Wikileaks olaylarının 4 ili tamam olur. 4 il əvvəl, 2010-cu ilin dekabrında dünya mediasına bomba kimi düşən Wikileaks olayları ABŞ hökumət orqanları, eləcə də bir çox ölkələrin siyasi və hərbi xadimləri üçün ciddi problem yaratdı. Avstraliyalı jurnalist Culian Assanjın rəhbərlik etdiyi şəbəkə ABŞ hökumətinin məxfi yazışmaları, eləcə də kəşfiyyat məlumatları, siyasi, diplomatik görüşlər və iqtisadi sahəyə aid bir çox mühüm məlumatlar üzə çıxararaq yaydı.Arzu Nağıyev: "Siyasi manevrlərlə bağlı bu məlumatların qəsdən sızdırılması da istisna edilə bilməz"
Wikileaks məlumatları sayt üzərindən dünyanın nüfuzlu qəzet və agentliklərinə göndərilir və buradan da ən çox diqqət cəlb edən, sensasiyalı materiallar tirajlanırdı. Sonradan bütün bu məlumatlar ictimaiyyət üçün açıq oldu və əksər media orqanları, həvəskar araşdırmaçılar bu fayllara baxıb araşdırma apara bilirdilər.
ABŞ hökumətinin məxfi sənədlərinin yayılması Vaşinqtonun siyasi etibarını xeyli dərəcədə zəiflətdi. ABŞ rəsmilərinin müxtəlif ölkələrin siyasi, diplomatik rəhbərləri ilə keçirilən görüşləri yazı şəklində Vaşinqtona göndərməsi, eləcə də müxtəlif, əslində, demək olar ki, bütün dünya ölkələrindəki səfirliklər vasitəsilə toplanan bilgilər, hesabatların Vaşinqtona göndərilməsi, məxfi görüşlərin yazıya alınması dünyada ciddi narahatlıqla qarşılandı. Hətta Vaşinqton rəsmi açıqlama ilə çıxış edərək dünya ölkələri ilə əməkdaşlığı davam etdirməyə çağırıb.
Bundan başqa, həm Culian Assanj, həm də məxfi məlumatların ötürülməsini təmin edən ABŞ ordusunun əsgəri Bredli Menninq barəsində həbs qərarı çıxarılsa da, yalnız ikincisi həbs olunaraq hərbi məhkəmədə mühakimə olundu. Assanca qarşı bir sıra iddialar qaldırılsa da, onu həbs edib mühakimə etmək mümkün olmadı.
Bu günlərdə isə Wikileaks ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hava limanlarının gömrük xidmətlərindən, o cümlədən Avropa Birliyi ölkələrinə saxta pasportlarla qanunsuz keçilməsi haqda iki məxfi məruzəsini dərc edib. Belə ki, məxfi sənədlər məmur adı altında gizlənən MKİ agentlərinə bütün dünya üzrə pasport yoxlanışından yan ötməyə kömək etməyi nəzərdə tutur. Sənədlər sərhədlərin keçilməsi və viza qaydaları, elektron sistemlərin həcmi və məzmunundan, sərhəd qoşunlarının protokol hərəkətlərindən və s. ətraflı bəhs edir. Təlimatlarda habelə sərhədçilər tərəfindən şübhələrin yarandığı təqdirdə sorğu-suala daha yaxşı necə hazırlaşmaq və ondan necə keçmək haqda tövsiyələr əksini tapıb.
Politoloq, keçmiş təhlükəsizlik orqanı əməkdaşı Arzu Nağıyev deyir ki, açıqlanan sənəddə hər bir praktik xüsusi xidmət orqanı zabitinə öz peşəkar fəaliyyətində istifadə etdiyi və xidməti istifadə üçün nəzərdə tutulan təlimatlardan başqa elə bir gizli məsələ ortaya çıxarılmayıb: "Maraqlısı da odur ki, məlumatlar əsasən ABŞ-ın diplomatik korpusu və MKİ-nin yazışmasından əldə edilənlərdir. Aydındır ki, hər bir diplomatik korpus və orada fəaliyyət göstərən diplomatlar, öz necə deyərlər, xətlərinə uyğun olaraq olduqları ölkə haqqında analitik materiallar hazırlayır və bunun nəticəsində müəyyən proqnozlar verilir. Əsas məqam isə bu məlumatların bilərəkdən və ya düşünülmüş formada sızıdırılıb-sızdırılmamasından gedir. Bütün bu proseslər təbii ki, sıravi vətəndaş üçün maraq doğurur".
Ekspert deyir ki, əslində açıqlanan məlumatlar bir dünya gücü olaraq ABŞ-ın kəşfiyyat xidmətinin fəaliyyət taktikasından bəhs edir ki, burda da təəccüblü heç nə yoxdur: "Əgər WikiLeaks-in son məlumatlarına nəzər salsaq, görərik ki, MKİ agentlərinin dünya aeroportlarında təhlükəsizlik sistemlərinə "ilişmə"dən keçə bilməsindən bəhs edilir və bu 2011-ci ilin materiallarıdır. Məlumdur ki, dünyanın bütün ölkələrinin xüsusi xidmət orqanları başqa dövlətlərin ərazisində müəyyən kəşfiyyat və əks-kəşfiyyat tədbirləri həyata keçirir. Ancaq bunun necə keçirilməsi çox dar çərçivəyə məlum ola bilər. Bunların açıqlanması isə dövlətin maraqlarının açıqlanması deməkdir. Məhz bunun marağında olan qurumlar isə Culian Assanjın rəhbəri olduğu Wikileaks-in məlumatlarından yararlanırlar".
A.Nağıyev deyir ki, bu tip məlumatların yayılması təcrübəsi bəzi hallarda bu məlumatların bilərəkdən yayıldığını göstərir. Bu mənada ekspert bu məlumatların 4 ildən sonra dövriyyəyə buraxılmasının məqsədli ola biləcəyini düşünür: "Söhbət ABŞ-dan gedirsə, məlumdur ki, bu gün ABŞ dünyanın, demək olar ki, bütün ərazilərində, suda, quruda, havada, kosmosda, yeraltı və yerüstü sahələrində hərbi və ya kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Eyni zamanda dünyanın bir sıra qaynar nöqtələrində hərbi əməliyyatlarda iştirak edir. Bu fəaliyyəti nəticəsində müəyyən məxfi forma və metodlardan da istifadə edir, dezinformasiya və digər metodlarla işləyir. Yəqin ki, insan haqları məsələsi də mühüm rol oynayan amillərdən olduğu üçün istənilən məlumatın sızması dövlət üçün qalmaqala səbəb ola bilər. Məhz buna görə də məxfiliyin qorunması birinci şərt kimi qoyulub və buna da böyük vəsaitlər sərf edilir. Digər tərəfdən isə siyasi manevrlərlə bağlı bu məlumatların qəsdən sızıdırılması da istisna edilə bilməz"...
musavat.com