Ə. Qurbanlının sözlərinə görə, müsabiqəyə 70-ə yaxın material daxil olub, 10 yer üzrə qaliblər müəyyənləşib. Müsabiqədə I yeri Məmməd Məcidoğlu, II yeri Əlibəy Məmmədov, III yeri isə Vüsal Qocayev qazanıb. Eyni zamanda, 7 nəfər fəxri diplomla mükafatlandırılıb. Mükafatlar təşkilatçıların şəxsi hesabına verilib. I yerin qalibinə 150, II yerin sahibinə 100 və III yerə isə 50 manat dəyərində pul mükafatı təqdim olunub.
Mayın 29-da isə təşkilatçıların qaliblərlə birgə şairin anadan olduğu Şamaxıya səfəri planlaşdırılır. Müsabiqə iştirakçıları Mirzə Ələkbər Sabirin qəbrini və ev muzeyini ziyarət edəcəklər.
Təşkilatçılar bu müsabiqənin ənənəvi olaraq keçirilməsi arzusunda olduqlarını da diqqətə çatdırıblar və qeyd ediblər ki, bununla bağlı Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinə, eləcə Azərbaycan Yazıçılar Birliyinə müraciət etməyi düşünürlər.
Mükafatlandırma mərasimində iştirak edən M.Ə. Sabirin gəlini, əməkdar müəllim, fəlsəfə doktoru Zemfira Tahirli müsabiqə təşkilatçılarına təşəkkürünü bildirib.
Milli.Az

