Məlum olduğu kimi, ötən həftə "Naxtel" MMC dekabrın 1-dən telekommunikasiya xidmətlərini dayandıracağını bəyan edib.
Milli.Az xəbər verir ki, İKT üzrə ekspert Osman Gündüz İran və Ermənistanla üz-üzə duran bir regionda illərlə formalaşmış və dayanıqlı milli rabitə infrastrukturunun birdən-birə ləğv edilməsinin sual doğurduğunu düşünür.
O. Gündüz bildirib ki, "Naxtel" Naxçıvanda ən geniş əhatəyə malik mobil operator olub: "4G xidməti ilə Muxtar Respublikanın ən ucqar yaşayış məntəqələrində belə sabit rabitə və interneti təmin edirdi. Üstəlik, geniş tezlik resurslarına sahib idi. Halbuki burada fəaliyyət göstərən "Azercell", "Bakcell" və "Nar" yalnız məhdud ərazilərdə - əsasən rayon və şəhər mərkəzlərində xidmət göstərə bilirlər. "Naxtel"in bağlanmasından sonra Naxçıvan əhalisi dayanıqlı və keyfiyyətli mobil rabitə və internet xidmətinə çıxış əldə edə biləcəkmi? "Naxtel"in əhatə etdiyi ucqar kəndlərdə yaşayan insanların taleyi necə olacaq? Sadə hesablama göstərir ki, ya bu ərazilər rabitəsiz qalacaq, ya da onların telefonlarında "İrana xoş gəlmisiniz" mesajı görünəcək".
Ekspertin sözlərinə görə, burada diqqətçəkən digər mühüm məqam həm də təhlükəsizlikdir.
Məsələ ilə əlaqədar RİİN yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə müraciət etdik. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, qurum "Naxtel" MMC-nin fəaliyyətinin dayandırılmasından irəli gələn proseslərin ədalətli, şəffaf və abunəçi hüquqlarına zərər vurulmadan həyata keçirilməsinə ciddi nəzarət edir: "Telekommunikasiya bazarında sabitliyin qorunması, abunəçilərin telekommunikasiya xidmətlərinə maneəsiz çıxışının təmin edilməsi və istifadəçilərin hüquqlarının müdafiəsi məqsədilə Agentlik proseslərin koordinasiyasını həyata keçirməkdədir və tərəflərə öz tövsiyələrini təqdim edib.
Naxçıvan əhalisinin bundan sonra da dayanıqlı və keyfiyyətli mobil telekommunikasiya və internet xidmətlərinə çıxışı və Muxtar Respublikanın hətta ucqar bölgələrində yaşayan əhalinin də bu imkanlardan faydalanması təmin olunacaq. Hazırda Naxçıvan Muxtar Respublikasında "Azercell Telekom" MMC, "Bakcell" MMC və "Azerfon" MMC-nin əhatə dairəsi əhali üzrə 95% təşkil edir".
Milli.Az