Cəmiyyət

Müəllimlik praktik peşəyə çevrilir

23 Avqust 2019 22:25
0 Şərh     Baxış: 1 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər gənclərin bu sahəyə marağının artmasını həm maddi təminatın yaxşılaşması, həm də iş tapmaq imkanın geniş olması ilə əlaqələndirirlər

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Qəbul imtahanlarında 660 bal toplayan abituriyent paytaxtın nüfuzlu universitetlərini yox, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialını seçib". KİV-də və sosial mediada yayılan bu xəbər ümumilikdə ölkə üzrə pedaqoji ixtisasları seçən abituriyentlərin sayında təkcə davamlı artımın olması deyil, həm də əvvəlki illərdə olduğu kimi müəllimlik peşəsinə marağın artmasının göstəricisi kimi dəyərləndirilir. Statistika da təsdiqləyir ki, son dörd tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur. Belə ki, yüksək bal toplayan abituriyentlər arasında Dövlət Pedaqoji Universitetini seçənlərin də sayı artıb. Məsələn, 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olan tələbələrdən cəmi 19 nəfəri 500-dən artıq bal topladığı halda, 2016-cı ildə yüksək balla müəllimliyi seçən 130 nəfər, 2017-ci ildə isə 273 nəfər ADPU-da təhsil almaq arzusunda idisə, bu il 527 nəfər bu universiteti seçib. Bu da təkcə bir il ərzində 2 dəfə artım deməkdir. Ümumiyyətlə, 18 təhsil ixtisası üzrə 3 il ərzində qəbul olunanların topladıqları ballar müəllimlik ixtisasına üz tutanların kəskin fərqlə artdığını ortaya qoyur. 2016-cı ilin qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər vardı. Builki qəbul imtahanlarda 500 və daha artıq bal toplayanlar arasında 235 nəfər abituriyent ibtidai sinif müəllimliyini seçib. Bu, indiyədək təhsil ixtisas qruplarında ibtidai sinif müəllimliyini seçənlərin maksimal nəticəsidir. Məsələn, Dövlət Pedaqoji Universitetinin  ibtidai sinif müəllimliyinə ötən il qəbul olunan 300 nəfər abituriyentin cəmi 29 nəfəri 500 və daha artıq bal toplamışdırsa, cari ildə bu ali təhsil müəssisəsinə həmin ixtisas üzrə qəbul olunan 300 nəfərin 129-u və ya 43 faizi 500 və daha artıq bal toplayıb. Müqayisə üçün qeyd edək ki,  bu il hüquq ixtisasına 525 nəfər qəbul olunub. Müəllimlik ixtisaslarına isə 9623 nəfərin qəbulu aparılıb. Təhsil ixtisaslarına qəbul olunanların 2090 nəfəri və ya 21,7 faizi 500 və daha artıq bal toplayanlardır.

500 və daha artıq bal toplayaraq riyaziyyat və informatika müəllimliyini seçən abituriyentlər ötən illə müqayisədə 70.8 faiz, xarici dil müəllimliyini seçənlər isə 25 faiz artıb. Qəbul imtahanlarında 500 və daha artıq nəticə göstərən abituriyentlər arasında 3 il əvvəl kimya müəllimi olmaq istəyən 43 abituriyent vardısa,  bu il onların sayı 141 nəfər olub. Biologiya müəllimliyi üzrə də vəziyyət eynidir. Yüksək nəticə ilə 3 il əvvəl 13 nəfər, bu il isə 140 nəfər biologiya müəllimliyini seçib. Maraqlı faktlardan biri də artıq müəllim işləmək üçün müraciət edən kişilərin sayında da artımın müşahidə olunmasıdır. Təhsil naziri Ceyhun Bayramov da mətbuata açıqlamasında bu faktı təsdiqləyib: "Ötən illərlə müqayisədə müraciət edən kişi müəllimlərin sayında artım var. Biz bunu böyük məmnunluq hissi ilə qeyd edirik, çünki bütün sahələrdə olduğu kimi, təhsildə də daha yaxşı nəticələrin əldə edilməsi üçün balansın qorunması vacibdir".

Faktlardan göründüyü kimi, dünənə qədər "müəllim nüfuzu aşağı düşür", "Kişilər müəllim peşəsindən uzaqlaşır", "Pedaqoji sahəyə maraq azalır" və s. deyə həyəcan təbili çalınırdısa, bu gün bu peşə ətrafında tam fərqli mənzərə yaranır. Səbəb nədir? Təhsil Nazirliyi tərəfindən bu sahəyə marağın artması üçün qəbul edilən qərarlarmı? Müəllimlik peşəsinin nüfuzunun artmasımı? Yoxsa peşənin əmək bazarına uyğunlaşmasımı? Xatırladaq ki, pedaqoji sahəyə marağın artması üçün qəbul edilən qərarlar içərisində ilk dəfə olaraq Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin keçirilməsi, müəllimlərin yerdəyişməsi və mərkəzləşdirilmiş qaydada işə qəbulunun elektron mexanizmlər əsasında müsabiqə yolu ilə həyata keçirilməsi, ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin əməyinin stimullaşdırılması üçün əlavə tədbirlər planının hazırlanması və s. kimi əhəmiyyətli dəyişikliklər var. 

Təhsil ekspertləri, müəllimlər faktı təsdiqləyərək səbəbini daha çox bazar iqtisadiyyatının tələbkar qanunlarında axtarırlar. Məsələn, təhsil eksperti Asif Cahangirov müəllim peşəsinə axını müsbət qiymətləndirir: "Bu, müəyyən dərəcədə müəllim peşəsinə maraqla da, müəllimlərin əmək haqqının artımı ilə də bağlıdır" desə də, təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmovun fikirləri fərqlidir.
 
Xidmətini satan fiziki şəxs
 
Ekspert abituriyentlərin müəllimlik peşəsini seçməsinə təsir edən bir neçə amilin olduğunu deyir. Əsas səbəb başqa sahələrdə iş imkanlarının məhdudluğudur: "Pedaqoji sahədə isə iş imkanları daha genişdir. Müəllim təkcə dövlət məktəbində işləməklə kifayətlənə bilir. Eyni zamanda, hər hansı özəl məktəblərdə də işləməklə qazanc fürsəti əldə edir. Orta məktəbdə yarım və ya bir stavka dərs deyən müəllim nüfuzu yaxşı olduğu və sahəsini yaxşı bildiyi təqdirdə həmin məktəbdə bir neçə şagirdə repetitorluq edə və yaxud özəl kurslarda dərs deyə bilir. Əmindir ki, fənnini yaxşı tədris etsə, balı yuxarı olsa maaşı yüksək olacaq. Bu da onlara motivasiya verir". Ekspert pedaqoji sahəyə marağın artmasını təkcə maaşın yüksəlməsi ilə əlaqələndirmir: "Əlbəttə, tək faktor maaşın yüksəlməsi deyil. Abituriyentlər bilir ki, öz müəllimləri və ya ətrafdakı müəllimlərin aylıq qazancı yüksəkdir. Belə müəllimləri gördükcə müəllimlik peşəsinə yönəlirlər. Bu, xüsusən rayon uşaqlarına aiddir".
 
Qız uşaqlarına gəlincə, ekspert hesab edir ki, onlar çox vaxt ailənin təzyiqi ilə müəllimlik peşəsinə üz tuturlar. Çünki ailədə çox vaxt onlara seçim buraxılmır: "Qız uşağı üçün ən yaxşı peşə müəllimlikdir" - deyə onlara bildirilir. Yəni, sabah müəllim olduqda, müəllim kimi çalışdıqda ailəyə vaxt ayıra bilirsən. Bu baxımdan, müəllimlik qızlar üçün uyğun peşə hesab edilir. Ona görə də dünyanın hər yerində müəllim peşəsinin feminizasiyası gedir. Oğlan uşaqlarının isə bu peşəyə daha çox üz tutmasının səbəbi özlərinə alternativ qazanc mənbələri tapa biləcəkləri ilə bağlıdır. Yəni, onlar müəllim olacağı təqdirdə həyatlarını ortabab şəkildə dolandıra biləcəklər".
 
Q.Məhərrəmovun fikrincə, müəllim peşəsinə marağın artması heç də cəmiyyətdə bu peşənin nüfuzunun qalxmasına dəlalət etmir. O mənada ki, əgər bir xidməti verən çoxalır, inflyasiya edirsə, bu, onun dəyərinin düşməsinə səbəb olur: "Biz onsuz da repetitorluğa qarşı çıxa bilməmişik. Bu, dünyanın faktıdır. Repetitor xidməti də bizdə ənənəsi olan bir sistemə çevrilib. Yəni, əgər imtahan varsa, demək imtahana hazırlaşdıranlar olacaq. Belə vəziyyətdə repetitorluq cazibədar bir peşə halını alıb. Biz buna sistemin bir xətası kimi yanaşsaq da, müəllimləri qınaya bilmərik. Çünki onlar öz xidmətlərini satır və gəlir əldə edirlər. Bu da normaldır. Mən öz tələbələrimə, abituriyentlərə bu sualı verərkən qızlar "Anam dedi ki, müəllimlik ən gözəl peşədir", oğlanlar isə "əlavə qazanc üçün hazırlıq kursları, özəl məktəblər və təminatlı maaş var" cavabını verirlər. Bu gün müəllim xidmətini satan və özü gəlir əldə edən bir fiziki şəxsə çevrilir. O, dövlətin xidmətini görən bir müəllim obrazından bazar iqtisadiyyatının subyektinə çevrilir. 
 
Qızların üstünlüyü

Tarix müəllimi Pərviz Ağalarovun fikrincə, abituriyentlərin pedaqoji sahəyə meyl etməsinin səbəbi daha çox müəllimlərin maddi vəziyyətinin yaxşılaşması ilə bağlı ola bilər. Belə ki, son dövrlərdə müəllimlərin maaşlarında xeyli artım var: "Bilirsiniz ki, sentyabr ayından müəllimlərin əmək haqqı ölkə Prezidentinin sərəncamı ilə 20 faiz artacaq. Digər tərəfdən, bu sahədə müəyyən həvəsləndirmələr var. Yəni, yüksək bal - 600-650 bal toplayan abituriyentlər müəllimlik sənətini seçirsə, onlara dövlət tərəfindən əlavə yardım verilir. Yəqin bu amil da müəyyən qədər rol oynayır. Hesab edirəm ki, bu meyllər peşənin nüfuzunun artması ilə də bağlıdır. Çünki sovet dövründə də müəllimlərin müəyyən imtiyazları var idi və əmək haqları normal idi. İstər-istəməz bu da müəllimliyə meyli artırırdı". P.Ağalarov artımı həmçinin son dövrdəki obyektivliklə də əlaqələndirir: "Əvvəllər abituriyentlər müəllim sənətini seçirdilər, ancaq böyük çətinliklə fəaliyyətə başlayırdılar. Ancaq indi imtahan yolu ilə obyektiv şəkildə seçilərək müəllimlik fəaliyyətinə başlayırlar. İşləmək üçün uzaq rayonları seçənlər də dövlət tərəfindən maddi baxımdan təmin olunurlar. Bütün bunlar istər-istəməz peşə seçiminə təsir edir". P.Ağalarov peşəyə yanaşmada cinslər arasında fərq olduğunu da qeyd edir, belə ki,  qızlar arasında müəllimlik peşəsinə həvəs güclü olsa da, oğlanlar arasında zəfifdir: "Təəssüf ki, oğlanlar arasında müəllimlik peşəsini seçənlər faiz etibarı ilə çox aşağıdır, onlar daha çox başqa ixtisaslara üstünlük verirlər. Qızların daha çox müəllimliyi seçməsində valideynlərin də qərarı rol oynayır. Onlar qız uşaqlarının daha çox müəllim olmasını istəyirlər. Ona görə də pedaqoji sahədə qızların sayı üstünlük təşkil edir".

Ekspertlər vacib bir amili də diqqətə çatdırırlar: "Müəllimlik peşəsinə marağın artması yaxşıdır, amma yaxşı kadrın yetişməsi daha yaxşıdır".  Əgər bu gün peşəkar, savadlı müəllimə böyük tələb varsa, ali təhsil müəssisələrində təhsilin səviyyəsinin yüksəlməsinə və peşəkar müəllim kadrlarının yetişməsinə daha çox ehtiyac yaranır. Yəni kəmiyyət keyfiyyəti üstələməyəndə daha gözəl nəticə olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.