"Nəvələrimi hər həftə çöpçüyə aparıram. Hər dəfə də boğazından nə isə çıxır. Sonuncu dəfə çöpçü uşağın boğazından 10 qəpik çıxarıb".
İki nəvəsini ayda bir neçə dəfə çöpçüyə aparan Əli müəllim deyir ki, nəvələrini çöpçüyə aparması səbəbsiz deyil: "Uşağın qızdırması qalxır, heç nə yeyə bilmir, həkimin yazdığı iynə-dərmanın da xeyri olmur". O, nəvələrini Bakının Biləcəri qəsəbəsində yaşayan çöpçünün yanına apardığını deyir: "Onun yanına gələnlərin sayı-hesabı yoxdur. Çoxları çöpçüyə inanıb yanına gəlir. Mən də 1 və 3 yaşlı nəvələrimi tez-tez aparmalı oluram". Əli müəllimin sözlərinə görə, artıq 3 yaşlı nəvəsi özü boğazında çöp qalanda bilir: "Əli ilə boğazının kənarlarını yoxlayır və deyir ki, gedək çöpçüyə".
Son bir neçə həftədə ətrafımdakı insanlar arasında Əli müəllim kimi çöpçüyə üz tutanların sayı artıb. Valideynlər çöpçüyə getdikləri üçün özlərinə haqq qazandırır və əsas kimi uşaqların meyvə-tərəvəz yeməsini göstərirlər: "Uşaqdır, alma-armud, xiyar yeyir, boğazında qalır. Həkim əlac edə bilmir, çöpçüyə aparan kimi uşaq sağalır". Qeyd edək ki, çöpçülərə münasibət heç də birmənalı deyil. Əksər valideynlər və həkimlər isə çöpçüyə getməyin əleyhinədirlər.
Qeyd edək ki, xalq arasında çöpçü kimi tanınan peşə sahibləri hələ də öz peşələrini və məşhurluqlarını qoruyub saxlaya biliblər. Bakıda çöpçülər yaşadıqları qəsəbədə tez bir zamanda məşhurlaşırlar və müştəriləri də az olmur.
Yolumuzu çöpçülərdən birinin qapısından salıb, onun çöpü necə çıxarmasını öyrənmək qərarına gəldik. Çöpçülərdən biri Xətai rayonunun Əhmədli qəsəbəsində, 5-ci Rezervuar küçəsində yaşayan Ramilə xaladır. Bir yaşlı uşağı qucağımıza götürüb çöpçünün qapısını döyürük. Qapını açan çöpçüyə bildiririk ki, uşaq bir neçə gündür özünü pis hiss edir, heç nə yemir və sair. Qadın bir əli ilə uşağın boğazından yapışır və sıxmağa başlayır. Digər əli ilə uşağın burnunu tutur və deyir: "Bunun çöpü yoxdur, sadəcə, soyuqlayıb, bəlğəmi var. Burnuna yağ tökün, keçib gedəcək". Təkid edirik ki, yaxşı-yaxşı baxsın. Çöpçü yenə uşağın boğazından sıxır, sonra da burnundan, dəqiq desək, burnunun üstündən üfürür. O, uşaqda heç nə tapmır. Çöpçünün əməyinin qarşılığı isə həyətdə divarda yazılıb: "5 manat". Buna baxmayaraq, o deyir ki, uşağın boğazından heç nə çıxmadığı üçün nə qədər istəsək, verə bilərik.
Adının çəkilməsini istəməyən digər çöpçü isə bizimlə telefon söhbətində bildirir ki, onun peşəsi insanlar üçün olduqca vacibdir: "Elə şeylər var ki, elm onun əlində acizdir. Çöpçü, çildağ, yaxud ara həkimlərinin etdiklərini həkimlər edə bilməzlər. Məsələn, bir də görürsən ki, kiminsə beli düşür, yaxud mədəsi uzanır. Xəstəxanada belə xəstələrə ətək-ətək pul xərclənir, sumkalarla dərman yazılır. Ancaq əlacı olmur. Mən həm çöpçülük edirəm, həm də mədəsi, beli düşənləri müalicə edirəm. Bu, həm xəstəyə ucuz başa gəlir, həm də xeyirli olur. Məsələn, mədənin uzanmasına həkimlər ancaq əməliyyatla əlac edə bilərlər, bu da risklidir. Eləcə də boğazda çöp qalarkən onu çıxarmaq üçün həkimin əməliyyat etməsi lazımdır, bu zaman da xəstə ölə bilər. Ancaq bizim üsulumuz zərərsizdir, sadəcə, üfürürük və uşağın burun-boğazını təmizləyirik". Onun sözlərinə görə, hətta yanına yaşlı insanlar da gəlir: "Onlar uşaqlıqdan adət ediblər, artıq boğazında qalan qırıntılar özünə yer açıb". Çöpçü deyir ki, uşaq həkimləri onların sənətini inkar etsələr də, bəziləri xəstələrinə çöpçünün yanına getməyi tövsiyə edirlər.
Respublikanın baş pediatrı, Elmi-Tədqiqat və Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev isə qəti şəkildə çöpçüyə getməyin əleyhinədir: "Məsləhət görmürəm. Dünyada çöpçü adlı vəzifə yoxdur. Azərbaycandan başqa heç bir ölkədə çöpçülük etmirlər. O deməkdir ki, orada uşaqların hamısında çöp qalıb?" Pediatrın sözlərinə görə, özünə hörmət edən, savadı çatan həkim xəstə uşağı çöpçüyə aparmağı məsləhət görməz:
"Düşünürəm ki, problem valideynlərdədir, onlar təkid edirlər. Bəzən valideynləri başa salmaq mümkün olmur. Bu, mənim praktikamda da olub. Məsələn, bir dəfə ziyalı bir şəxs xəstə uşağını israrla çöpçüyə aparacağını dedi. Çöpçüdən qayıdandan sonra isə məndən soruşdu ki, uşaq niyə düzəlmədi? Dedim, artıq onu sən bilərsən".
N.Quliyev deyir ki, uşaqlarda hərarətin yüksəlməsi, qusma, halsızlıq və digər hallar onun orqanizmində kəskin problemlərin baş qaldırmasından xəbər verir: "Septik vəziyyət ola bilər. Uşaqda immunitet çatışmazlığı ola bilər, infeksiya ola bilər. O demək deyil ki, uşağın boğazında çöp qalıb".
Şəhər poliklinikasında işləyən Diləfruz həkim də valideynlərə çöpçüyə inanmamağı tövsiyə edir: "Çöpçüyə inanmıram. Uşağın uzun müddət qızdırması olmasına və qusmasına gəldikdə isə bu, yeni virus ola bilər. İndi uşaqlar arasında yeni virus yayılıb ki, onlar xəstələndikdə, uzun müddət qızdırmaları düşmür, iştahasızlıq və süstlük müşahidə edilir. Bu zaman çöpçüyə deyil, həkimə müraciət etmək məsləhətdir". Özəl klinikanın həkimi Vidadi Cəbiyev isə qeyd edir ki, son illər uşaqlarda burun-boğaz problemləri kəskin artıb: "Bunu çöplə bağlamaq düzgün deyil. Ara həkimlərinə müraciət xəstəliyin şiddətlənməsinə səbəb ola bilər".
Professor Adil Qeybulla qeyd edir ki, çöpçüyə müraciət edənlərin sayının artması ciddi problemdir: "Çox adam çöpçü adı ilə fırıldaqla məşğuldur. Çöpçüyə müraciət edən uşaqlar müxtəlif infeksiyalara yoluxa bilər. Çöpçü adətən əlini yuyur və boğaza salır, sterilizasiya məsələləri gözlənilmir. Uşaqlar isə infeksiyaya həssas olurlar, çox asanlıqla infeksiya qırtlaq, udlaq arxası zonaya keçə və uşaq üçün problem yarana bilər. Bəzən uşaqlarda müxtəlif iltihabi proseslər olur, belə vəziyyətlərdə çöpçünün müdaxiləsi o zonada infeksiyanın yayılmasına gətirib çıxara bilər. Buna görə çöpçüyə yox, burun-boğaz həkiminə müraciət etmək daha məqsədəuyğundur".
Pediatr Arzu İsayeva isə deyir ki, çöpçüdə olan hər hansı bir xəstəlik uşağa da keçə bilər: "Müxtəlif infeksion xəstəliklər çöpçüdən uşağa keçə bilər. Çünkü çöpçü uşağın burnundan üfürür və nəfəsi, ağız suyu uşağın orqanizminə düşür".
Ancaq çöpçüyə getməyi məsləhət bilən həkim də tapa bildik. Adının çəkilməsini istəməyən həkim bildirdi ki, çöp və qırıntılar adətən qırtlaqdan arxada müəyyən zona var ki, oraya düşür: "Həkimlər bəzən müəyyən yad cisimləri udlağa ötürə bilirlər, ancaq udlaqarxası zonadan cisimlərin çıxarılmasını çöpçülər bacarırlar. Bu, təhlükəli və riskli bir işdir".
Sonda isə çöpçülərin ziddiyyətli fikirlərini sizinlə bölüşürük. Bəzi çöpçülər bildirirlər ki, uşağın çöpünün bir daha qalmaması üçün onu "sındırırlar". "Bu, çöpü bağlamaq adlanır, bağlayırıq ki, bir daha çöpü qalmasın. Bunun üçün də pul ödəməlisən". Ancaq bəzi çöpçülər bunun xeyrinin olmadığını deyirlər. Bəzən isə uşaqdan çıxan ilk çöpün onun üzərində saxlanmasının uşağa kömək etdiyi bildirilir: "Belə olduqda, uşağın daha çöpü qalmır".
"Yeni Müsavat"
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bakının məşhur çöpçüsü - REPORTAJ
24 Avqust 2011 14:17
Baxış: 40 793

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aqresiv davranan uşaqla necə yola getmək olar?
-
Narkoloq axşamlar "bir stəkan pivə"nin bədənə təsirini açıqlayıb
-
Evinizin ətrafında bayquş varsa, sevinin: səbəbinə təəccüblənəcəksiniz
-
Banan yeməzdən əvvəl mütləq bunu edin – Vacib xəbərdarlıq
-
Dünyanın ən sakit yeri adlandırılan şəhər: Nə ilə məşhurdur?
-
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub - FOTO
-
Faciəvi şəkildə ölən meşə işçisinin “Maaş” mesajı ürək parçaladı - FOTO
-
Ağdamda növbəti güclü yanğın hələ də davam edir - yenilənib
-
Günün qoroskopu: Səyahət planları və gələcəyə dair hədəflər gündəmdədir
-
İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI
-
UEFA Konfrans Liqası: “Sabah” səfərdə inamlı qələbə qazandı
-
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Müddət keçdikcə, daha güclü komandaya çevriləcəyik"
-
Qusman işdən çıxarıldı
-
Onlar imtahanda 700 bal topladı
-
Xalq artisti reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır - yenilənib
-
Bakının bəzi yerlərində içməli su niyə yoxdur? - rəsmi açıqlama
-
Erməni deputat: Ermənistan dəhlizin Sünikdən keçən hissəsini icarəyə vermək fikrindən vaz keçib
-
Bu ərazilərdə işıq olmayacaq
-
UEFA Konfrans Liqası: “Araz-Naxçıvan” “Aris”i məğlub edib
-
Elza Seyidcahan “Milli Mətbuat Günü”nə şeir həsr etdi - VİDEO
-
Yeni Ay iyulda 4 BÜRCƏ elə şans və zənginlik gətirəcək ki...
-
Allahverdi Yolçuyevin heç yerdə görmədiyiniz qızı efirə çıxdı - VİDEO
-
Daha bir “plastik cərrah” qalmaqalı - “Bədənim çürüyür” - FOTO
-
60-dan çox zərərçəkmiş şəxs məhkəmədə ifadə verib - FOTO