Cəmiyyət

Zəfərimizin "Zəfər Salnaməsi" - FOTO

30 İyul 2021 11:26
Baxış: 2 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsinə həsr olunmuş "Zəfər Salnaməsi" hazırlanıb. Kitab Azərbaycan Respublikası Prezidentinin ön sözü ilə başlayır. 

"Zəfər Salnaməsi"nin mərkəzi ideyası Vətən müharibəsinin gedişini, həmin ərəfədə baş verən prosesləri, müharibədən sonrakı qayıdışı günbəgün xronika formatında izləməkdir. Kitabı oxuyarkən Zəfərin əsas formulu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dönməz siyasi iradəsi, proseslərə strateji baxışı və sistemli yanaşması, son 17 ildə yürütdüyü daxili və xarici siyasət, ölkənin illər ərzində toplanmış iqtisadi gücünün siyasi, diplomatik və hərbi gücə transformasiyası, erməni işğalı ilə barışmayan xalqımızın və yetişmiş gənc nəslin torpaqlarımızı azad etmək əzmi, Prezident-xalq-ordu birliyinin vahid dəmir yumruqda birləşməsini görürük. 

Son illər baş vermiş hadisələr, proseslərin intensivliyi və mahiyyəti Azərbaycan Prezidentinin bütün fəaliyyətinin məhz torpaqların işğaldan azad olunmasına yönəldiyini bir daha nümayiş etdirir.

Proseslərin gedişini və ardıcıllığını daha müfəssəl təqdim etmək üçün kitab 3 hissəyə bölünüb.

"Ərəfə" adlanan birinci hissə 2016-cı il aprel döyüşlərindən 2020-ci ilin sentyabrınadək olan dövrü əhatə edir, bu müddət ərzində Azərbaycanın şanlı qələbəsinə aparan addımlar təsvir edilir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordunun möhkəmləndirilməsi, ölkənin iqtisadi gücünün daha da artırılması, beynəlxalq səviyyədə Azərbaycanın haqlı mövqeyinin ortaya qoyulması istiqamətində atdığı ardıcıl və davamlı addımlar əks olunur.

"Vətən müharibəsi" adlı ikinci hissə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan qısa dövr ərzində həm döyüş meydanında, həm arxa cəbhədə, həm diplomatiya müstəvisində və həm informasiya məkanında Azərbaycanı qələbəyə aparan mübarizə əks olunur. Burada Ali Baş Komandanın dünya liderləri ilə danışıqlar zamanı, xarici media nümayəndələrinə verilən müsahibələrdə prinsipial mövqeyi, Azərbaycanı 44 gün ərzində qələbəyə aparan yol təsvir olunur.

Sonuncu, "Qayıdış" adlı hissədə isə 30 illik işğalın real nəticələri işıqlandırılır. Ermənistan tərəfindən Azərbaycan torpaqlarında həyata keçirilmiş urbisid, ekosid, mədəniyyət və dini abidələrin məhv edilməsi və digər qanunsuz əməllərin nəticələri təqdim olunur. Bakının Azadlıq meydanında qələbəyə həsr olunmuş Zəfər paradına xüsusi yer ayrılır, habelə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin qısa müddət ərzində start verdiyi quruculuq və bərpa işləri barədə məlumat təqdim edilir. 

"Zəfər salnaməsi" xronika formatında olduğu üçün Böyük qayıdışla bağlı nəşrin davamı nəzərdə tutulur. 

Daxili və xarici oxucu auditoriyasını əhatə etmək üçün xronika 3 dildə - Azərbaycan, İngilis və Rus dillərində tərtib edilib.

Burada "IRS Publishing House", Müdafiə Nazirliyi və AZƏRTAC-ın çəkdiyi fotoşəkillərdən, Ekologiya və təbii sərvətlər nazirliyi "Geodeziya və Kartoqrafiya" MMC-nin xəritələrindən istifadə olunub.

Kitab Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və "IRS Publishing House" birgə səyləri ilə hazırlanmış, "IRS Publishing House" tərəfindən nəşr edilmiş, PAŞA Həyat Sığorta ASC nəşrə yaxından dəstək göstərib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.