Cəmiyyət

Ağcabədidə ev heyvanları arasında quduzluq xəstəliyi yayılıb

28 Aprel 2011 11:42
Baxış: 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın məlumatına, xəstəlik əsasən, Laçının Qara Keçdi kəndindən məcburi köçkün olan Aslan Həsənovun təsərrüfatında qeydə alınıb. A. Həsənovun sözlərinə görə, təxminən 20 gün əvvəl onun şəxsi təsərrüfatına məxsus bir baş atda müxtəlif əlamətlər özünü büruzə verib. O, dərhal Laçın rayon Baytarlıq İdarəsinə müraciət edib. At öldürülərək basdırılıb. Təsərrüfat sahibi deyib ki, bir neçə gün keçdikdən sonra tələf edilən atda müşahidə olunan əlamətlər digər heyvanlarda müşahidə olunmağa başlayıb. Hazırda on ailənin yaşadığı ərazidə 30 baş iribuynuzlu heyvanda quduzluq xəstəliyi var. Ölən heyvanlardan götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Heyvanların quduzluq xəstəliyinə yoluxduğu dəqiqləşib.

Laçın rayon Səhiyyə Şöbəsinin və Laçın rayon Baytarlıq İdarəsinin əməkdaşları dərhal ərazidə yaşayan əhali və heyvanlar arasında vaksinasiya aparıblar.

Laçın rayon Baytarlıq İdarəsinin rəisi Əbülfət Nadirov faktı təsdiqləyib və bildirib ki, ev heyvanları arasında quduzluq xəstəliyinin yayılmasına əsas səbəb onların çöl heyvanları ilə tez-tez təmasda olmasıdır. Onun sözlərinə görə, tələfat qeydə alınmış təsərrüfata təxminən bir ay əvvəl vəhşi heyvanların hücumu qeydə alınıb, həmin vaxt bir tülkü çoban itləri tərəfindən parçalanıb və qalıqları ətrafa səpələnib. Təxminən 20-25 gündən sonra ərazidəki ev heyvanları arasında xəstəliyin əlamətləri müşahidə olunub.

Ə. Nadirov bildirib ki, bir neçə gün əvvəl ərazidəki xırdabuynuzlu heyvanlar brusellyoz xəstəliyi əleyhinə vaksinasiya olunduğundan onlara quduzluq əleyhinə peyvənd vurmaq mümkün deyil. Qaydalara görə, brusellyoz əleyhinə peyvənd olunmuş heyvan 21 gün sonra başqa xəstəliyə qarşı vaksinasiya oluna bilər. Ə. Nadirov onu da bildirib ki, bu gün vəziyyəti yerində araşdırmaq üçün Dövlət Baytarlıq Xidmətinin xüsusi briqadası Taxtakörpüyə gələcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.