Xaçmaz rayonunun Çaykənarı kəndində dəhşətli hadisə baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Həqiqət Məmmədova bıçaq xəsarətləri nəticəsində həyatını itirib. İlkin məlumatlara əsasən, qadını onun 17 yaşlı oğlu qətlə yetirib.
Milli.Az xəbər verir ki hadisənin ailə-məişət zəminində, qısqanclıq səbəbindən baş verdiyi ehtimal olunur. Qonşular bildiriblər ki, ana ilə oğul arasında telefon üstündə mübahisə yaranıb. "İki oğlu var, kiçik oğlu anasını öldürüb. Deyilənə görə, hadisə telefonla bağlı olub. Uşaq anasına 'danışma, telefonu ver, sındıraram' deyib və aralarında mübahisə yaranıb", - mərhumun qohumu bildirib.
Ağır yaralanan Həqiqət Məmmədova təcili yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxananın həkimi Orxan Şeydayevin verdiyi məlumata görə, qadın çoxsaylı bıçaq xəsarətləri ilə tibb müəssisəsinə gətirilib:
"Pasiyentdə döş qəfəsi və qarın nahiyəsində dərin kəsilmiş-deşilmiş yaralar, həmçinin sol dirsək oynağı, sağ said və sol əlin ovuc hissəsində çoxsaylı kəsiklər aşkar edilmişdi. Bütün reanimasiya tədbirlərinə baxmayaraq, qadın oktyabrın 30-da axşam saatlarında vəfat edib".
Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Milli.Az





