Cəmiyyət

Vətən müharibəsinin qəhrəman tankçısı - REPORTAJ - VİDEO - FOTO

9 Dekabr 2020 21:10
Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhidlərimiz baş tacımız, tarix yazan igidlərimizdir. Vətən müharibəsinin qələbəsini öz qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri xalqımız heç zaman unutmayacaq. Belə igid, cəsur şəhidlərimizdən biri tankçı gizir Elvin Orucovdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 29 yaşlı Elvin on il hərbçi kimi vətənə xidmət edib. Tankçı Elvin hərbçi yoldaşlarının hörmətini, rəğbətini qazanmışdı. Elə Aprel döyüşlərində də fərqlənmişdi. Tankı ilə düşmənin bağrını dəlib deşmək onun ən böyük arzusu idi. Düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb yanırdı. Vətən müharibəsi başlayanda o istəyinə çatdığını anası ilə telefon danışığında da bildirmişdi. Anası ilə sonuncu dəfə telefonla müharibənin ilk günündə danışmışdı. Sentyabrın 28-də isə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

"Elvin müharibə başlayanda, sentyabrın 27-də bizə zəng etdi. Axşam saatları idi. Dedi ki, məndən narahat olmayın ana. Hər şey qaydasındadır. Amma şəhidlik zirvəsinə ucaldı... Torpaqlar alındıqca ürəyimə su səpilirdi. Deyirdim, heyif ki, oğlum bu günləri görmədi. Şuşa azad ediləndə sevincimizdən ağladıq. Camaatda ruh yüksəkliyi var idi. Hamı sevinirdi. Biz də onlara qoşulduq. Şəhidlərin qəbrini ziyarətə getdik. Dedim, oğul, qanın yerdə qalmadı", - deyə şəhidin anası Səidə Orucova bildirir.

Şəhidin bacısı qardaşının qanını yerdə qoymayan, qisasını alaraq Vətən torpaqlarını düşmən tapdağından azad edən ordumuza təşəkkürünü çatdırır. Qardaşı ilə bərabər, onun həyat yoldaşı da Füzuli istiqamətində döyüşlərdə iştirak edib.

Elvinin bacısı Səbinə deyir: "Qardaşım Vətənə bağlı idi. Ən birinci Vətənə, sonra ailəsinə bağlı olub. Bacısı olaraq mən onunla həmişə fəxr etmişəm. İndi də fəxr edirəm. Axırıncı dəfə onunla danışanda dedi ki, "bacı, ürəyini buz kimi saxla, yəni, hər şey ola bilər...".

Şəhid Elvin Orucovun iki övladı ondan yadigar qalıb. 5 yaşlı oğlu və 5 aylıq qızı. Anası ilə söhbətində ondan övladlarının gələcəkdə təhsili ilə maraqlanmasını istəyib.

Elvin Qazaxın Şəhidlər xiyabanında dəfn edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.