"Məşqçilik futbolçu olmaqdan fərqlidir. Futbolçu ikən məndən məşqçiliklə bağlı sual verilsəydi, cavabım "yox" olardı".
Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu "Səbail"in sabiq futbolçusu Maykl Essyen deyib.
Hazırda Danimarkada "Nordsyelland" klubunun məşqçisi kimi fəaliyyət göstərən ötənlərin ulduz futbolçusu rəhbərliyi altında oynadığı mütəxəssislər barədə fikirlərini bildirib. Qanalı "Çelsi"dəki çalışdırıcısı Joze Mourinyonu xüsusi fərqləndirib.
"Səbail"də Aftandil Hacıyevin rəhbərliyi altında çıxış etmiş Essyen hazırda "Tottenhem"in sükanı arxasında olan portuqaliyalıdan da çox şey öyrəndiyini bildirib: "Yeni işimdən zövq alıram. Bu işin məşqçi aspektini öyrənmək çox yaxşıdır. Karyeram ərzində bir çox məşqçinin rəhbərliyi altında oynamışam. Ancaq çalışdığım məşqçilər arasında Joze Mourinyo bir nömrədir. O, hələ də əla mütəxəssisdir. Karlo Ançelotti ilə münasibətimiz də yaxşı idi. Hər ikisi çox yaxşı məşqçidir. Hər birinin karyeramda və inkişafımda rolu var".
Qeyd edək ki, Maykl Essyen ötən mövsümün sonunda "Səbail"dən ayrılıb.
Milli.Az