Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Bakıda "Azərbaycan Avrasiyanın logistika qovşağı kimi: Aİİ və Cənubi Qafqaz maraqlarının uzlaşdırılması" mövzusunda beynəlxalq dəyirmi masa təşkil olundu.
Hibrid formatda keçən tədbirdə dövlət qurumlarının, diplomatik korpusun, ekspert və biznes dairələrinin nümayəndələri həm əyani, həm də videobağlantı vasitəsilə iştirak etdilər. Müzakirələrin əsas mahiyyəti Azərbaycanın Avrasiya məkanında artan nəqliyyat-logistika rolu, regional iqtisadi inteqrasiya proseslərində tutduğu mövqe və Cənubi Qafqazın yeni geoiqtisadi reallıqları fonunda formalaşan əməkdaşlıq imkanları ilə bağlı idi.
Dəyirmi masa çərçivəsində Avrasiya İqtisadi Komissiyası və Avrasiya İnkişaf Bankının nümayəndələrinin çıxışları, eləcə də aparıcı ekspertlərin məruzələri tədbirə həm institusional, həm də analitik baxımdan xüsusi əhəmiyyət qazandırdı. Müzakirələrdə Aİİ-nin hazırkı inkişaf mərhələsi, beynəlxalq münasibətlərin regionlaşması şəraitində Avrasiyada iqtisadi qarşılıqlı fəaliyyətin yeni konturları, Azərbaycanın nəqliyyat-logistika potensialının tranzit funksiyasından daha geniş inteqrasiya platformasına çevrilməsi, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, daşımaların rəqəmsallaşdırılması, nəqliyyat marşrutlarının iqlim dayanıqlığı və Aİİ ilə Azərbaycan arasında investisiya əməkdaşlığının yeni artım nöqtələri ətraflı şəkildə nəzərdən keçirildi.
Tədbirin konseptual əhəmiyyəti ondan ibarət idi ki, burada Azərbaycan yalnız tranzit ölkə kimi deyil, Avrasiyanın müxtəlif iqtisadi məkanlarını birləşdirən, Cənubi Qafqazda sabitlik, bağlantılılıq və qarşılıqlı faydalı əməkdaşlıq gündəliyini formalaşdıran strateji logistika mərkəzi kimi təqdim olundu. Bu baxımdan dəyirmi masa həm Azərbaycanın regional nəqliyyat-kommunikasiya sistemində artan rolunun, həm də Aİİ ilə Cənubi Qafqaz arasında praqmatik iqtisadi dialoq üçün yaranan yeni imkanların ekspert səviyyəsində müzakirəsi baxımından mühüm platformaya çevrildi.
Statistik göstəricilər Aİİ məkanının 2021-2025-ci illərdə mürəkkəb beynəlxalq iqtisadi şəraitə baxmayaraq, dayanıqlı inkişaf dinamikasını qoruduğunu göstərir. 2025-ci ildə Aİİ-nin ümumi daxili məhsulu 3,02 trln. ABŞ dollarına, əsas kapitala investisiyalar 580 mlrd. ABŞ dollarına, sənaye istehsalı 1,69 trln. ABŞ dollarına, qarşılıqlı ticarət isə 95 mlrd. ABŞ dollarına çatmışdır. Xüsusilə investisiyaların 2021-ci illə müqayisədə 60,6 faiz artması Aİİ daxilində istehsal, infrastruktur və logistika imkanlarının genişləndiyini göstərən mühüm göstəricidir.
Bu dinamika Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Aİİ bazarlarında iqtisadi fəallığın, sənaye istehsalının və qarşılıqlı ticarətin artması Avrasiya məkanında etibarlı nəqliyyat-logistika bağlantılarına tələbatı gücləndirir. Belə şəraitdə Azərbaycan sadəcə tranzit ölkə kimi yox, həm də Aİİ ilə Cənubi Qafqaz arasında iqtisadi əlaqələrin şaxələndirilməsinə, ticarət axınlarının optimallaşdırılmasına və regional inteqrasiya gündəliyinin praktik məzmun qazanmasına töhfə verən strateji logistika qovşağı qismində çıxış edir.
Aİİ məkanında sənaye artımının getdikcə daha çox emal sənayesi ilə bağlı olması Avrasiya iqtisadiyyatında keyfiyyət dəyişikliklərinin baş verdiyini göstərir. 2025-ci ildə sənaye istehsalının 1,69 trln. ABŞ dollarına, emal sənayesinin isə 1,18 trln. ABŞ dollarına çatması, eyni zamanda emal sektorunun ümumi sənaye istehsalında 70 faizlik paya malik olması regionda xammal yönümlü modeldən daha mürəkkəb istehsal və əlavə dəyər zəncirlərinə keçidin gücləndiyini təsdiqləyir. Ərzaq məhsulları, metal məmulatları, nəqliyyat avadanlıqları, elektronika, optika, maşınqayırma, kimya və tikinti materialları üzrə artım isə ticarət axınlarının struktur baxımından daha çoxşaxəli xarakter aldığını nümayiş etdirir.
Bu proses Azərbaycan üçün mühüm geoiqtisadi imkanlar yaradır. Emal sənayesinin genişlənməsi həm istehsal həcmlərinin artması, həm də daha çevik, təhlükəsiz və rəqəmsallaşdırılmış nəqliyyat-logistika marşrutlarına tələbatın yüksəlməsi deməkdir. Belə şəraitdə Azərbaycan Aİİ ölkələrinin sənaye və aqrar-sənaye məhsullarının Cənubi Qafqaz, Xəzər hövzəsi, Türkiyə və daha geniş beynəlxalq bazarlara çıxışında strateji keçid məntəqəsi kimi rolu əhəmiyyətli dərəcədə artər. Bu baxımdan ölkənin logistik əhəmiyyəti həm tranzit funksiyası, həm də Avrasiya istehsal zəncirlərinin daha səmərəli və dayanıqlı şəkildə birləşdirilməsinə xidmət edən inteqrasiya amilinə çevrilməsi ilə diqqət çəkir.
Malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin daha sərbəst hərəkəti istehsal zəncirlərinin formalaşmasını asanlaşdırır, müəssisələrə bir neçə ölkənin sənaye, logistika, maliyyə və əmək resurslarını vahid layihə məntiqində birləşdirməyə imkan yaradır. Xüsusilə texniki reqlamentlərin, uyğunluq qiymətləndirilməsinin, baytarlıq, fitosanitar və laborator nəzarət mexanizmlərinin yaxınlaşdırılması aqrar-sənaye, emal, tikinti materialları, maşınqayırma və mühəndislik sahələrində kooperasiya imkanlarını genişləndirir. Azərbaycan üçün bu reallıq mühüm praktiki əhəmiyyət daşıyır. Ölkəmiz yaranan istehsal və ticarət axınlarının Cənubi Qafqaz, Xəzər hövzəsi, Türkiyə və Yaxın Şərq istiqamətlərinə çıxışında strateji logistika və əlaqələndirmə funksiyası yerinə yetirə bilər. Bu baxımdan Azərbaycanın imkanları və əhəmiyyəti təkcə yüklərin daşınması ilə məhdudlaşmır, bu, respublikamızıAvrasiya iqtisadi məkanında layihə kooperasiyasını, təchizat zəncirlərinin dayanıqlığını və regional iqtisadi bağlantıların dərinləşməsini təmin edən mühüm geoiqtisadi körpüyə çevrilir.
Fövqəlmilli dəstək mexanizmlərinin formalaşması Avrasiya iqtisadi məkanında inteqrasiyanın daha praktik mərhələyə keçdiyini göstərir. Maşınqayırma, kommunal texnika, elektronika və dəmir yolu komponentləri üzrə təsdiqlənmiş layihələr, 4,9 mlrd. rubl həcmində ümumi layihə dəyəri və 2,1 mlrd. rubl planlaşdırılan subsidiya istehsal zəncirlərinin yalnız ticarət mübadiləsi deyil, birgə sənaye təşəbbüsləri əsasında da dərinləşdiyini nümayiş etdirir. Faiz dərəcələrinin uzunmüddətli subsidiyalaşdırılması isə biznes üçün maliyyələşmə xərclərini azaldır və investisiya qərarlarının daha sürətli qəbuluna şərait yaradır. Bu proses Azərbaycanın Avrasiya logistika xəritəsində rolunu daha da aktuallaşdırır. Aİİ-nin İran, Serbiya və Vyetnamla artıq işləyən, Monqolustan, İndoneziya və Birləşmiş Ərəb Əmirlikləri ilə isə qüvvəyə minməsi gözlənilən sazişləri ümumilikdə yüz milyonlarla istehlakçını əhatə edən geniş bazar məkanı yaradır. Belə genişlənmə şəraitində Azərbaycan Cənubi Qafqaz, Xəzər hövzəsi, İran, Türkiyə və Yaxın Şərq istiqamətlərini birləşdirən logistika körpüsü kimi təkcə tranzit axınlarını deyil, həm də sənaye kooperasiyası, investisiya əməkdaşlığı və yeni ixrac marşrutlarının formalaşmasını təmin edən strateji platforma statusunu möhkəmlədirmiş olur.
2021-2025-ci illərdə Azərbaycanla Aİİ ölkələri arasında ticarət dövriyyəsinin 71,1 faiz artaraq 6,10 mlrd. ABŞ dollarına çatması qarşılıqlı iqtisadi əlaqələrin artıq epizodik deyil, sistemli xarakter daşıdığını göstərir. Lakin bu artımın strukturunda idxalın üstün mövqeyi xüsusi diqqət tələb edir: Aİİ-dən idxal 4,71 mlrd. ABŞ dollarına yüksəldiyi halda, Azərbaycanın Aİİ-yə ixracı 1,38 mlrd. ABŞ dolları səviyyəsində formalaşmışdır. Bu isə əməkdaşlığın genişləndiyini, lakin hələ tam balanslaşdırılmış ticarət modelinə çevrilmədiyini göstərir. Belə bir şəraitdə Azərbaycanın strateji vəzifəsi ticarət həminin artımını sadəcə idxal və tranzit göstəriciləri üzərində deyil, daha yüksək əlavə dəyər yaradan ixrac, logistika xidmətləri, anbar, sertifikatlaşdırma, emal və reeksport mexanizmləri üzərində qurmaqdan ibarətdir. Aİİ-nin Azərbaycanın xarici ticarətində 12,3 faizlik paya malik olması ölkəmizin Avrasiya iqtisadi məkanı ilə praktiki bağlılığını gücləndirir və Azərbaycanı Cənubi Qafqazda ticarət axınlarını birləşdirən mühüm logistika mərkəzinə çevirir.
Azərbaycanın Aİİ istiqamətində ixrac strukturunda meyvə-tərəvəz və polimer məhsullarının önə çıxması bu bazarın ölkəmiz üçün sadəcə satış coğrafiyası deyil, konkret sahələr üzrə əsas tələb məkanı olduğunu göstərir. Pomidor ixracının 99 faizinin, propilen polimerlərinin 97 faizinin, çəyirdəkli meyvələrin və alkoqolsuz içkilərin 96 faizinin Aİİ ölkələrinə yönəlməsi Azərbaycan məhsullarının bu bazarlarda artıq formalaşmış mövqeyə malik olduğunu təsdiqləyir. 724 mln. ABŞ dolları həcmində meyvə-tərəvəz ixracı aqrar logistikanın, 264,4 mln. ABŞ dolları həcmində polimer və propilen ixracı isə qablaşdırma, sənaye xammalı və aqrar-sənaye təchizat zəncirlərinin əhəmiyyətini artırır. Lakin ixracın ilk beş mövqe üzrə 56,9 faiz səviyyəsində cəmləşməsi əməkdaşlığın növbəti mərhələsində struktur dərinləşməsini zəruri edir. Azərbaycan üçün əsas məsələ mövcud üstünlüyü yalnız xammal və ilkin məhsul ixracı kimi saxlamaq deyil, onu soyuducu anbarlar, çeşidləmə, sertifikatlaşdırma, emal, qablaşdırma və brendləşdirilmiş məhsul ixracı ilə tamamlayan daha yüksək dəyər yaradan modelə çevirməkdir. Bu yanaşma Aİİ bazarlarında Azərbaycanın rəqabət mövqeyini möhkəmləndirməklə yanaşı, ölkənin qeyri-neft ixracının keyfiyyət baxımından genişlənməsinə də xidmət edə bilər.
Respublikamızın Aİİ ölkələrindən idxalı daha çox resurs, ərzaq və istehsal təyinatlı materiallar üzərində qurulduğu üçün bu istiqamət ölkə iqtisadiyyatının təchizat təhlükəsizliyi baxımından xüsusi əhəmiyyətə malikdir. Xam neft, buğda və gips materialları üzrə idxalın tamamilə, günəbaxan yağı, alüminium, polad prokat və kompleks gübrələr üzrə isə əsasən Aİİ mənbələri hesabına formalaşması qarşılıqlı ticarətin istehlak xarakterindən daha çox istehsal və infrastruktur xarakteri daşıdığını göstərir. Bu, kənd təsərrüfatı, tikinti, sənaye və enerji-logistika sahələrinin davamlı fəaliyyəti üçün Aİİ ilə əlaqələrin praktik çəkisini artırır. Eyni zamanda idxal strukturunun ilk beş mövqe üzrə 51,3 faiz səviyyəsində cəmləşməsi və qızıl kimi dəyişkən dəyərli məhsulların yüksək payı risklərin idarə olunmasını aktuallaşdırır. Azərbaycan üçün optimal yanaşma bu əlaqələri tədarük kanalı kimi saxlamaqdan öncə, daha çox terminal, anbar, emal, sığorta, keyfiyyət nəzarəti və uzunmüddətli müqavilələr vasitəsilə daha sabit təchizat arxitekturasına çevirməkdir. Belə model həm daxili bazarın dayanıqlığını gücləndirə, həm də ölkənin regional ticarət sistemində funksional rolunu genişləndirə bilər.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əsas iqtisadi dəyəri onun yükləri daha qısa məsafə ilə daşımasından deyil, ticarət üçün daha ölçülə bilən və proqnozlaşdırılan xidmət modelinə çevrilə bilməsindən ibarətdir. 2025-ci ildə bu istiqamətdə yük həcminin 9,29 mln. tona çatması, potensial göstəricinin isə 15 mln. ton kimi qiymətləndirilməsi marşrutun hələ tam istifadə olunmamış imkanlara malik olduğunu göstərir. Rusiya ilə İran sərhədlərini birləşdirən 511 kilometrlik dəmir yolu infrastrukturu Azərbaycanın bu xəttdə texniki keçid deyil, marşrutun sabitliyini təmin edən əsas əməliyyat məkanı olduğunu təsdiqləyir.
Dəhlizin 20-25 günlük çatdırılma müddəti dəniz marşrutu ilə müqayisədə ciddi zaman üstünlüyü yaradır. Lakin bu üstünlüyün davamlı iqtisadi nəticəyə çevrilməsi üçün sürət amili tarif sabitliyi, rəqəmsal izləmə, sərhəd prosedurlarının sadələşdirilməsi və multimodal xidmətlərin sinxronlaşdırılması ilə tamamlanmalıdır. İran, Fars körfəzi və Hindistan istiqamətində 1,6 milyard nəfərlik geniş bazar məkanına çıxış Azərbaycanın nəqliyyat siyasətini regional tranzitdən daha yüksək mərhələyə - Avrasiya ticarət axınlarının idarə olunan və etibarlı xidmət sisteminə çevirmək imkanını gücləndirir.
Azərbaycanla Aİİ ölkələri ilə əməkdaşlığının növbəti mərhələsi konkret sınaq layihələrinə keçidi aktuallaşdıra bilər. Bu mənada, bir tərəfdən, yük axınlarının artırılması, digər tərəfdən isə marşrutların kommersiya baxımından ölçülə bilən xidmətə çevrilməsinə istiqamətləndirilməsi böyük məna kəsb edir. "Şimal-Cənub" xətti üzrə tarif pəncərəsi, qrafik, sərhəddə dayanma müddəti və yüklərin izlənməsi kimi parametrlərin razılaşdırılması yeni məhsullar, polimerlər və konteyner daşımaları üzrə real sınaq marşrutları vasitəsilə yoxlanıla bilər. Belə yanaşma hər bir istiqamət üzrə qiymət, vaxt, sənəd yükü və geri yüklənmə imkanlarını aydın şəkildə qiymətləndirməyə şərait yaradar.
Aqrar-sənaye məhsullarında əsas məsələ bazara sabit çıxışın təmin olunmasıdır. Pomidor, alma, xurma və çəyirdəkli meyvələr kimi həssas məhsullar üzrə elektron sertifikat mübadiləsi, tanınmış laboratoriyaların siyahısı, öncədən məlumatlandırma, risk profilləri və soyuq zəncir mexanizmləri xüsusi əhəmiyyət daşıyır. Çünki bu kateqoriyada istənilən inzibati gecikmə birbaşa məhsulun keyfiyyətinə, çatdırılma müddətinə və yekun qiymətinə təsir edir. Gömrük, texniki tənzimləmə və sənədləşmə sahəsində kodların və tələblərin uyğunlaşdırılması, elektron sənədlərin tanınması, texniki reqlamentlər üzrə ilkin məsləhətləşmələr isə polimer qablaşdırma, tikinti materialları, ayrı-ayrı komponentlər və avadanlıq üzrə ticarəti daha çevik edə bilər.
Ən vacib istiqamətlərdən biri də məhsul göndərişindən birgə layihə məntiqinə keçiddir. Xammal, emal, qablaşdırma, logistika, servis və satış mərhələlərini birləşdirən kooperasiya zəncirləri biznes assosiasiyaları, banklar, sığorta şirkətləri, daşıyıcılar və operatorların iştirakı ilə qurulduqda əməkdaşlıq daha davamlı xarakter alır. Ödənişlərin müşayiəti, yük sığortası, elektron nəqliyyat və əmtəə-müşayiət sənədləri üzrə rəqəmsal konturun yaradılması isə sövdələşmələrin maya dəyərini azalda bilər. Bu baxımdan 10-15 konkret biznes aspekti üzrə "problem pasportu"nun hazırlanması (məhsul, marşrut, sənəd, məsul qurum, gecikmə dəyəri və həll mexanizmi göstərilməklə) Azərbaycanla Aİİ ölkələri arasında praktiki dialoqu daha nəticəyönümlü mərhələyə çıxara bilər.
Beləliklə, müasir Avrasiya məkanında Azərbaycanın rolu təkcə coğrafi mövqe üstünlüyü ilə deyil, həm də nəqliyyat, ticarət, sənaye kooperasiyası və institusional əlaqələndirmə imkanlarının artması ilə müəyyən olunur. Aİİ ölkələri ilə ticarət dövriyyəsinin genişlənməsi, "Şimal-Cənub" dəhlizinin praktik əhəmiyyətinin yüksəlməsi, aqrar-sənaye və emal məhsulları üzrə qarşılıqlı tələbatın güclənməsi Azərbaycanın regional iqtisadi proseslərdə daha fəal və funksional iştirakçıya çevrildiyini göstərir. Bu nöqteyi-nəzərdən Azərbaycanın qarşısında dayanan əsas vəzifə mövcud nəqliyyat üstünlüklərini daha yüksək əlavə dəyər yaradan xidmət, istehsal, emal, rəqəmsal sənədləşmə və investisiya əməkdaşlığı modeli ilə tamamlamasıdır.
Məhz bu halda ölkə Cənubi Qafqazın sabitlik və bağlantılılıq məkanında mərkəzi aktorlardan biri kimi mövqeyini daha da möhkəmləndirə, Cənubi Qafqazla Avrasiya regionu arasında qarşılıqlı faydalı iqtisadi gündəliyin formalaşmasına mühüm töhfə verə bilər. Azərbaycanın günü-gündən yüksələn rolu artıq sadəcə tranzit potensialı ilə deyil, həm də Avrasiyada yeni iqtisadi əlaqələr sisteminin qurulmasında oynadığı strateji funksiyası ilə də ölçülür.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)
-
Qəbul imtahanının nəticəsi açıqlandı
XƏBƏR LENTİ
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)
-
Qəbul imtahanının nəticəsi açıqlandı
-
Bank kartlarındakı problemlə bağlı Mərkəzi Bankdan AÇIQLAMA
-
"Eşref Rüya"nın aktyoru Tolqa Tekin yeni serialda (Foto)
-
Sabah Lənkəranda qaz olmayacaq
-
Naxçıvanda çaylardan sel keçir
-
Toyuqları belə şəraitdə kəsib satışa çıxarırmışlar - (Foto)
-
Zibillikdə tərk edilən “Chevrolet Cobalt”ın sahibi müəyyən edildi - Yenilənib
-
Humay Qədimovanın “Hər simdə bir hekayə” adlı solo konserti böyük maraqla qarşılanıb - FOTO
-
Bakıda tikinti şirkətinə qarşı cinayət işi açılıb
-
İlkin İsmayılov işdən çıxarıldı
-
Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib
-
CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar”
-
Milli İncəsənət Muzeyində “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici proqram təşkil olunub.- FOTO





