İdman

İtaliya Qran-prisi rekordlarla yadda qaldı, Azərbaycan Qran-prisi yaxınlaşır

8 Sentyabr 2025 18:38
Baxış: 234
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Formula 1" üzrə dünya çempionatı Avropa mövsümünü tarixi İtaliya Qran-prisi ilə başa vurdu. Yarış 75-ci dəfə keçirildi və həm gərgin mübarizə, həm də yeni rekordlarla yadda qaldı.

Milli.Az xəbər verir ki, həftəsonuna "Ferrari" və "McLaren" sürücüləri ümidverici start verdilər. Cümə və şənbə günlərində Lyuis Hemilton, Lando Norris və Şarl Lekler ön sıralarda mübarizə apararaq azarkeşləri həyəcanlandırdılar. Ancaq sıralanma turunda Maks Ferstappen tarixin ən sürətli dövrəsinə imza ataraq "pole" mövqeyini qazandı və Lyuis Hemiltonun 2020-ci ildəki rekordunu qırdı. Lando Norris ikinci, Oskar Piastri isə üçüncü nəticə göstərdi.

Bazar günü keçirilən yarışda startdakı kiçik səhvindən sonra Ferstappen tez toparlandı və yenidən liderliyi ələ keçirdi. 38-ci dövrədə pit-stopdan sonra o, sürətini maksimuma çatdıraraq rəqiblərinə şans vermədi. Ferstappen mövsümdə 3-cü, karyerasında isə 66-cı qələbəsini qazanmaqla yanaşı, "Red Bull" komandasına tarixində 125-ci qələbəni gətirdi. Bundan əlavə, niderlandlı pilot 2003-cü ildən Mixael Şumaxerə məxsus olan ən sürətli Monza yarışı rekordunu da yenilədi.

Podiumun digər pillələri "McLaren" sürücülərinə qismət oldu - ikinci olan Lando Norris son dövrədə ən sürətli nəticəyə imza ataraq Ferstappenin het-trikinə imkan vermədi, Oskar Piastri isə 3-cü yeri tutaraq komandasına möhtəşəm dubl qazandırdı. "Ferrari" azarkeşləri isə böyük ümidlərlə gözlədikləri yarışda yalnız 4-cü (Şarl Lekler) və 6-cı (Lyuis Hemilton) yerlərlə kifayətləndilər. İlk onluğu Corc Rasl ("Mercedes"), Aleks Elbon ("Williams"), Qabriel Bortoleto ("Sauber"), Kimi Antonelli və Ayzek Həcər tamamladılar.

Ümumi sıralamada vəziyyət belədir: Oskar Piastri 324 xalla liderliyini qoruyur. Onu 293 xalla komanda yoldaşı Lando Norris və 230 xalla Maks Ferstappen izləyirlər. "McLaren" 617 xalla Mühəndislər Kubokunda açıq-aşkar liderdir və artıq Bakıda titulunu vaxtından əvvəl təmin edə bilər.

Beləliklə, Avropa mərhələsi başa çatdı və mövsümün ən həlledici mərhələlərindən biri - Azərbaycan Qran-prisi yaxınlaşır. Bütün dünyanın gözü indi Bakıya çevrilib: "Formula 1"in saatı artıq Bakı vaxtı ilə işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.