Cəmiyyət

Gəlinlik donunun tarixi: Qırmızıdan ağa doğru "inkişaf" - Araşdırma - FOTO

24 Yanvar 2011 09:17
Baxış: 6 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bütün xanımların geyməyi arzuladığı gəlin paltarlarının tarixi, anlamı barədə bildiklərimiz və bilmədiklərimiz barədə Milli.Az xəbər protalı məlumat verəcək.

Gəlinlik paltarı anlayışı ilk dəfə türk dünyasından dünyaya yayılmış bir adətdir. Orta əsr Avropasında katolik və xristian aləminin adətlərə çox bağlı qadınları adətən qapalı geyinirdilər və gəlinlik anlamı yox idi. Evlənən qız toy üçün aldığı adi paltarda kilsəyə gedir, nigaha girirdi. İşləyən xanımlar bir qədər açıq geyinirdilər, amma onlar da gəlinlik barədə bir anlayışa malik deyildilər. Zamanla inkişaf edən və dəyişilən paltarlar gəlinliyin yaranması üçün stimul olur. Belə ki, gəlinin toyda seçilməsi, digər xanımlardan ayırd edilməsi üçün gəlinlər daha fərqli geyinməyə başladı. Türk dünyasında qırmızı rəngdə olan gəlinliklərə, Avropada, xristian dünyasında isə ağ rəngdə gəlinlik donuna üstünlük verilirdi.

Qırmızı gəlinlik - türk ruhunda toy geyimi

Türklər tarixən qədim ənənələrə bağlı bir toplum olub, tarixin müxtəlif dövrlərində müxtəlif dinlərə bağlansa da, heç bir din heç bir zaman türklüyün önünə keçə bilməyib. Çox gəzən, çox yer görən, çox mədəniyyətlərdən xəbərdar olan türklər həmişə öz adətlərini dəyişikliyə məruz qalmaqdan qoruyublar. Türkün ənənəsi həmişə qutsal olub.
Türk adətlərinə görə, gəlin yalnız qırmızı geydirilməlidir. Qırmızı rəng türk inancına qörə, qutsallıq, bəkarət, namus və baş ucalığı rəmzidir. Qədim türk torpaqları olan Azərbaycanda gəlinlər dədə-babadan qırmızı rəngdə geyinib. Çox əskilərdən yaxın keçmişədək bütün gəlin geyimləri əsasən al-qırmızı rəngdə olub. Bu geyimin üzərində sarı (Günəşin rəmzi olaraq), ağ (saflığın rəmiz olaraq) naxış çalarları olardı. Toy günü başmaqlarından tutmuş duvağına qədər, xınasına qədər qırmızıya bürünən türk qızının gözəlliyini təsəvvür etdinizmi? 

Azərbaycan toylarının gəlinliyi

Azərbaycan toylarında gəlin paltarını oğlan evinin adamları hazırlayırdı. Daha dəqiq desək, toya gününə 1-2 ay qalmış oğlan anası, bacısı gəlini toya qədər bəzəməklə məşğul olurdu. Adət idi, qız toy günü başdan-ayağa qırmızı geyinməli idi.
Toy paltarı məxməri, ipək və ya zərxara parçalardan tikilirdi. Qolları yelpazə olan köynək yaxası dar və pullu olub belə qədər bütöv olurdu, bel hissəsindən 3 yerə- iki yandan və öndən yarıqlara ayrılan köynəyin ətəkləri də dəmir pullarla bəzədilirdi. Ətək isə olduqca geniş, üzəri əl işləməli, təbii naxışlarla zəngin olurdu.
Köynəyin ətəkləri uzun gəlin ətəyinin üzərindən aşığıya doğru uzanırdı, gəlinin belini qırmızı və enli qurşaq bəzəyirdi, qurşağın üzərində gəlin yeridikcə cingildəyən dəmir pullar düzülürdü. Qədimdə gəlinliyə "bəzənik" deyirdilər. Ayrı-ayrı bölgələrdə fərqli adlar deyənlər də vardı. Məsələn, Naxçıvanda gəlin paltarına "kəfrəm" deyirdilər.

Qırmızı qurşaq - müasir toylarda yeganə qədim adət

Əksər hallarda toylarda gəlinlərin belinə qırmızı bir qurşaq, lent bənd edilir. Bu lenti gəlinin belinə qardaş və ya yaxın bir oğlan qohum bağlayır. Düzdür, dövrümüzdə qızların çoxu bu adəti köhnəlmiş hesab edir və qəti şəkildə toyunda belinə qırmızı bağlamağa izin vermir. Bunun anlamının nə olduğunu bəlkə də çoxları bilmir, sadəcə adət kimi əməl edirlər.
Yaşlı nəslin nümayəndələri deyir ki, qırmızı belbağı gəlinin baş ucalığıdır. Belə ki, əgər ata, qardaş evdən çıxan qızın belinə qırmızı qurşaq bağlayırsa bu o deməkdir ki, biz qızımızın namusuna, bəkarətinə və tərbiyəsinə əminik. Belinə qırmızı qurşaq bağlanaq qız ata evindən alnı açıq, üzü ağ, qürurla çıxırmış. Atanın, qardaşın bağladığı qırmızı qurşağı gəlinin belindən yalnız gələcək həyat yoldaşı aça bilər.
Zamanla türk elləri istilaya məruz qaldıqca adətlər də kənar təsirə məruz qalıb. Bu mədəniyyətdə, geyimdə də özünü göstərib. Könül oxşayan qırmızı gəlinliklərin yerini insana hüzün gətirən ağ gəlinliklər alıb.

Ağ gəlinlik bəkarətin rəmzimi?

Toy gününün ən önəmli atributlarından olan gəlinlik dövrümüzdə əsasən ağ rəngdə dəbdədir. Son zamanlar demək olar ki, əksər xalqların toylarının və gəlinlərinin dəbdə olan ağ gəlinliklər XVI əsrdə yaranıb. Bu zamanlar kral ailəsinin qızları ərə gedəndə gümüşü rəng gəlinlik geyinirdi. Kraliça Viktoriya bu ənənəni pozdu və ağ gəlinlik geydi. Bundan sonra ingilis və fransız yazarlar ağ rəngi saflığın simvolu kimi təblig etdilər.
O zamanlar bəkarəti olmayan gəlinlər ağ gəlinlik geyməyə cəsarət etmirdilər. Gəlinlər ağ geyindilərsə, demək ki, o bakirədir. Elə o vaxtdan da gəlinliklə bağlı bəzi inanclar yarandı. Bunlar, gəlinin öz gəlinliyini özü tikməsi, gəlinliyi toya qədər bəyin görməməsi, gəlinliyin toydan öncə geyinilməməsi kimi inanclardır.

Orta əsrlərdə gəlinliyin rənginin önəmi yox idi, əsas olan parçanın keyfiyyəti idi. Amma qədim Misirdə gəlinlər sarı və ağ rənglərin vəhdətindən yaranmış paltar geyirdi. Yunanıstanda ağ geyinən gəlinlər bu rəngin xoşbəxtlik gətirdiyini hesab edirdilər.
Çin və Hindistanda da qədimdən bəri  gəlin paltarı qırmızı rəngli olub.  Hindistanda "sari" adlandırılan milli geyimin toy günü də geyilməsi adətdir. Amma gündəlik saridən fərqli olaraq toy sarisi mütləq qırmızı olmalıdır və min bir bəzəklə əhatələnir. Çinli gəlinlərin toyda şans gətirdiyini düşündükləri qırmızı ətəkli uzun donlarının yerini yavaş-yavaş ağ gəlin donları alır. 
(Ayrı-ayrı dövrlər və ölkələr üzrə gəlinlik donlarının fotoları yazıya əlavə olunub).

İslam aləmində gəlinlik

Türk torpaqlarının ərəblər tərəfindən işğal edilməsindən və türklərə islamın qəbul etdirilməsindən sonra bir çox adət-ənənələrdə olduğu kimi toy ənənələri də dəyişikliyə məruz qaldı. Qırmızı, əl işləməli, zərxara, zəngin kültürü göstərən gəlinliklərin yerini sadə, heç bir gözəlliyi, zənginliyi olmayan ağ kətan paltarlar əvəz etdi. Türkün demək olar ki, bütün milli adət-ənənələrini qadağan edən ərəblər daha sonralar bütün adətləri özününkü kimi qələmə verdi. Ərəb toylarında türk ustaların türk qumaşlarından tikdiyi, min bir bəzək vurduğu gəlinliklər dəb oldu.
İslam adətlərinə görə, qadının toy günü bəzədilməsi normal haldır. Amma başqa dinə mənsub xalqların adətlərinə müsəlman toylarında əməl edilməsi düzgün sayılmır. İslama görə, ağ gəlin paltarları kafirlərə, yəni müsəlman olmayanlara, xüsusən də xristianlara xasdır. Müsəlman adətlərinə görə, gəlin toy günü sırf islam adətlərinə görə geyinməli, islam adətlərinə görə bəzənməlidir.
 
Müsəlman toylarında gəlinin başına yaşıl rəngdə duvaq salınması adəti varmış, amma indi bu adət yoxdur. Danılmazdır ki, bu adət müsəlmanlara türklərdən keçib, amma türklər duvağı qırmızı rəngdə geyiniblər, bu, hələ də belədir. Duvağın əsas anlamı gəlinin üzünün yalnız gələcək əri tərəfindən açılması və üzgörümlülüyü verməsi idi.
İslama görə, baha qiymətə gəlinlik almaq günahdır, çünki bu gəlinlik olduqca baha qiymətə alınır, bir dəfə geyilir və əbədi olaraq dolabın bir küncündə qalır. Ona görə toy paltarını və aksesuarlarını pulla almaq yox, kirayələmək daha yaxşıdır.

İslam gəlin paltarı geyməyi qəti olaraq qadağan etmir, ancaq ağ gəlinliyin əvəzinə dini rəngi özündə əks etdirən yaşıl duvaqlı ərəb milli geyimini geyməyi məsləhət görür. Ağ gəlinlik geyilsə, tamamilə qapalı, bəzəksiz olmalı, cəlbedici olmamalıdır. Yad kişiləri cəlb etməmək üçün gəlinlik dar və şəffaf olmamalıdır.

Gəlinliklərin fərqi və qiyməti: Azərbaycanda gəlin paltarları neçəyədir?

Azərbaycan gerçəkliklərini nəzərə alsaq, toy günü gəlinlik kirayələmək o qədər də çətin iş deyil, çünki hər cür gəlirli insanlar üçün uyğun gəlinliklər var. Kirayəlik gəlin paltarları bir günlük 100-1000 manat arası dəyişir. 100 manata olan donların sadə tikilişi var, üzərində bahalı daş-qaşlar istifadə edilmir. Nisbətən bahalı donlarda isə bir qədər dəbdəbə hiss olunur. Günü 1000 manata kirayələnən donların bəzəyi üçün isə svarovski kimi daş-qaşlardan istifadə edilir. Satılan gəlinliklərin qiymətləri də fərqlidir. Ölkəmizdə 300 manatdan başlayan bu qiymətlər 10 minə qədər dəyşir. Daha bahalı gəlinliklər də var, amma bunlar sırf sifarişlə tikilir və ya xaricdən gətirilir.
Paytaxtın adlı-sanlı gəlinlik mağazalarından birinin satıcısı Aliyə deyir ki, mağazalarında ən ucuz kirayəlik gəlin paltarı 400 manat, ən ucuz satılıq gəlin paltarı isə 940 manatdır. Qiymətlərin baha olduğunu dedik, satıcı xanım etiraz etdi: "Bu paltarların üzərində olduqca bahalı zinət daşları istifadə edilib, bəziləri tək modeldir, xüsusi sifarişlə Fransadan, İtaliyadan gətirilib".

Aydın məsələdir, hər bir qadın toy günü əsrarəngiz görünmək istər, gəlinliyi ilə göz qamaşdırmaq istər. Gerçəklikdir, bəzi gəlinliklərin kirayə və satış qiymətlərini eşidəndə onsuz da gözlər qamaşır, hələ üstəlik böyüyür də. Bu cür donları kirayələyən və ya satın alanları isə anlamaq olmur, bir gün üçün o qədər pulu verməyə dəyərmi?
Hazırda o qədər çox çeşiddə gəlin paltarı var ki, kimin əynindəkinin neçə manatlıq olduğunu da ayırd etmək mümkün deyil. Yəni, bahalı geyimlə lovğalanmaq da əldən çıxıb. Çünki Çin manufakturaları hər şeydə olduğu ki, gəlinliklərdə də məhşur modelləri heyrətamiz dərəcədə təkrarlaya və bazara su qiymətinə çıxara bilirlər. O halda bir neçə saatlığa 1000 manatlıq gəlinlik geyməklə, ona çox bənzəyən 100 manatlıq paltarın heç bir fərqi görünmür. Bu zaman bəlkə də artıq ödənilən 900 manata xeyirxah işlər görüb savab qazanmaq daha yaxşı olardı. Amma təbii ki, bu, hər kəsin öz arzusuna, seçiminə və zövqünə bağlı məsələdir...

Lalə Mehralı
Milli.Az

Orta əsrlər












































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.