Dünya

Mərkəzi Asiyada gərginlik pik həddə - Qırğız-tacik qarşıdurması bölgəyə nə vəd edir? - VİDEO

30 Aprel 2021 11:02
Baxış: 3 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdir ki, sabitliyin hökm sürdüyü Mərkəzi Asiya yenidən gərgin bölgəyə çevrilmək təhlükəsini yaşayır. Bölgənin iki qeyri-sabit ölkəsi - Qırğızıstan və Tacikistan yaşadıqları sərhəd münaqişəsi ilə dünya mediasının diqqət mərkəzinə düşüblər. İlkin məlumatlara görə, yerli sakinlər və sərhədçilər arasında baş vermiş toqquşmada onlarla insan xəsarət alıb. 

Son məlumata görə, 11 nəfər həlak olub. Mübahisəyə səbəb kimi sərhəddə yerləşən supaylayıcı məntəqə göstərilir. Sakinlərlə hərbçilər arasında mübahisə aprelin 28-də başlayıb. Ertəsi gün isə tərəflər bir-birlərini atəş açmaqda ittiham ediblər. Mübahisəyə səbəb "Qolovnoy" supaylayıcısı qurğusudur - Sovet İttifaqının 1960-cı illərində Qırğızıstanın sifarişi ilə tikilib. Lakin Taciksitan rəsmiləri iddia edirlər ki, məntəqə Tacikistan ərazisindədir və həmişə onun istifadəsində olub. Supaylayıcı məntəqəyə yaxın kəndlərin sakinləri arasında münasqişələr ötən əsrin sonlarından başlayıb. 1974-cü ildə burada ilk silahlı üsyan qeydə alınıb. Qırğızıstan tərəfi bildirir ki, qarşıdurma tacik tərəfi məntəqəyə müşahidə videokamerası qoyandan sonra qızışıb. Artıq Qırğızıstan hökuməti Tacikistanla sərhəddə vəziyyəti nəzarətdə saxlamaq üçün operativ qərargah yaradıb.  

Bəs görən qəfil yaşanan gərginliyin arxasında həqiqətənmi su problemi var, ya fövqəldövlətlərin maraqlarının toqquşması səbəbindən gərginlik yaranıb? Məsələ ondadır ki, ABŞ-ın Mərkəzi Asiya ilə əməkdaşlıq üçün ilk dəfə 2015-ci ildə ortaya atdığı "C5+1" formatı, yəni Mərkəzi Asiyanın 5 ölkəsi və ABŞ arasındakı əməkdaşlıq Tramp administrasiyası dövründə arxa plana keçsə də, Baydenin hakimiyyətə gəlməsindən sonra, daha doğrusu demokratların yenidən hakim postu ələ keçirməsindən sonra təkrar gündəmə gəlib. İlin əvvəlində Mərkəzi Asiya ölkələrinə 1 milyard dollar dəyərində yatırımları nəzərdə tutan ABŞ, Özbəkistan və Qazaxıstanın birgə "Mərkəzi Asiya İnvestisiya Əməkdaşlığı" təşəbbüsünü elan etməsi isə bunun göstəricisi hesab edilə bilər. Lakin ABŞ-ın bu regionda güclü rəqibləri var - Rusiya, Çin və İran.

Rusiyanın təsir gücü regionda get-gedə azalmaqdadır. Rusiya mediasında, ekspert dairələrində Türkiyənin bölgədə aktivliyi qabardılır. Xüsusən də rus ekspertləri həyəcanlı şəkildə Türk Şurasının hərbi qanadı olacaq "Böyük Turan ordusu"nun yaradılması barədə ehtimallar irəli sürürlər. Bu məsələdə Trans-Xəzər nəqliyyat və enerji dəhlizi layihəsi də önə çəklir.

Yeri gəlmişkən, bölgə ölkələrinin üzərində razılaşa bilmədiyi ən əsas problemlərdən biri də su problemidir. Belə ki, sərhədlər çəkilərkən Fərqanə vadisinin ən geniş və yaşıl hissəsi Özbəkistana, su ilə zəngin olan və dağlar qoynunda yerləşən torpaqlar Qırğızıstana, iqtisadi və strateji baxımından açar nöqtədə yerləşən ərazi isə Tacikistana qalıb. Beləliklə Tacikistan Sırdərya çayının bəzi yuxarı axar bölgələrində suyun axışına nəzarət edə bilsə də, bölgənin əsas su təminatı (xüsusilə Narin çayı) Qırğızıstanın nəzarəti altında qalıb. Sovet dövrü bölgə ölkələri bu çayların suyunu rahat şəkildə istifadə etsələr də, müstəqillikdən sonrakı dövrdə ölkələr arasında problemlər yaşanmağa başlayıb.

Azər NURİYEV
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.