Dünya

Bayden “fəlakət silahı”nı işə saldı: “Putinsiz Rusiya” və ya “Rusiyasız dünya” arasında seçim...

12 May 2022 13:36
2 Şərh     Baxış: 1 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ukraynanın uzun müddət müharibə aparmaq qabiliyyətini qorumaq niyyətində tamamilə ciddi olduğundan Kremlin atacağı cavab addımları Rusiyanın gələcək taleyini müəyyən edə bilər; Qərb prezident Vladimir Putinin liderlik etdiyi Rusiyanı istəmir, əgər, o, hakimiyyətdə qalmaqda davam edərsə, bu nəhəng dövlətin tamamilə çökdürülməsinə cəhd göstəriləcək...  

Milli.Az yeni müsavat-a istinadən xəbər verir ki, Rusiyaya qarşı beynəlxalq təzyiqlər intensiv şəkildə güclənməkdə davam edir. Kremlin dünyadan təcrid edilməsi istiqamətində də qətiyyətli addımlar atılır. Və bu, Rusiyanın gələcək taleyi ilə bağlı optimist ehtimalları birmənalı şəkildə əhəmiyyətdən salır.

Hazırda Rusiya Ukraynada müxtəlif hərbi cinayətkarların törədilməsində suçlanır. İttihamların sırasında mülki şəxslərə qarşı soyqırımla eyniləşdiriləcək qədər dəhşətli kütləvi qətliamlar barədə iddialar da yer alır. Litva parlamenti son toplantısında Rusiyanın terrorçu dövlət elan edilməsi barədə qərar da qəbul edib.

Təbii ki, bütün bunlar Rusiyanın gələcək perspektivləri baxımından olduqca ciddi təhlükələr də vəd edir. Belə ki, Ukrayna savaşından sonra Rusiyanın və onun hərbi-siyasi rəhbərliyinə daxil olan bir sıra şəklində şəxslərin beynəlxalq məhkəmə qarşısında mühakimə olunması ehtimalı qətiyyən istisna deyil. Hər halda, gələcəkdə Rusiyaya qarşı belə bir məhkəmə prosesinin qurulmasında maraqlı olan beynəlxalq siyasi iradə mərkəzləri mövcuddur. Və həmin siyasi iradə mərkəzləri elə indidən hərbi cinayətlərin sübutuna imkan verə biləcək faktların toplanmasına başlayıblar.

Bəzi ehtimallara görə, Rusiya yaxın gələcəkdə dünyadan tamamilə təcrid olunmuş, hərbi-siyasi iradəsi öz sərhədləri içərisinə qapadılmış bir dövlətə çevrilə bilər. Hesab olunur ki, bunun baş verməsinin mümkün olması üçün Rusiyanın nüvə silahından məhrum edilməsi də vacib şərtlərdəndir. Yalnız nüvə silahından məhrum edilmiş Rusiyanın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü sırasından xaric edilməsi mümkün ola bilər. Və bu halda, Rusiyanın beynəlxalq məhkəmə qarşısında mühakimə olunması da reallaşar.

Təbii ki, bütün bunlara qədər Rusiyanın Ukrayna savaşında birmənalı şəkildə məğlub ölkə durumuna düşməsi də vacibdir. Çünki, Ukrayna savaşından qalıb çıxacağı təqdirdə, heç bir beynəlxalq güc Rusiyanı beynəlxalq məhkəmə qarşısına çəkə bilməz. Əksinə, qalib Rusiya özü ABŞ və Qərbə meydan oxumaq, beynəlxalq məkanda şərtləri diqtə etmək, son nəticədə isə düşmənlərini mühakimə etmək şansı qazanmış olacaq.

Şübhəsiz ki, ABŞ və Qərb belə bir təhlükənin baş vermə ehtimalını qətiyyən istisna etmir. Üstəlik, Rusiyanın davranışları və planları barədə mövcud olan yeni məlumatlar da ABŞ və Qərbi narahat edə biləcək məzmun daşıyır. ABŞ kəşfiyyatı Kremlin Ukraynadan sonra bəzi digər qonşu MDB ölkələrinə də hərbi müdaxilə planları qurduğunu iddia edir. Hətta Rusiyanın Moldova ərazisində hərbi əməliyyatlara başlamasının Ukrayna savaşına paralellik təşkil edə biləcəyini də vurğulayır. Və Rusiyanın bu hərbi əməliyyatlarının gələcəkdə Avropa qitəsinə, NATO ölkələrinin ərazilərinə sıçramayacağına da heç bir təminat yoxdur.

Göründüyü kimi, ABŞ və Qərb hazırda Ukraynaya hərbi yardım göstərməklə, əslində, həm də Rusiya aqressiyasının cilovlanmasına cəhd göstərir. Avropa Birliyinin təhlükəsizlik məsələləri üzrə təmsilçisi Jozep Borrel hesab edir ki, Ukraynanın dəstəklənməsi beynəlxalq hüquq sisteminin müdafiə olunması məqsədi daşıyır. Ona görə də, Avropa Birliyinin Ukraynanı müdafiə etməsini bu qurumun Rusiya ilə mübarizə aparması kimi anlamaq tamamilə yanlışdır: "Biz Rusiyanı və Putini zəiflətmək istəyirik. Əks halda, dünyada cəngəllik qanunları qalib gələcək".

Ancaq ABŞ prezidenti Co Bayden əmindir ki, Rusiya dünyada "cəngəllik qanunları"nın hegemonluğunu qurmaq şanslarını sürətlə itirir. Ağ Ev sahibi hesab edir ki, prezident Vladimir Putin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi sayəsində NATO-nu və Avropa Birliyini parçalaya biləcəyini düşünməklə, böyük səhv edib: "Əksinə, ABŞ və müttəfiqləri birləşərək, Ukraynaya köməyə gəldilər və onun bütün planlarını pozdular. V.Putinin Rusiyanı artıq Ukrayna ilə müharibədən çıxartmaq imkanları yoxdur".

Təbii ki, prezident Co Baydenin "Rusiyanın Ukrayna savaşından çıxmaq imkanları" barədə dedikləri əslində, ikibaşlı anlam daşıyır. Birinci məna odur ki, Rusiya Ukraynada "savaş bataqlığı"na salınıb və oradan hələ uzun müddət çıxa bilməyəcək. Digər mənaya gəldikdəsə, böyük ehtimalla Ağ Ev sahibi Rusiyanın Ukrayna savaşından qalib çıxa bilməyəcəyini demək istəyir.

Əslində, ABŞ prezidenti Co Bayden öz qərarları və atdığı addımlar ilə Rusiyanın "savaş bataqlığı"nda uzun müddət ilişib, qalması, eləcə də Ukrayna müharibəsində ağır məğlubiyyətə uğraması üçün əlindən gələn hər şeyi edir. Hər halda, Ağ Ev sahibinin Ukraynaya hərbi yardımla bağlı Lend-liz qanununu imzalaması ABŞ prezidentinin Rusiyaya qarşı ata biləcəyi ən radikal addımların sırasına aid edilə bilər. Çünki, bu qanun Ukraynaya məhdudiyyətsiz silah tədarükünü nəzərdə tutur. Yəni, Ukraynaya silah verilməsinə əngəl olan bütün hüquqi məhdudiyyətlər aradan qalxır. 

Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidentləri indiyə qədər cəmisi bir dəfə Lend-liz qanunu imzalamışdılar. Belə ki, İkinci Dünya Müharibəsi zamanı keçmiş SSRİ-ni məhz Lend-liz qanunu xilas etmişdi. Çünki, həmin qanunun təsdiqlənməsi sayəsində ABŞ faşist Almaniyasına qarşı vuruşan SSRİ-yə hər cür hərbi texnika, silah-sursat və ərzaq yardımı göstərə bilmişdi. Və nəticədə faşist Almaniyasının məğlubiyyəti ilə dünya qorxunc kabusdan xilas olmuşdu.

İndisə, Ağ Ev sahibi ABŞ tarixində ikinci dəfə Lend-liz qanunu imzaladı. Ancaq ilk dəfə faşist Almaniyasına qarşı imzalanan həmin qanun indi Rusiyanı hədəfə çevirəcək. Rusiyanın savaş meydanında hər gün çoxlu sayda hərbi texnika və külli miqdarda maliyyə vəsaiti itirdiyi halda, Ukrayna müharibəni davam etdirmək üçün lazım olan hər şeylə təmin olunacaq.

Onu da qeyd etmək lazımdır ki, prezident Co Bayden ABŞ Konqresinə müraciət edərək, Ukraynaya yardım üçün 40 milyard dollar həcmində maliyyə vəsaitinin ayrılmasını istəyib. Ağ Ev sahibi vurğulayıb ki, Ukraynaya dəstək verilməsi ABŞ-ın maraqları və tarixi zərurət baxımından, önəmlidir. O, bildirib ki, hazırda Ukraynaya dəstək üçün ayrılmış maliyyə vəsaiti artıq tükənmək üzrədir. Hətta təxminən 10 gündən sonra ABŞ Ukraynaya yardım etmək imkanlarını itirə bilər. Ona görə də, prezident Co Bayden ABŞ Konqresindən 40 milyard dollarlıq dəstək paketinin ən qısa zamanda təsdiqlənməsini xahiş edib.

Belə anlaşılır ki, ABŞ Ukraynanın Rusiya ilə uzun müddət müharibə aparmaq qabiliyyətini qorumaq niyyətində tamamilə ciddidir. Belə vəziyyətdə Kremlin atacağı cavab addımları da böyük maraq doğurur. Halbuki, Rusiyanın buna qarşı alternativ variantlarının çox olduğu qətiyyən inandırıcı görünmür. Böyük Britaniya və Avropa Birliyinin də ABŞ-a paralel olaraq, Ukraynaya hərtərəfli dəstək verdiyini nəzərə aldıqda, Rusiyanı daha ağır dövrün gözlədiyi qətiyyən şübhə doğurmur.

Beləliklə, Ağ Ev sahibi Co Bayden Rusiyaya qarşı "fəlakət silahı"nı artıq işə salıb. İndi Kremlin qarşısında yalnız iki seçim qalıb. ABŞ və Qərb V.Putinin liderlik etdiyi Rusiyanı istəmir. Əgər, prezident V.Putin hakimiyyətdə qalarsa, Rusiyanın tamamilə çökdürülməsinə cəhd göstəriləcək. Deməli, Kremldə tezliklə "Putinsiz Rusiya" və yaxud "Rusiyasız dünya" variantlarından hansının seçiləcəyinə taleyüklü qərar verməli olacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.