Mədəniyyət

Elman Rəfiyev: "Erotik çalarları daha üstüörtülü..."

13 Aprel 2016 22:04
0 Şərh     Baxış: 5 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, həm çalışdığı teatrın direktorudur, həm də aktyoru. Ancaq söhbətimiz zamanı onu xüsusilə aktyor kimi təqdim etməyimizi xahiş etdi. Deyir, direktorluq postu müvəqqəti ola bilər, amma səhnə və sənətim həmişə mənimlədir. Elə ona görə yüksək temperaturu olsa da, bir az sonra sevə-sevə səhnəyə, tamaşaçıların qarşısına çıxacaqdı...

Beləliklə, Milli.Az-ın müsahibi Dövlət Pantomima Teatrının aktyoru və direktoru, əməkdar artist Elman Rəfiyevdir.

- Elman bəy, son vaxtlar Pantomima Teatrı haqqında belə bir fikir yaranıb ki, əvvəlki azadlığını itirib. Siz özünüz bu barədə nə düşünürsünüz?

- Bunu ilk dəfədir sizdən eşidirəm. Mən bu teatrın özülü qoyulan gündən buradayam və ilk aktyorlarındanam. Belə bir şey olsaydı, ilk mən bilərdim. Bu fikri insanlara kimin aşılaması mənim üçün maraqlıdır.

- Söhbət ondan gedir ki, əvvəlki tamaşalardakı kimi müstəqil mesajlar ötürülmür. Sanki, Pantomima da digər teatrların dediyini deyir.

- Pantomima Teatrının keçmişdə hazırladığı tamaşalar o dövrə uyğunlaşmış tamaşalar idi. İndi tamaşaçı bizdən bunu istəyir. Yəni biz teatrıqsa, fəaliyyət göstəririksə, çalışmalıyıq ki, tamaşaçının istəyinə uyğun tamaşalar hazırlayaq. Mesajların zəifliyinə qaldıqda isə, mən bunu belə izah edərdim. Pantomima yarananda burada olan aktyorlar var idi ki, onlar hamısı getdilər. Bu da teatra az da olsa zərbə vurur. Bu teatrdan Rövşən İsax, Səyavuş Hüseynli, Elnur Şabanov, Nicat Kazımov, Pərviz Məmmədrzayev, Qurban Məsimov getdi. Hamısı monumental, Pantomimanın özülünü qoyan insanlar idi. Onların yoxluğu, sözsüz ki, tamaşaya təsir edir. Ancaq əsas olan odur ki, bu gün tamaşaçının bizdən tələbi budur. Bir şeylə razıyam, tamaşaçılarımızdan biri demişdi ki, mən tamaşalarınızdan əvvəlki enerjini ala bilmirəm. İllər bir-birini əvəzləyir, tamaşaçılar bizdən başqa mesaj istəyir.

- Belə çıxır ki, siz kütləylə hesablaşıb axına düşürsünüz? Halbuki, Pantomima Azərbaycanda ən fərqli üslubu olan teatr idi.

- Yox, biz kütləyə qoşulub axına düşmürük. Bizim teatrın repertuarına diqqət etsəniz, kütlə də nəzərə alınıb, bizim öz mesajlarımız da. Biz kütlənin ab-havasına uyub nə isə yaratmırıq. Ancaq biz görəndə ki, kütlə bizdən bunu istəyir, biz onda o cür tamaşalara müraciət edirik.

- Onların nə istədiyini necə müəyyən edirsiniz?

- Bunu biz - Bəxtiyar müəllim və aktyorlar hiss edirik. Məsələn, Bəxtiyar müəllim deyir ki, məni manqurtlaşma mövzusu narahat edir, gəlin buna aid bir tamaşa hazırlayaq. Ancaq eyni üslubun ardınca getmək olmaz ki, mən bunu hazırlayıram. Başa düşürsən düş, düşmürsən düşmə. Tamaşaçıya qiymət vermək lazımdır. Çünki teatrda qiyməti tamaşaçı verir. Özündən Amerika kəşf eləsən belə, tamaşaçıya uyğunlaşmalısan.

Bilirsiniz ki, Pantomima Teatrı üçün ssenari yazan yoxdur. Bəxtiyar müəllim yetişdirdiyi gənc aktyorlara deyir ki, bu meydan, bu da siz. Yazın, tamaşaya qoyun, tamaşaçı görsün. Mən tamaşaya baxmayacam, görüm bu illər ərzində məndən nə öyrənmisiniz?

- Bu yaxınlarda da teatrdan gedənlər oldu. Səbəb nəydi?

- Bu, bütün dünya teatrlarında baş verir. Gürcüstan Dövlət Pantomima Teatrından misal gətirmək istəyirəm. Bu teatr 50 il ərzində 46 truppa dəyişib. Bu, labüd haldır. Gələn insan öyrənir və sonra qapı açıqdır. Getmək istəyirsən, get, qalmaq istəyirsən, qal. Mən 28 ildir Bəxtiyar Xanızadənin yanında sadiq bir dostu kimi qalmışam.

- Truppanın dəyişməyinin xarakteri var. Bir var yol ayrılır, aktyor başqa sahədə özünü sınamaq istəyir. Yəni bu gedişlərin əsasında sırf yaradıcılıq səbəbləri dayanır, xüsusi bir narazılıq çaları olmayıb ki?

- Qətiyyən yox. Bəxtiyar Xanızadə 28 il əvvəl bu teatrı yaradanda demişdi ki, mənim teatrım gələnin də, gedənin də üzünə açıqdır. Hansısa aktyor görür ki, onun yaradıcılığı bura sığmır və dostcasına vidalaşıb gedir. Gedənlər bilgilərini paylaşmağa gedirlər. Bildiyiniz kimi, aktyorların maaşı azdır, onların bu maaşla dolanması çox çətindir. Deyirlər, aktyor səhərdən-axşama kimi ac olmalıdır. Ancaq aktyor səhnəyə ac çıxanda tamaşaçı bunu hiss edir. Tamaşaçı, həqiqətən də, barometrdir.

- Maaşdan söhbət düşmüşkən... Bunu təkcə maraq üçün soruşmuram, doğrudan da, düşündürücüdür: bu qədər az maaşla necə dolanırsınız?

Bu vaxt teatrın aktyorlarından biri içəri daxil olur. Elman bəy aktyora işarə edərək:

- Suala cavabımın birinci hissəsi bax bu aktyordur. Həm aktyorumuzdur, həm işıqçımız, həm də dolanmaq üçün bağçada pantomima truppası yaradıb. Bağçada!

Həyatda bir sənətlə məşğul olmağa çalışmaq lazımdır. Və o sənətin kamil bilicisi olandan sonra ruzi özü gələcək. Əgər sən peşəkar aktyorsansa, dolanacaqsan. Aktyor nəyi bacarmalıdır? Danışmağı, hərəkəti, dublyajı, aparıcılığı, öyrətməyi və digər şeyləri. Hansı aktyor deyir ki, mən dolana bilmirəm, deməli, o, zəif aktyordur. Təkcə maaşa uyğunlaşmış insandır. Amma bizim aktyorların hamısı əlavə işlərlə məşğul olur. Mən özüm 13 il Xəzər Universitetinin "Dünya məktəbi"ndə nitq mədəniyyətindən dərs demişəm. Mənim müəllimlik təhsilim yoxdur. Sinfə girəndə uşaqlara dedim ki, mən müəllim deyiləm, sadəcə gördüyüm müəllimlərin rolunu oynayacam. Görün xoşunuza gəlir? Səmimi söhbət etmək lazımdır.

Mən, həmçinin dublyaj və başqa işlərlə məşğul oluram. Sən kamil sənətçisənsə, sənin ruzin var. Bizim aktyorlarımızın çoxu yaxşı pul qarşılığında filmlərə, seriallara çəkilirlər, tədbirlər, məktəblərdə əlifba bayramı hazırlayırlar. Maaş azdır, neyləmək olar? Sən ancaq maaşla dolanası olsan, acından öləcəksən.

Bizim teatra gələnlər maaş üçün gəlmirlər, özlərini sınamağa gəlirlər. Elələri də olur ki, buranın populyarlığına görə gəlirlər. İstəyirlər ki, gəlib burada tez bir zamanda məşhurlaşsınlar, xarici ölkələrə qastrollara getsinlər. Bunu rejissor o dəqiqə hiss eləyir ki, sən sənət üçün gəlməmisən, buradan harasa getmək üçün gəlmisən.

- Bayaq dediniz ki, mən 28 ildir bu teatrdayam, Bəxtiyar müəllimin ən sadiq dostu kimi yanındayam. Bəlkə, sizin bu teatrda rəhbər vəzifədə olmağınız qoymayıb getməyə. Sadəcə, teatrın aktyoru olsaydınız, yenə getməyi düşünməzdiniz?

- Mən bu teatrın, ilk növbədə, aktyoruyam. Çünki direktorluğu mənim əlimdən ala bilərlər, ancaq sənətimi yox. Mənim sadiqliyim direktorluğuma görə deyil. Günü sabah direktorluqdan çıxa bilərəm, amma mən yenə səhnədə olacam. Küçədə məni direktor kimi yox, aktyor kimi tanıyırlar. Mən Pantomimanın siması, reklam üzüyəm, bu, mənim üçün ən böyük qiymətdir. Pantomimada uzun müddət qalmağımın səbəbi burada özümü tam sərbəst hiss etməyimdir.

- Bəs Pantomima Teatrı bu gün cəmiyyətin hansı problemlərinə güzgü tutur?

- Bizim bir tamaşamız hazırlandı - "Manqurt". Manqurt nədir? Bu gün hamımız zombiləşmişik, hamımız telefon xəstəsi olmuşuq, hamımızın krediti var, hamımızın nə isə bir peoblemi var. Bu mövzu bizi ağrıtdı və Bəxtiyar Xanızadə dedi ki, gəlin bu mövzuya müraciət edək. Mən demirəm, mən fərqliyəm, mən də onların içindəyəm, onlardan biriyəm. Əsrlərdir var olan qadın-kişi problemlərinə toxunuruq. Bir dəfə bir xanım tamaşaçımız tamaşamıza baxandan sonra gəlib demişdi ki, nişanlımdan ayrıldım. Başa düşdüm ki, mən onunla bir ömür yaşaya bilmərəm.

- Elman bəy, bu gün Azərbaycan teatrı tamamilə azad deyil. Bir teatr adamı kimi necə düşünürsünüz, nə olsa, nəyi etsələr, teatr azad şəkildə fəaliyyət göstərə bilər?

- Mən bu sualla hardasa razılaşmaya bilərəm. Çünki bu gün Azərbaycan teatrında aktyorlara, rejissorlara yaradılan şərait 10 il bundan əvvəl yox idi. Bu gün aktyorlar, rejissorlar təhsillərini artırmaq üçün dövlət hesabına xarici ölkələrə gedirlər. Xaricdən tamam başqa düşüncəli bir insanı bura gətirirlər ki, tamaşa qoysun. Mən düşünmürəm ki, teatrların azadlığı əllərindən alınıb. Bu situasiyanı yaradan aktyorun, rejissorun özüdür. Öz ampulasını çatdıra bilmir, deyir ki, mənim azadlığım yoxdur. Onlar sənətə qeyri-peşəkar yanaşanlardır.

- Deməli, "Azdrama"da qoyulan tamaşada elə açıq səhnə olur ki, tamaşaçı onu qəbul etmir və zalı tərk edir. Ancaq, məsələn, sizin teatrda "Maska" tamaşasında ondan da artıq səhnələr var idi və tamaşaçı buna aqressiv reaksiya vermirdi. Sizcə, tamaşaçı o hərəkətləri, mesajı başa düşmədiyindən qalır, yoxsa başa düşüb qalır?

- Digər teatrlarda əsas silah sözdür. Tamaşaçılar bir-biriylə söhbət edən zaman yenə də aktyorların nə dediyini eşidir, söhbətdən xəbərdar olur. Ancaq bizdə hər şey hərəkətdən ibarətdir. Onun başı qarışıb bircə hərəkəti qaçırması belə bəsdir. Ola bilsin ki, tamaşanın məğzi məhz o hərəkətin üzərində qurulmuşdu. Mən deməzdim ki, bizim tamaşaçının səviyyəsi digər teatrlarların tamaşaçılarından üstündür, yaxud aşağıdır. Əsas olan peşəkarlıqdır. Yalnız və yalnız peşəkarlıqla tamaşaçını teatra bağlamaq olar...

- Gəlin bir az konkretləşdirək. Açıq-saçıq səhnələr qeyri-peşəkarlıq əlamətidir?

- Hardasa hə. O vaxt peşəkarlıq olar ki, bu, ali məqsədə, sənətə xidmət edir. Yoxsa, sadəcə, tamaşaçı cəlb etmək üçün bu səhnələri tamaşaya yamamaq qeyri-peşəkarlıqdır. Mən illər öncə Kukla Teatrında bir tamaşaya baxmışdım, orada aktrisa səhnəyə yarıçılpaq çıxırdı, mən onu da bəyənməmişdim. Məncə, erotik çalarları daha üstüörtülü, estetik çatdırmaq lazımdır tamaşaçıya. Belədə tamaşaçı daha çox inanacaq əsərə.

- Elman bəy, digər teatrlarda hər şey açıq-aşkar sözlə deyildiyindən sözə qadağa qoyulur. Ancaq sizdə təqdimat başqa cürdür. Bəs sizdə hansısa hərəkətlərə qadağa qoyulur?

- Hə. Ola bilər ki, biz tamaşanı hazırlayırıq, ancaq Bəxtiyar müəllim deyir ki, yox, bu, belə olmaz. Yaxud da niyə məhz sola baxdığımızı arqumentlərlə əsaslandırmalıyıq. Əgər əsaslandıra bilsək, o cür də oynayırıq. Bəzən bəyənmədiyi hansısa səhnəni və hərəkəti düşünüb gəlir və qəbul etdiyini deyir.

- Mən teatra dövlət nəzarətini nəzərdə tuturdum. Daha dəqiq desək, Pantomima Teatrına senzura var?

- Qətiyyən. Bizim teatrda heç bir senzuradan söhbət gedə bilməz.

- Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tamaşalarınıza ilkin baxış keçirirlər?

- Bəli. Bəzən hansısa səhnəni çıxarmaq da təklif olunur. Ancaq bu, siz dediyiniz senzura mənasında, bir qadağa kimi qoyulmur. Sadəcə, məsləhət görülür ki, bu səhnənin olması sənətkarlıq baxımından, teatral baxımdan düz deyil. Biz də razılaşırıq.

- Məsələn, heç olurmu ki, nazirliyin əməkdaşı tamaşanıza baxsın və desin ki, yox, belə səhnəni oynamaq olmaz, bu cənab nazirin xoşuna gəlməyə bilər?

- Yox, qətiyyən. Belə şeylər olmur.

Sevinc Fədai
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.