Abşeron rayonunda hamilə arvadını öldürməkdə ittiham olunan Anar Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, ötən ilin aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirov Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovanın boğazını kəsib.
Leyla Bəkirova aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub. Leyla Bəkirovanın 8 aylıq hamilə olduğu məlum olub.
İstintaqa ifadə verən Anar Bəkirov törətdiyi əməli etiraf edib.
O, hadisəni qisqanclıq zəminində törətdiyini deyib.
İstintaq orqanı tərəfindən Anar Bəkirovun barəsində Cinayət Məcəlləsinni 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 120.2.8-ci maddəsi ilə mühakimə olunan şəxsi 14 ildən 20 ildək və yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
Milli.Az