Uşaqlıq boynu xərçəngi qadınlarda ən çox rast gəlinən bədxassəli şişlərdən biridir.
Milli.Az bildirir ki, bunu rusiyalı onkoloq-ginekoloq Yekaterina Çerepanova söyləyib.
Onun dediyinə görə xəstələrin çoxu hələ də xəstəliyin gec mərhələsində həkimə müraciət edir.
Mütəxəssisin sözlərinə görə uşaqlıq boynu xərçənginin əsas səbəbi insan papilloma virusunun (HPV) onkogen ştammlarına yoluxmadır. Ən təhlükəli növlər arasında HPV 16 və HPV 18 göstərilir.
Xəstəliyin təhlükəsi ondadır ki, ilk mərhələlərdə demək olar ki, heç bir simptom müşahidə olunmur. Şiş uzun müddət ərzində yavaş-yavaş inkişaf edir və yalnız qonşu toxumaları zədələdikdə ağrı və ya narahatlıq yaranır. Bu səbəbdən, ilkin əlamətlər çox vaxt digər ginekoloji problemlərlə qarışdırıla bilər.
Həkimin sözlərinə görə, xəstəliyin klassik simptomlarından biri cinsi əlaqədən, ginekoloji müayinədən sonra baş verən yüngül qanlı axıntılardır. Bu əlamətlər adətən ağrısız olur və xüsusilə menopauza dövründə müşahidə olunarsa, ciddi siqnal sayılmalıdır.
Xəstəliyin irəliləməsi ilə qadınlar qarın aşağı hissəsində küt ağrılar, sarımtıl-yaşıl və ya pis qoxulu ifrazatlar, qaşınma və yanma hissi kimi şikayətlər də yaşayırlar.
Yekaterina Çerepanova vurğulayıb ki, uşaqlıq boynu birbaşa vizual müayinə üçün əlçatan orqandır, buna görə də müntəzəm ginekoloji baxışlar və skrininq proqramları xəstəliyin qarşısını almaqda əsas rol oynayır.
"Vaxtında aparılan müayinə uşaqlıq boynu xərçəngi hallarının 90 faizinə qədərinin qarşısını ala bilər".
Ekspertin fikrincə, HPV daşıyıcılığı avtomatik olaraq xərçəng demək deyil, lakin bu halda davamlı müşahidə və erkən diaqnostika həyati əhəmiyyət daşıyır.
"Vaxtında müayinələr qadınlara xərçəngi erkən mərhələdə aşkar etmək və tam sağalma şansını qorumaq imkanı verir," - deyə Çerepanova fikrini yekunlaşdırıb.
İsmayıl
Milli.Az