Türkiyə

“Hürriyyət” nəşri Xocalı soyqırımından yazdı

26 Fevral 2023 19:00
Baxış: 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ingilisdilli gündəlik "Hürriyet Daily News" qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məqalədə 1992-ci il fevralın 26-na keçən gecə birinci Qarabağ müharibəsinin ən dəhşətli qətliamının baş verdiyi bildirilir.

"Xocalı soyqırımı yüzlərlə günahsız azərbaycanlının həyatına son qoydu. Azərbaycanın Xocalı şəhərinə hücuma keçən Ermənistan silahlı qüvvələri qadınlara, qocalara və uşaqlara rəhm etmədi. Xocalı sakinlərinin şəhəri tərk etməsi üçün qondarma "dəhliz" yaradılmasına baxmayaraq, yolda bu insanlara hücum edilib. Qətliam nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 dinc sakin öldürülüb, ağır işgəncələr nəticəsində min nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Şəhərin bir çox sakini itkin düşüb və onların taleyi bu günə qədər naməlum olaraq qalır", - deyə məqalədə bildirilir.

Qeyd edilir ki, həm Azərbaycandan, həm də dünyanın hər yerindən bir çox jurnalist və fotoqraflar bu soyqırımı ilə bağlı dəhşətli kadrlar nümayiş etdiriblər. "New York Times", "TIME" jurnalı, "The Independent" və bir çox başqa nəşrlər kimi nüfuzlu tabloidlər hadisəni işıqlandırıb.

"Xüsusilə, tanınmış azərbaycanlı jurnalist Çingiz Mustafayevin çəkdiyi kadrlar ən yaddaqalanlardan birinə çevrilib və bütün dünyanı şoka salıb", - deyə məqalədə bildirilir.

Müəllif qeyd edir ki, acınacaqlı reallıq ondan ibarətdir ki, silahlı münaqişələr baş verən zaman hərbi əməliyyatların nəticələrindən ən çox uşaqlar əziyyət çəkir. 8 azərbaycanlı ailənin öldürülməsindən əlavə 25 azərbaycanlı uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 76 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Erməni Təcavüzünün Tanıdılması" İctimai Birliyinin dəstəyi ilə hazırlanmış Xocalı uşaqlarına həsr olunmuş "Onlar heç vaxt böyüməyəcək" adlı sənədli filmdə Xocalıda baş verən qətliamdan sağ qurtula bilənlərin hekayələri təsvir edilib", - deyə məqalədə bildirilir.

"31 il əvvəl birinci Qarabağ müharibəsi zamanı Xocalıda baş verənlər BMT-nin fövqəladə hallarda və silahlı münaqişələrdə qadınların və uşaqların müdafiəsi haqqında Bəyannaməsinin kobud şəkildə pozulmasıdır. Bu qətliam Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi etnik təmizləmənin sadəcə bir hissəsidir. Ermənistan tərəfi ilə sülh əldə olunandan sonra belə, Azərbaycan öz xalqının başına gələn bu ağrı və itki ilə heç vaxt barışa bilməyəcək. Tarixin bu qanlı səhifələri həmişəlik yaddaşlarda qalacaq", - deyə məqalədə bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.