlər ki, onların səviyyələri bizimkilərdən o qədər də yüksək deyil. Bəziləri heç orta səviyyəli də olmur. Halbuki klublara ən yaxşıları cəlb etmək lazımdır ki, bizimkilər də onlardan nəsə öyrənsinlər. Bir də müşahidələrimə əsasən deyə bilərəm ki, kənardan gətirilmiş futbolçular burada can qoymurlar. Bəs onları bura çəkib gətirən nədir? Təbii ki, pul... Başqa sözlə desək, hərə özünə sərfəli futbolçunu ölkəmizə gətirir. Hətta bu cür transferlərə o qədər baş qarışıb ki, nəticədə gənc futboçularımız kənarda qalıblar.

- Sizin belə bir fikriniz var. Bernard Lippert əvvəl saat satırdı, heç futbol barədə düşünmürdü. İndi isə gəlib Azərbaycana həm U-21 yığmasının baş məşqçisidir, həm də texniki direktordur. Bizə futbol öyrətməyə çalışır. Elə indi də bu fikirdəsiniz...

- İnternetə girib "Vəli Qasımov" yazıb axtarış edin. Görün onun haqqında hansı məlumatlar üzə çıxacaq. Amma "Bernard Lippert" üçün axtarış verəndə görəcəksiniz, onun elə bir futbol karyerası yoxdur, onun adı yalnız bizim ölkə ilə birgə çəkilir.

- Bizdə artıq baş məşqçi dəyişmək ənənəsi də formalaşıb...

- Məncə, bu məsələdə klubların özləri günahkardır. Elə məşqçiləri fırladan da klublardır. Normal klublar baş məşqçilərini tez-tez dəyişməz. Bir də onların yerli şəraiti uyğunlaşmaları kifayət qədər vaxt aparır. Burada bir məsələyə də toxunmaq istərdim. Bizdə də yaxşı məşqçilər var. Amma onlardan istifadə edə bilən yoxdur. Bu gün yaxşı nəticələr göstərən Azərbaycan məşqçiləri deyilmi? Görünür, bu transferlərdə də xeyir çoxdur.

- Vəli bəy, futbol sizə nə verib, nə alıb?

- Bəri başdan deyim ki, mənə hər şeyi futbol qazandırıb. Amma o, mənə çoxlu zədələr də bəxş edib. Demək olar ki, bədənimdə zədələnməyən yer yoxdur. Elə aldığım zədələr də karyeramın bitməsində əsas rol oynayıb.

- İndiyədək neçə qola imza atmısınız?

- Sözün düzü, hesabatını aparmamışam. Odur ki, dəqiq bilmirəm.

- İdman aləmində "bəxtimiz gətirmədi" ifadəsinə tez-tez rast gəlmək mümkündür. Bu ifadə bizə sanki doğmalaşıb... Bəs sizin üçün bəxt amili nə deməkdir?

- Bəxt hər yerdə lazımdır. Amma əslində bəxti də axtarmaq lazımdır. Onu aramasan özü gələn deyil. Mən futbolçu kimi öz bəxtimi həmişə axtarmışam və tapmışam.

- Hansı komandaya azarkeşlik edirsiniz?

- Demək olar ki, bütün komandalara... Amma "Qarabağ"a simpatiyam var. Hər şeydən əvvəl ona görə ki, o komanda yerli futbolçulardan təşkil olunub.

- Hobbiniz varmı?

- Murad adlı bir oğlum var: bir yaş 8 aylıq. Onunla oynayıram. Bu mənə kifayət edir.

- Murad da böyüyəndə top qovacaq?

- Bilmirəm, kim olacaq. Amma futbolçu da olsa, qoy məndən də yaxşı olsun, böyük klublarda oynasın.

- Həyatınızın hakimi kimdir?

- Oğlum, həyat yoldaşım - ailəm...

- Maraqlıdır, görəsən, Vəli bəy hərdən hansı mahnını zümzümə edir?

- Sözün düzü, mahnı ilə uşaqlıqdan aram yoxdur. Hə, yadıma düşmüşkən, məktəbdə xor kollektivi təşkil etmişdilər. Mən də həmin xorda bir ay çıxış etdim. Günlərin bir günü bu xor kollektivi Bakıya getməli idi. Yenidən məşqlər başladı. Məşq zamanı bir müəllim dedi ki, hər şey yaxşıdır, amma xorda bir səs xaric səslənir. O səsin də sahibi mən çıxdım. Elə o gündən oxumağın daşını birdəfəlik atdım. Səhv etmirəmsə, o zaman dördüncü sinifdə oxuyurdum.

- Vəli Qasımov başqa bir sahədə çalışsa idi, belə tanınardı?

- Mən hansı sahədə olsaydım, belə tanınardım.

- Topun, başqa sözlə desək, futbolun daşını nə vaxt atmaq fikrindəsiniz?

- Öləndə...Top, futbol mənim üçün hər şeydir.

- Başınıza gələnləri nə vaxtsa qələmə almaq fikriniz var?

- Var... Hətta başlamışam da...

"Zaman Azərbaycan" 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.