İdman

“Çempionlar Liqasında belə, bu komandanın çıxışını izləyirdim” - Rəşad Sadıqov

30 Oktyabr 2021 18:07
0 Şərh     Baxış: 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yaxşı, gərgin və maraqlı oyunun şahidi olduq".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının IX turunda "Keşlə" üzərində qazanılan 2:0 hesablı qələbəni dəyərləndirərkən deyib.

Bununla xallarının sayını 15-ə çatdıran paytaxt təmsilçisinin gənc çalışdırıcısı oyunsonrası mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "Matça üstünlüklə başladıq. Daha üstün, dominant futbol oynamağa çalışdıq. Əlimizə düşən fürsətlərdən istifadə elədik, vacib qollar vurduq. Çalışdıq oyunumuzu "soyutmayaq", davam edək. "Keşlə" də bəzi anlarda təhlükəli hücumlar qururdu. Rəqib fasilədən sonra sistem dəyişikliyi elədi, ikinci hissəyə fəal başlayacaqlarını gözləyirdik. Hesabda geridə idilər, hücumda çoxalacaqlarını bilirdik. İlk 10-15 dəqiqə də "Keşlə"nin üstünlüyü şəraitində keçdi. Amma daha sonra yenə öz oyunumuzu göstərdik, fərqi artırıb, oyunu bitirmək istədik. Düzdür, bu dəfə imkanlardan istifadə edə bilmədik. Amma komandamdan razıyam. Yaxşı oyunlarımızdan birini keçirdik. Artıq növbəti tura hazırlaşmalıyıq".

39 yaşlı çalışdırıcı istənilən oyunda gücü düzgün bölüşdürməyin çox önəmli olduğunu vurğulayıb: "Ərazi üstünlüyü bizdə idi. 90 dəqiqəni eyni tempdə çatdıra bilmərsən. Mən komandanın oyun zamanı tempi yavaş-yavaş artırmasının və ərazi üstünlüyünə yiyələnməsinin tərəfdarıyam. "Neftçi" ilə oyunda hesab 1:1 idi, 1 xal, bəlkə də, bizim üçün pis deyildi. Ancaq əksinə, sürəti artırmağa çalışdıq. Bu gün də hesaba baxmayaraq, eyni şəkildə oynadıq. "Keşlə"nin nə qədər təhlükəli komanda, güclü futbolçulara malik olduğunu bilirik. Son 4 turda yaxşı çıxış etmişdilər. Ötən turdakı məğlubiyyətə baxmayaraq, qol imkanları var idi. Bu komandaya qarşı geri çəkilib hesabı qorumaq çox təhlükəli olardı. Üstünlüyü inkişaf etdirmək mütləq idi. Düzdür, alınmadı. Amma ən azı düzgün futbol oynadıq, rəqibə ikinci hissənin ortalarından üstün futbol oynamağa, fərqi azaltmağa imkan vermədik".

O, hazırda davam edən "Qarabağ" - "Neftçi" görüşü barədə də fikirlərini bölüşüb: "Məndən soruşsanız, hər tur "Qarabağ" - "Neftçi" matçının olmasını istəyərəm. Hansının heyətində olmağımdan asılı olmayaraq, bu oyun həmişə mənim üçün fərqli ab-hava daşıyıb. Hər iki komanda yaxşı formadadır".

Gənc mütəxəssis növbəti turda üz-üzə gələcəkləri "Sabah"da Murad Musayevin baş məşqçi postuna təyin olunmasını rəqib üçün üstünlük hesab edib: "Məşqçi dəyişikliyi hər zaman komandaya əlavə effekt verir. Murad Musayevi yaxşı tanıyıram, təcrübəli məşqçidir. "Krasnodar"da U-19-lar Çempionlar Liqasında çıxış edəndə belə, bu komandanın çıxışını izləyirdim. O, əsas komandada çalışanda da izləyirdim. Düşünürəm ki, çempionatımıza rəng qatacaq. "Sabah" da yaxşı heyətə malikdir. Əvvəldən necə təhlükəli idisə, bundan sonra da o cür olacaq. Yəqin sabahkı oyuna da baxacağıq ki, baş məşqçi dəyişikliyindən sonra nə qədər dəyişiklik olduğunu görək. Biz onlara qarşı nələr edə biləcəyik. Bunlar ehtimallardır. Amma heyəti də, məşqçinin oyun planını da oyun saatında dəqiq görəcəyik. Çünki "Sabah"a yeni gəlib. Nələr edəcəyini əvvəlcədən bilmək çox çətindir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.