İdman

Rüstəm Orucov: “Atama çempion olacağımı və hərbi salam verəcəyimi söz vermişdim”

3 Noyabr 2020 16:03
Baxış: 1 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı idmançı, bir neçə gün öncə Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin qalibi Rüstəm Orucov səkkiz ay fasilədən sonra çıxış etdiyi ilk turnir barədə təəssüratlarını bölüşüb.

Milli.Az oxu.az-a istinadən bildirir.

- Bu sizin son səkkiz ay ərzində ilk turniriniz idi. Təəssüratınız necədir?

- Həqiqətən də bu turnir koronavirus pandemiyası səbəbilə səkkiz ay fasilədən sonra iştirak etdiyim ilk yarış olub. Çətin idi. Qapalı məkanlarda məşqlərə hələ də icazə verilmədiyi üçün yarışa o qədər də yaxşı hazır deyildik. Bununla belə, bütün bu aylar ərzində idman formasını qorumaq üçün kross qaçırdıq, açıq havada məşqlər edirdik. Gördüyünüz kimi bunlar əbəs yerə deyildi.

Çətinliklərdən biri də koronavirus üçün çoxsaylı testlərdən keçmək məcburiyyətində olmağımız idi. Budapeştdə beş test verdik. Biz çəki atmalı idik və test nəticələri məlum olana qədər bizi 24 saat bir otaqda saxlayırdılar. Buna hazır deyildik. Ancaq Allaha şükür olsun ki, hər şey yaxşı oldu və medal ilə geri qayıtmağı bacardıq.

Budapeştə getməzdən əvvəl atama söz verdim ki, mütləq çempion olacağam və hərbi salam verəcəyəm.

Hətta ikinci və ya üçüncü yeri də tutsa idim, mütləq hərbi salam verəcəkdim. Hesab edirəm ki, bunu etmək lazım idi, çünki bu, ölkə üçün, Azərbaycan əsgərləri üçün kiçik bir motivasiyadır, biz onların necə mübarizə apardıqlarını bilirik, xatırlayırıq və hər zaman onların yanındayıq.

- Dağlıq Qarabağdakı hadisələr və Azərbaycan ordusunun uğurları sizi nə qədər motivasiya etdi?

- Əlbəttə, bütün bunlar məni çox ruhlandırırdı. Budapeştə yalnız bir düşüncə ilə getmişdim: çempion olmaq, himnimizin orada səsləndirilməsinə və Azərbaycan bayrağının qaldırılmasına nail olmaq. Bunu özümə borc sayırdım. Mən də daxil olmaqla, bizim bütün cüdoçularımız könüllü olaraq qeydiyyatdan keçmişdik, amma bizi hələ ordu sıralarına dəvət etməyiblər. Ona görə də heç olmasa qələbəmlə ölkəmə dəstək olmaq istəyirdim. Allaha şükür ki, buna nail oldum.

- Turnir sizin üçün necə keçdi?

- Belə demək olarsa ilk döyüşdən işlər bir o qədər də yaxşı getmədi. Səkkiz ay müddətində turnirlərdə güləşmədiyimə görə narahat idim ki, artıq ilk görüşdən məğlub ola bilərəm. Tatamini hiss edə bilmirdim. İstənilən halda səkkiz ay uzun müddətdir. Özümü təcrübəsiz hiss edirdim, nə edəcəyimi bilmirdim. Uzun müddət qapalı məkanlarda güləşmədiyimiz üçün bir qədər özümü itirmişdim.

Ancaq Musa Moquşkova qarşı keçirdiyim üçüncü görüşdə başa düşdüm ki, mütləq qalib gəlməliyəm. Onu psixoloji cəhətdən sındırdığımı deyə bilərəm. Yarışa o qədər də yaxşı hazırlaşmadığımı hiss etdim, nəfəs alma və fiziki formam arzu olunan səviyyədə deyildi. Ancaq psixoloji olaraq yarışa ciddi köklənmişdim. Bunu sözlə ifadə etmək çətindir, amma döşəyə çıxanda öz-özümə "öl, bir yerin qırılsın, amma bu döyüşdə qalib gəl!" deyirdim.

M.Moquşkovla əvvəllər dəfələrlə qarşılaşmışam, döyüşlərimiz uzun sürməyib. Onun tatamidən qalxa bilmədiyini görürdüm, lakin mən də yorulmuşdum və böyük yorğunluğu aşaraq çətinliklə ayağa qalxdım. Sonunda ona fənd işlədib bu mübarizədə qalib gəlməyi bacardım.

- M.Moquşkovu məğlub etdikdən sonra isveçli Tomi Matiası çox asanlıqla keçdiniz, onu ipponla 32 saniyəyə məğlub etdiniz...

- Düzünü desəm finalda məni məğlub edib Avropa oyunlarının qızıl medalını qazandığı üçün isveçli rəqibimə çox qəzəbli idim. Bu səbəbdən, Budapeştdə ona qarşı döşəyə çıxanda çox qəzəbli idim (gülür - red). Fürsət tapan kimi dərhal ağrılı fənd işlətdim və o təslim oldu.

- Bəs isveçrəli Nils Ştump ilə final döyüşü sizin üçün necə keçdi?

- Finaldakı rəqibim mənə tanış deyildi. Budapeştdəki turnirin gedişatında o, güclü uşaqları məğlub etmişdi. Əvvəlcə düşünürdüm ki, bu, son döyüş olduğundan xüsusi olaraq diqqətlə hərəkət edəcəyəm. Ancaq onunla yarışanda o qədər də yüksək səviyyədə olmadığını hiss etdim. Fənd işlətdim və hakimlər ippon verdilər, bundan sonra sevindim və hətta rahatlamağa da vaxt tapdım.

Ancaq sonra hakimin qərarlarına yenidən baxdılar və fəndi vazari kimi qeydə aldılar, bu məni məyus etdi. Həmin məqamda rəqibim də vazari fəndi işlətdi. Ancaq bundan sonra da isveçrəlinin səviyyəcə əvvəlki rəqiblərimdən geri qaldığını hiss etdim və qələbə qazanacağıma şübhə etmədim.

- İndi siz Praqadakı Avropa çempionatında mübarizə aparmalısınız?

- Bəli, qitə çempionatının noyabrın 20-də olacağını deyirlər. Ancaq çox şey gələn həftə Avropa Gənclər Çempionatının necə keçəcəyindən asılıdır. Əgər yarışda koronavirusa yoluxma hadisəsi qeydə alınmazsa böyüklərin Avropa çempionatı da keçiriləcək.

Düşünürəm ki, Avropa çempionatı baş tutacaq, belə ki, Macarıstanda hər şey yüksək səviyyədə idi. Bizi küçəyə belə buraxmadılar, mağazaya gedə bilmədik. Karantində olduğu kimi otaqlarda otururduq. Əgər komanın bir üzvündə koronavirus aşkar edilərsə, bütün komandanın turnirdə iştirakına qadağa qoyulur. Misal üçün, Budapeştdə üç italiyalı cüdoçuda COVID-19 aşkar edildi, bu səbəbdən 25 nəfərdən ibarət olan bütün komanda evlərinə göndərildi, üç xəstə isə karantinə alındı ​​və Macarıstandan kənara buraxılmadı.

Əsas odur ki, özünüzü pis hiss edən kimi dərhal test analizlərini verib vaxtında tədbir görməlisiniz. Koronavirus elə də böyük faciə deyil. İndi bizi narahat edən əsas məsələ Dağlıq Qarabağdakı hadisələrdir. Ümid edirəm ki, yaxın gələcəkdə bütün istiqamətlərdə qalib gələcəyik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.