Cəmiyyət

Binəqədidə boya zavodundakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO - FOTO

5 İyul 2020 07:11
Baxış: 12 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

05.07.2020

07:11

Binəqədidə boya zavodundakı yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Qeyd edək ki, yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub. Yanğının xüsusilə mürəkkəbliyinə, obyektdə böyük həcmdə tezalışan və partlamaya meylli maddələrin saxlanıldığına baxmayaraq, yanğınsöndürmə və xilasetmə qüvvələrinin effektiv tətbiqi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının qarşısı alınaraq daha böyük fəsadların baş verməsinə, o cümlədən yanğının genişlənərək ətraf ərazilərə yayılmasına, obyektə bitişik evlərə keçməsinə imkan verilməyib. Həmçinin, fabrik ərazisindəki salamat qalmış mal-materiallar FHN qüvvələri tərəfindən yanğından mühafizə məqsədilə ərazidən kənarlaşdırılıb. Yanğın nəticəsində ilkin hesablamalara görə, təqribən, 3000 kv.m. ərazi yanıb. FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

-----------

04:04

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən alınıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hazırda bəzi xırda tüstülənmə mənbələrinin tam söndürülməsi işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

-----------

00:19

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

------------------

04.07.2020

23:59

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

* * *

Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardım (TTY) stansiyasına çağırış 20:18-də daxil olub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə 3 TTY briqadası cəlb olunub. 

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin xəsarət alan 4 əməkdaşı TTY briqadasına müraciət edib. Onlardan bir nəfəri başın travması ilə 3 saylı şəhər xəstəxanasına, 3-ü isə Toksikologiya Mərkəzinə aparılıb.

23:23

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.

22:00

Hazırda Sobsan boya fabrikində yanğın partlayışla davam edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yaradılan Qərargahdan verilən məlumata görə, hadisə yerinə FHN-in əlavə qüvvələri cəlb edilir.

Əraziyə 5 Təcili Tibbi Yardım briqadası göndərilib.

TƏBİB-dənverilən məlumata görə, hər hansı bir xəsarətlə bağlı Təcili Tibbi Yardım briqadasına müraciət edən olmayıb.

21:38

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

21:33

FHN tərəfindən ərazidə yaradılan Qərargahdan verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşını 20:19-da hadisə yerinə çatıb.  

***

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda Sobsan boya fabrikində baş verən yanğınla əlaqədar FHN tərəfindən yaradılmış Qərargahdan APA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

21:11

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.

Qərargahdan Milli.Az-a verilən ilkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

***

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə başlanan yanğın partayışla müşahidə edilməkdədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.

21:00

Bakıda boya fabrikində güclü yanğın başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, adisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki "Sobsan" boya fabrikində baş verib. Güclü yanğın fabrikin ərazisini bürüyüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Hazırda yanğının qarşısını almaq üçün tədbirlər görülür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.