Azərbaycan SSR Kommunal Təsərrüfat komissarı Həmid Sultanov 1937-ci il 31 iyul tarixli istintaq ifadəsində deyirdi:
"Bizim əksinqilabi təşkilatın üzvlərindən əlavə bunları tanıyıram.... Qədirbəyova Gülarə- Azərbaycan XKS nəzdində olan İdman Komitəsinin keçmiş sədri və "Şərq qadını" jurnalının baş redaktoru. Onu təşkilata Qasımov Mirzə Məmməd cəlb etmişdi".
Gülarə İbrahim Xəlil qızı Qədirbəyova 1903-cü ildə Nuxa (Şəki) qəzasının Baş Göynük kəndində, molla ailəsində anadan olub. Kənddə ibtidai təhsil alıb. Atası kəndxuda olub, sonralar kənd bəyləri tərəfindən öldürülüb. Anası isə başqası ilə yenidən ailə qurub. Gülarə 1920-ci ildə Şəkidə fəaliyyətə başlayan pedaqoji kursu bitirərək müəllim kimi öz kəndinə qayıdıb. Müəllim işləyə-işləyə ictimai fəaliyyətə başlayıb. Əhməd Qədirbəyovla ailə qurduqdan sonra Bakıya köçüblər. Sonralar başqası ilə ailə quran Gülarə xanım əvvəlki soyadından imtina etməyib.
1927-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Qadınlar şöbəsinin müdiri təyin edilib. Eyni zamanda qadın azadlığı mövzusunda yazılar yazıb. Köylü qızı imzası ilə...
"Şərq qadını" jurnalı nəşrə başlayanda 20 yaşlı Gülarə onun ilk xanım müxbirlərindən biri olub.
1931-ci ilin mayında G.Qədirbəyova "Şərq qadını" jurnalının redaktoru təyin edilib.
1932-1937-ci illərdə Əli Bayramov adına Mərkəzi Qadınlar Klubunun direktoru vəzifəsi də Qədirbəyovaya həvalə olunub.
1936-cı ildə Əli Bayramov adına Qadınlar Klubunun 15 illiyi ilə əlaqədar "Bir sarayın tarixi" adlı kitab çap olunur. Köylü qızı Gülarənin rəhbərliyi ilə yazılan və onun redaktəsi ilə nəşr olunan kitab onun repressiya edilməsi üçün bəhanə verdi. Kitabı millətçilik ruhunda yazılmış əsər kimi qələmə verdilər.
Gülarə xanım isə ittihamları rədd edirdi:
"Mən heç bir əksinqilabçı təşkilatda olmamışam. Azərbaycanda olan millətçi təşkilatla heç bir əlaqəm olmayıb və bu təşkilat haqqında mən qəzetlərdən bilmişəm. Haqqımda olan ifadələrə gəlincə, mən onların hamısını rədd edirəm. Məni əksinqilabçı kimi təqdim edən Həmid Sultanovu mən məsul işçi kimi tanıyırdım, o mənə böhtan atır".
Əksinqilabçı millətçi təşkilatın üzvü ittihamı ilə həbs ediləndə onun cəmi 35 yaşı vardı.
Maraqlıdır ki, Gülarə xanım anasının dəfn mərasimində həbs olunub. 1938-ci il iyulun 26-da İsmayıllı rayonunun Basqal kəndində...
Bundan bir müddət əvvəl isə onun ikinci həyat yoldaşı Asəf Rəhmanov həbs olunmuş, 1938-ci il yanvarın 3-də güllələnmişdi. O, uzun müddət təhlükəsizlik orqanlarında işləmişdi. Qardaşı Kərim Qazıyev Müsavat Partiyasının fəal üzvü kimi sürgün edilmişdi.
Gülarə Qədirbəyovanın həbs olunması haqqında qərar onun tutulmasından bir gün sonra yazılıb. Akademik Ziya Bünyadov "Qırmızı terror" da yazır: "...çox əla işləyirdilər. Əvvəlcə adamı həbs edirdilər, sonra isə haqqında qərar çıxarırdılar".
1938-ci il noyabrın 17-də XDİK-in DTK-nin müvəkkili Korneşov Qədirbəyova Gülarənin işi üzrə şahid qismində Azərbaycan SSR Prokurorluğu kadrlar şöbəsinin keçmiş rəisi Həşımzadə Bilqeyisi dindirir: "...Qədirbəyova dəfələrlə şəxsən mənə deyirdi ki, o, artıq ifşa olunmuş xalq düşməni müsavatçı yazıçı Hüseyn Cavidlə yaxınlıq edir. Qədirbəyova deyirdi ki, Hüseyn Cavid evinə tez-tez gəlir, saatlarla otururdu. Bir də demək lazımdır ki, Qədirbəyovanın artıq xalq düşməni kimi ifşa olunmuş mühəndis Xədicə Hüseynova ilə yaxınlığı var idi..."
Bilqeyis Həşimzadənin daha bir ifadəsi:
" Sual: Öz ərizələrinizdə göstərirsiniz ki, Qədirbəyova Gülarə qardaşının əksinqilabi fəaliyyətə görə sürgün olunmasına baxmayaraq onun qohumları ilə əlaqə saxlayır. Siz bunu təsdiq edirsinizmi?
Cavab: Bəli, təsdiq edirəm. Qədirbəyovanın ögey qardaşı Qazıyev Kərim Müsavat Partiyasının fəal üzvü kimi əksinqilabi fəaliyyətinə görə məhkum olunub sürgün edilmişdir. Buna baxmayaraq Qədirbəyova öz ögey atasına 1935-36-cı illərə qədər maddi yardım göstərirdi. Bundan başqa o, Kərimin qardaşı Yusiflə əlaqə saxlayırdı".
1939-cu il yanvarın 20-də G.Qədirbəyovanın işi üzrə istintaqın bitməsi haqda protokol tərtib olunur.
Protokolla tanış edilən Qədirbəyova ora bu sözləri əlavə edir: "Mən partiyanın namuslu və sadiq üzvü olaraq qalıram".
Həmin gün Qədirbəyovanın işi üzrə ittihamnamə tərtib olunur:
"Qədirbəyova Gülarə xanım İbrahim Xəlil qızı müqəssirdir ona görə ki, o, əksinqilabi millətçi təşkilatın fəal üzvü olaraq həmin təşkilatın üzvləri ilə əlaqə saxlayırdı. O, Azərbaycan K(b) P MK rəhbərliyini hörmətdən salmaq üçün millətçi söhbətlərdə iştirak edirdi və əksinqilabi iş aparırdı..."
Nəhayət, Xüsusi Müşavirənin qərarı ilə Gülarə Qədirbəyova beş il müddətinə həbs düşərgəsinə göndərilir.
1950-ci il oktyabrın 4-də Azərbaycan DTK-nın 5-ci şöbəsinin 3-cü bölməsinin rəisi, podpolkovnik Ələkbərov polkovnik Kərimovun adına belə bir raport yazır: "1942-ci il may ayında məhbus Qədirbəyova Gülarə İbrahim Xəlil qızı Sibir lagerlərindən (Marinskidən) yox olub və onun indi harada olduğu məlum deyil. Qədirbəyova Gülarə DTK və SSRİ Prokurorluğunun 1948-ci il 28 oktyabr tarixli qərarına görə yenidən həbs olunmalıdır. Xahiş edirəm, Qədirbəyovanın axtarılmasına sərəncam verəsiniz. Kərimov məktuba belə bir dərkənar yazır: "Axtarış elan edilsin. Həbs müddəti qurtarandan sonra Qədirbəyova yox olub və olduğu yer müəyyən edilməyib, faktiki olaraq Qədirbəyova axtarılmalı, tapılmalı və yeri müəyyən edildikdən sonra həbs olunmalıdır".
1980-ci illərdə Azərbaycanda Gülarə Qədirbəyovanın xatirəsinə həsr olunmuş tədbirdə professor Əzizə Nəcəfova bir hekayət danışıb. Bu hekayə Köylü qızının son acınacaqlı taleyindən soraq verir. "Xalq düşməni elan edilmiş günahsız həkim Tehran Şəmsəddinskaya sağlığında gəlini Əzizə xanıma danışıb ki, sürgündə G.Qədirbəyova ilə eyni düşərgədə olublar. Tezliklə onunla dostlaşıblar. Günlərin bir günündə Gülarənin qarın nahiyəsində güclü ağrılar başlayıb. O, bu şiddətli ağrılara dözə bilməyib düşərgə həkiminə müraciət edib. Kor bağırsağın iltihabından şübhələniblər. İki dəfə cərrahiyyə əməliyyatı edilib. Yenə də ağrılar ara verməyib. Gülarə 1942-ci il dekabrın 29-da Tomskaya dəmiryol stansiyasının xəstəxanasında, peşəkar həkim, tibb bacısı, dava-dərman tapılmayan yerdə üçüncü cərrahiyyə əməliyyatından sonra elə masadaca həyata əlvida deyib".
1957-ci il oktyabrın 30-da Azərbaycan SSR Ali Məhkəməsi onun haqqındakı 1939-cu il 9 iyul tarixli qərarı cinayət tərkibi olmadığına görə ləğv edib və ona bəraət verilib.
Ailem.az
Cəmiyyət
Anasının dəfnində həbs edilən azərbaycanlı jurnalist
14 Noyabr 2014 12:32
0 Şərh
Baxış: 3 470
DİGƏR XƏBƏRLƏR
- Dəri sallanması nədən yaranır?
- Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF
- Xəzər üçün TƏHLÜKƏ: Balıqların sayı buna görə azalır
- Günün qoroskopu: Yaxınlarınızla münasibətlərinizi inkişaf etdirin
- Restoranların bizə təklif etdiyi ucuz setlərin təhlükəsi var?
- Elnur Niftəliyevin qızı Türkiyədə 10 min nəfər arasında birinci oldu - FOTO
XƏBƏR LENTİ
- Xərçəng sağlamlığa zərər vermədən belə sağaldılacaq
- Dayısının 14 yaşlı qızı ilə evlənmişdi - bu cəzanı aldı
- Keçmiş deputat öldü - FOTO
- 70 kq qızılla tutulan polkovnik-leytnant imiş - Kimliyi bilindi - YENİLƏNİB
- "Tramp Ukrayna münaqişəsinə son qoya bilər"
- Onlara yüksək vəzifə verildi - FOTO
- Bu tarixdən hava korlanacaq - XƏBƏRDARLIQ
- Osimhen "Qalatasaray"dan gedir - yeni klubu məlum oldu
- Laçındakı zəlzələnin GÖRÜNTÜSÜ - YENİLƏNİB
- Boşanması barədə suala əsəbiləşib efirdən GETDİ - VİDEO
- Nazir döyüş hazırlığı ilə bağlı göstəriş verdi
- Dəri sallanması nədən yaranır?
- Taksi Bakıya gələn qonağı şəhərə 139 manata gətirdi - DİN-dən REAKSİYA
- Yaxın günlərdə 4 bürc ən böyük xəyanəti yaşayacaq
- Trampın arxiv VİDEOsu yayıldı - Bu şəxsin saçını qırxıb - VİDEO
- Boyalarını yeyən rəssam kim idi? - FOTOlar
- Çində mağazada robotlar işləyir - FOTO
- İsrail Beyrutda çoxmərtəbəli binanı yerlə-yeksan etdi - 11 ölü, 33 yaralı var - YENİLƏNİB
- Qaynatasını "pol taxtası" ilə döyən gəlinin cəzası məlum oldu
- Yaşlı qadın küçədə Zaura elə söz dedi ki... - pərt oldu - VİDEO
- Livanda xəstəxanalar fəaliyyətini dayandırdı
- Toy olmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? – Ali Məhkəmə AÇIQLADI
- Rusiyanın raketlə vurduğu yerin son vəziyyəti - FOTO
- Qreta Tunberq: ekofəal, yoxsa idarə olunan marionetka?