Cəmiyyət

Qabiliyyət imtahanları sentyabrın 18-dək davam edəcək

10 Sentyabr 2020 14:19
Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020/2021-ci tədris ili üçün ali müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul üçün qabiliyyət imtahanları sentyabrın 18-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, imtahanlar 27 avqust tarixindən etibarən keçirilir. Abituriyentlər 2 istiqamət üzrə ən çoxu 6 Qabiliyyət İmtahanı Komissiyası (QİK) üzrə qeydiyyatdan keçmişlər.

Cari ildə 11489 abituriyent və 2597 subbakalavr öz elektron ərizəsində yalnız V ixtisas qrupunu qeyd etmişdir.

Bundan əlavə, 46280 abituriyent I-IV qruplarla yanaşı V qupu da elektron ərizələrində qeyd etmişdir. Abituriyentlərin (subbakalavrların) imtahan zamanı yerinə yetirdikləri tapşırıqlar müvafiq sahə mütəxəssisləri tərəfindən qiymətləndirilir. Hər imtahandan sonra hər bir komissiyanın əsasında Apelyasiya komissiyası fəaliyyət göstərir. XQTİ-lərə qəbul üçün qabiliyyət imtahanları 4 istiqamət (təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti) üzrə keçirilir.

Ali təhsil müəssisələrinin XQTİ-lərinə qabiliyyət imtahanları 18 sentyabr tarixinədək davam edəcək. Ümumilikdə 34 Qabiliyyət İmtahanı Komissiyasının(QİK) təşkili nəzərdə tutulmuşdur.

İslamşünaslıq ixtisasına qəbul üçün müsahibələrin keçirilməsi 9 sentyabr tarixindən başlamışdır. Müsahibələrdə iştirak üçün 174 abituriyent qeydiyyatdan keçmişdir. Karantin rejiminin abituriyentlər üçün yaratdığı əlavə çətinlikləri nəzərə alaraq Naxçıvanda yaşayan abituriyentlərin müsahibədə iştirakını təmin etmək məqsədilə onlar üçün onlayn müsahibənin keçirilməsi nəzərdə tutulur. İslamşünaslıq ixtisası üzrə müsahiblərin 16 sentyabra qədər keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, İslamşünaslıq ixtisası üzrə müsabiqəyə III ixtisas qrupu üzrə ən azı 150, o cümlədən 2-ci mərhələ üzrə ən azı 50 bal toplayan və müsahibədən məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) buraxılırlar.

Memarlıq ixtisasına qəbul üçün qabiliyyət imtahanları 16-18 sentyabr tarixlərində keçiriləcəkdir. Bakıda fəaliyyət göstərən Memarlıq(40) komissiyası üzrə qabiliyyət imtahanında məqbul qiymət alan abituriyentin nəticəsi Naxçıvanda fəaliyyət göstərən Memarlıq (77) komissiyasına şamil edilir. Memarlıq ixtisası üzrə müsabiqəyə I ixtisas qrupu üzrə ən azı 200 bal toplayan və xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) buraxılırlar.

Qabiliyyət imtahanından və müsahibədən uğurla keçən abituriyentlər müvafiq ixtisas qrupları üzrə müsabiqə şərtini yerinə yetirdikləri halda ixtisas seçimi zamanı bu qrupların XQTİ-si ilə yanaşı digər ixtisaslarını da seçə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.