Cinayətkar dəstə rəhbəri kimi tanınan və "Kölnün atası" (Köln'ün babası) və ya "Cəhənnəm Necati" ləqəbləri ilə məşhur olan Necati Coşkun Arabacı həbs edilib.
Milli.Az xəbər verir ki, İzmir Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan uzunmüddətli əməliyyat nəticəsində, təşkil edilmiş cinayətkar dəstənin qurucusu və rəhbəri olduğu iddia edilən 53 yaşlı Coşkun Necati Arabacı Adnan Menderes Hava Limanında keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Arabacının qanunsuz fəaliyyətlərdə - o cümlədən çirkli pulların yuyulması, narkotik və silah qaçaqmalçılığı kimi cinayətlərdə iştirak etdiyi müəyyən olunub. O, ciddi təhlükəsizlik tədbirləri altında saxlanılaraq ifadə vermək üçün İzmir İl Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə aparılıb.
Polisdəki ilkin istintaq prosedurlarından sonra Arabacı məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, rəsmi şəkildə həbs olunub.
Lalə Qüdrətova
Milli.Az