Cəmiyyət

Dəbdəbəli mərasimlərindən imtinanın zamanı yetişib - Özünüzü yeni şərtlərə uyğunlaşdırın

13 Avqust 2020 11:18
Baxış: 6 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanı lərzə salan taclı virus bəlkə də məhvərindən çıxan dünyanın özünü səhmana salmaq üçün gəldi. Dünya başqa havadaydı, havalanmışdı, qədir-qiymət, əsrlərlə formalaşan ənənə, dəyərlər yox olurdu. Az qala çayı mənbəyindən dəyişib, dağları uçurub öz evinin həyətinə gətirənlər vardı.

Bu harınlığın, insafsızlığın sonu olmalıydı. Qara ölüm xəbərini özündən əvvəl gətirən koronavirus yolunu azan dünyaya əl gəzdirdi, yeni dünya düzəni başladı. Azərbaycan da bu dünyanın bir parçası, bir zərrəsidir, insanlarımız da bəşəriyyətin adi, sıravi övladıdır. Varlısı da, kasıbı da, imkansızı da bu qaydalara tabe olmalı, yeni şərtlərlə yeni dünyada yaşamağı, mücadilə etməyi öyrənməlidir. Öyrənib əməl edirikmi? Yox! Azərbaycan dövlətinin insan sağlamlığını, həyatını qorumaq üçün bu ilin martın əvvəlindən başlayaraq verdiyi qərarlar, apardığı siyasət indi yeni müsbət təsirini göstərir. Amma təhlükə uzaqlaşmayıb, havaya buxarlanmayıb, yox olmayıb. Avropa səhiyyəsinin ən yaxşı örnəklərini yaradan qonşumuz Türkiyə bu bəlanın payızda ikinci dalğasının gələcəyini proqnoz verir, əhaliyə xəbərdarlıq edir. Heç düz-əməlli vahid müalicə protokolu müəyyən edilməyən bu xəstəliyin nə qədər çəkəcəyini bilən də yoxdur. Amma bircə şey deyilir, bu qorxunc virusu gözardı etməməli, onunla çətin də olsa yaşamağı öyrənməliyik. Etiraf edək ki, Mirzə Fətəlidən, Həsən bəy Zərdabidən, Cəlil Məmmədquluzadədən bu tərəfə on illər ötsə də öyrənməyə o qədər də meyl göstərməmişik. Dərs götürməli məsələlərdən örnək ala bilməmişik. İndi də davam edir bu hal.

Belə çətin dönəmdə həyatın reallığına, bəzən isə inikasına çevrilən sosial şəbəkə platformalarında beş-altı ay əvvəl bahalı maşınlarını, villalarını, bağ evlərini, qardiroblarını nümayiş etdirən şou-biznes əhli acı-zəhər tökür, hətta vətəndaşının sağlamlığı üçün bütün vasitələrdən istifadə edən dövlətə kin-nifrin yağdırır. Nə olub görəsən? Ziyalısı, alimi, müəllimi, həkimi yeni dünya şərtlərinin çətinliyinə qatlaşa bilir, amma cəmiyyətin inkişafında zərrə qədər rolu olmayan, milli mədəniyyətin əsaslarını bayağı notlarla sarsıdan şou-əhli niyə xüsusi imtiyazlılar kimi davranır, "şou müxalifət"inə çevrilir? Bu formada davranışla "bəlkə də qaytardılar" iddiası ilə yaşayanlar yeni şərtlərə, qaydalara uyğunlaşmalı və bilməlidirlər ki, nəinki toylar, heç yas mərasimləri də əvvəlki kimi olmayacaq. Korona gəlib hər şeyi dəyişib, daha şou dövrünün, bahalı yas mərasimlərinin sonudur. Bu tək bizə aid deyil, hələ sonu görünməyən bu bəlanın dünyaya verdiyi ən mühüm mesajdır. Daha televiziyalar bütün günü sizi çəkib, ona-buna etdiyiniz atmacaları ictimailəşdirməyəcək, qardiroblarınızı, bahalı maşınlarınızı göstərməyəcək. Yaranan problemə elə ciddi problem olaraq yanaşılacaq. Sizin 10 saatlıq toy mərasimində iki-üç canlı, yerdə qalanını isə fonoqramma oxuduğunuz, saatına 5-10 min manat aldığınız dövr bu ilin martından bitib. Daha 300-500 manatlıq toyların sonu gəlib. Əlbəttə, toy-düyün, nişan olacaq, həyat da əvvəlki qaydada, bəlkə də daha rahat, sadə formada davam edəcək. Bu boyda Bakının ağırlığına tab gətirmədiyi şadlıq saraylarının çoxu da təyinatını dəyişməli olacaq və bu istiqamətdə indidən işə başlasalar daha yaxşı olar. İnsanlar bəhsə-bəhsdən qurtulacaq, özünü müqayisə predmetinə çevirməyəcək, rahat yaşayışına qayıdacaq.

Elə mətbuatda bu günlərdə məkansız qalan uşaq teatrının direktorunun bir çağırışı oldu, şadlıq saraylarının birini onlara versinlər, təbii ki, pulsuz yox, icarə müqaviləsi ilə. Oğlunun, kürəkəninin, qızının, doğulduğu kəndin adını qoyduqları o şadlıq saraylarının sahibləri də bu istiqamətdə düşünsələr yaxşı olar. Nə olar, qoy uca sarayların bir qismi təhsil, yaradıcılıq mərkəzləri, muzeylər, kitabxanalar olsun. Əlbəttə, şadlıq sarayı sahiblərinin böyük pul gəlirləri olmayacaq, amma millətin, xalqın gələcək inkişafında oynadıqları rol sevinib, öyünəcək, rahatlıq tapacaqlar. Əlbəttə, bu mənim subyektiv baxışımdır, mesajımdır, istəyimdir. Amma bir məsələ var, dahi Üzeyir bəy Hacıbəylinin 1918-ci ilin "Azərbaycan" qəzetində bütün zamanlarda formula kimi qəbul edəcəyimiz bir düsturu var: "Bu cəmiyyət də, bu dövlət də, bu xalq da bizimdir". "Biz birlikdə güclüyük" deyiminin kökü elə bu düstura söykənir. Birgə yaşayışımız, hamımız üçün yeni şərtlərin diktəsini nəzərə almasaq çətin olacaq.

İki-üç il əvvəl cəmiyyətin fəal, ziyalı kəsimi bahalı yas mərasimlərinin, bahalı məzar və qəbir daşlarının islahı yönündə müzakirələrə başladı. Amma müzakirələr yarımçıq qaldı. Dövlət gücə yox, maarifçiliyə, təbliğata, ictimai qınağa söykənərək bu işi görmək istədi. Amma görünür, həqiqət budur ki, dövlət də cəmiyyətdən, onun ziyalı, fəal kəsimindən dəstək  görməyəndə problemin həlli yarımçıq qalır. Amma bu məsələ açıq və aydındır, ən problemli yerimiz olan bahalı yas mərasimlərindən imtinanın zamanı yetişib. Xalqın ziyalı kəsiminin, ictimai fəalların, nüfuzlu ağsaqqalların birgə iştirakı ilə bəlkə bir Xartiya yaratmağa ehtiyac var. Azərbaycanı bölgələrə bölmədən, mövqeyinin necəliyindən asılı olmayaraq bütün say-seçmə insanlarının birgə imzası ilə yığcam sənəd hazırlanıb, dövlətin də dəstəyi ilə bahalı yas mərasimlərindən, həddən artıq israfçı toylardan imtina elan olunmalıdır. Başqa çıxış yolu bəlkə də var. Ona görə bu istiqamətdə müzakirələrə geniş yer verilməli, cəmiyyət bütövlükdə yeni şərtlərə hazırlanmalıdır.

Akif Aşırlı,
"Şərq" qəzetinin baş redaktoru

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.