İdman

“Qarabağ”a ən təhlükəli rəqib düşdü - Ekspert

19 Dekabr 2023 13:52
Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın qismətinə ən arzuolunmaz rəqiblərdən biri çıxdı. Hər şeydən əvvəl ona görə ki, "Braqa" Portuqaliya təmsilçisidir. Portuqaliya təmsilçiləri də daha peşəkar və ciddi komandalar olur.

Milli.Az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında idman eksperti Kənan Məstəliyev "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" haqqında danışarkən deyib.

Ekspert bildirib ki, "Braqa" kimi komandalara qarşı oynamaq çətin olur:

"Nəzərə alaq ki, "Braqa" nə ölkə çempionatında, nə də Avropa Liqasında qalib olub. Buna görə də bu komanda bütün oyunlarına həddən artıq ciddi yanaşır və yaxşı hazırlaşır. Rəqib "Portu" olsa idi, müəyyən qədər bizə yuxarıdan aşağı baxacağını düşünmək və bundan istifadə etmək olardı. Amma "Braqa" belə etməyəcək. O, hazırda çox güclüdür, Portuqaliya çempionatında dördüncü yerdədir, birinci yerdə olan "Sportinq" komandası ilə arasında cəmi 4 xal fərq var. Hazırda o, liderlər qrupundadır".

Məstəliyev qeyd edib ki, "Braqa" güclü komandadır, Çempionlar Liqasında düşdükləri qrupda "Real Madrid" və "Napoli" kimi böyük komandalarla belə mübarizəni sona qədər apara biliblər:

"İşimiz bir qədər çətindir, amma "Qarabağ" bu komandanı keçəcək, mübarizə edəcək gücdədir. Ruhdan düşmək olmaz, düşünürəm ki, səfərdəki oyundan heç-heçə ilə dönsək, Bakıda məsələni həll edə bilərik. Yəni şanslarımız var. Komandamıza inanırıq".

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə ilk görüşü 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.