Cəmiyyət

Aliment Fondu - köməksiz uşaqlı qadınların əsas problemi çözüləcəkmi?

13 Mart 2021 12:29
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da Aliment Fondunun yaradılması ilə bağlı təklif irəli sürülüb. Təklifi irəli sürən qurum isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilidir (Ombudsman). Bu barədə Ombudsmanın 2020-ci il üzrə məruzəsində qeyd olunub.

Məruzədə vurğulanan təklifə görə, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmi (Aliment Fondu) yaradılmalıdır.

Qeyd edək ki, məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Bəs bu fond boşanmış qadınların ən yaralı yeri olan aliment problemini nə dərəcədə həll etmiş olacaq?

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu "Yeni Müsavat"a bildirdi ki, bu mövzu ilə bağlı hələ bir müddət bundan əvvəl məsələ qaldırıblar: "Bizə qadınlardan çoxlu sayda ərizələr gəlirdi ki, aliment ala bilmirlər. Biz məcbur idik ki, aliment verməyən şəxsi polisə verək. Polis də həmin şəxsi tapıb salırdı həbsxanaya ki, pulu tapıb ödəsin. Bunu qadınlara qarşı zorakılıq kimi qəbul edib, belə bir məsələ qaldırmışdıq ki, bir fond yaradılsın, dövlət hər ay ailələrə aliment ödəsin, sonradan alimenti qarşı tərəfdən alsın. Qarşı tərəf pulu ödəyə bilməyəndə göndərsinlər lap küçə süpürməyə, daş daşımağa ki, nəhayət işləsin pulu ödəsin".

"Novella"

 

Novella Cəfəroğlu: "Kişi küçə süpürməklə də olsa, alimentini ödəməlidir"

Novella Cəfəroğlu yeni yaradılacaq fondun çox böyük əhəmiyyətə malik olduğunu vurğuladı: "Bu məsələni çox alqışlayıram. Bununla çoxlu sayda qadınların problemləri həll olunacaq. Həm də qadınlara qarşı zorakılıq, şiddət hallarının da qarşısı alınacaq, məhkəmələrin işi artıq rahat olacaq. Eyni zamanda kişilər də məsuliyyət daşıyacaq ki, aliment ödəməsə, mütləq şəkildə işləyib, onu ödəməlidir".

Əsabəli Mustafayev qeyd etdi ki, daim mütəxəssislər, hüquqşünaslar, vəkillər bu məsələni gündəmə gətirib, ictimailəşdirib ki, digər dövlətlərdə olduğu kimi Azərbaycanda da Aliment Fondunun yaradılsın: "Çünki müxtəlif səbəblərdən kişilər alimenti ödəyə bilmir və bəzən səbəblər onlardan asılı olmur. Məsələn, ya iş yerləri, qazancları yoxdur və yaxud çox aşağıdır. Və yaxud icraçılar aliment ödəyəcək şəxsi tapa bilmir, çünki Rusiyaya, digər ölkələrə işləməyə gedib və sairə. Bu müddət ərzində isə uşaq böyüyür, onun ehtiyacları, təminatı var. Qadın hamısının öhdəsindən tək gələ bilmir və düşür qapı-qapı haradansa kömək diləyir, alçaldıcı şəraitə düşür. Bu baxımdan düşünürəm ki, yeni yaradılacaq fond bunun öhdəsindən gələ biləcək. Bir şeyi də unutmaq olmaz ki, uşaqların gələcəyinin təmin olunması, tərbiyəsi, təhsili dövlətin marağındadır. Maddi durumu çox aşağı olub, tək başına uşaq böyüdən qadın üçün övladına tam təhsil vermək, sağlamlığını qorumaq, gələcəyini tam təmin etmək imkansız olur. Bu da gənc nəslin yetişməsində problemlər yaradır. Araşdıranda məlum olur ki, narkomaniyaya qoşulmuş, oğurluq edən gənclərin əksəriyyəti məhz bu cür, natamam ailələrdən çıxır. Həmin ailələrdə maddi təminat aşağı olduğu üçün gənclər kriminal şəraitə düşürlər".

Əsabəli Mustafayev: "Fondun yaradılması həm də bir çox cinayətlərin qarşını alacaq"

Hüquqşünas qeyd edib ki, belə bir fond yaradılmaqla həm də bir çox cinayətlərin də qarşısı alınacaq: "Praktikada görürük ki, bir çox hallarda məişət zorakılığının qurbanı olan qadınlar məhz aliment tələb etdiyi üçün zorakılığa məruz qalır və hətta faciə qurbanına çevrilir. Belə ki, kişi aliment ödəmədikdə şikayət edir, kişi buna görə qadına təzyiq göstərir, xəsarət yetirir və sairə. Fondun yaradılması bu cür hadisələrin də sayının azalmasına təsir edəcək. Dövlətin gücü, qüdrəti, alətləri və vasitəsi var ki, Aliment Fondu yaratsın, fonddan ailələrə aliment ödəsin və sonradan həmin vəsaiti aliment ödəməli şəxsdən alsın. Dövlət üçün bu problem olmayacaq. Tutaq ki, işi olmadığı üçün aliment ödəyə bilməyən şəxsləri ictimai işlərə cəlb edərək, oradan ona maaş verərək, ondan pulu ala bilər. Yəni, bu çox asan variantdır. Beləliklə, biz vəkillər, hüquqşünaslar bu məsələyə çox sevinirik və alqışlayırıq. Hesab edirəm ki, qadınlar daha çox sevinəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.