Cəmiyyət

Gecə ilə səkini tutub, ağacları asfaltlayaraq parkinq edənlər cəzalandırıldılar - FOTO

24 İyul 2025 12:49
Baxış: 1 025
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) piyada səkisini parkinqə çevirən "Bakı 4 N-li Yol İstismarı" MMC-nin direktoruna şiddətli töhmət verib.

Qurumdan Milli.Az-a verilən məlumata görə, iyulun 23-ü sosial şəbəkələrdə Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində səki hissəsinin dağıdılaraq avtonəqliyyat vasitələri üçün dayanacaq yeri yaradıldığı barədə yayılan məlumatlarla əlaqədar dərhal Agentlik tərəfindən araşdırma aparılıb.

Araşdırma nəticəsində müəyyən olunub ki, qeyd olunan ərazidə görülən işlər agentliyin tabeliyində fəaliyyət göstərən "Bakı 4 N-li Yol İstismarı" MMC tərəfindən baş idarəyə məlumat verilmədən və müvafiq razılaşdırmalar olmadan özbaşına həyata keçirilib.

AAYDA-nın İdarə Heyətinin sədrinin tapşırığına əsasən, qeyd olunan qanunsuz hərəkətə yol verən MMC-nin direktoru və məsul şəxsləri ciddi şəkildə intizam məsuliyyətinə cəlb edilib, onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Eyni zamanda dəymiş ziyanın aradan qaldırılması məqsədilə dağıdılmış səki hissəsinin qısa müddət ərzində bərpa olunması tapşırılıb və bunun üçün tələb olunan xərclərin məsul şəxslərin aylıq əməkhaqqılarından tutulması qərara alınıb.

Qurum vətəndaşlardan xahiş edir ki, yol infrastrukturuna müdaxilə halları ilə rastlaşdıqda bu barədə Agentliyə və ya aidiyyəti qurumlara məlumat versinlər.

Qeyd edək ki, sosial şəbəkələrdə həmin ərazidən fotolar paylaşılaraq piyada səkisinin icazəsiz sökülüb yaxınlığındakı ağacların dibinin asfaltlanaraq parkinq edilməsi barədə məlumat yayılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.