Hər yeni tədris ili başlayandan bitənə qədər ümumtəhsil müəssisələrində şagirdlərə satılan ərzaqların keyfiyyəti ilə bağlı problem də gündəmə gəlir. Ancaq həmin ərzaq məhsullarının orqanizm üçün təhlükəli olması ilə bağlı səslənən fikirlər cəmiyyətdə narahatlıq yaratsa da, müəyyən qurumlar tərəfindən hər dəfə qulaqardına vurulur. Belə ki, problem mətbuatda hallandıqda, əlaqədar qurumlar guya əl-ayağa düşüb gözə kül üfürmək xətrinə monitorinqə başlayır, kəsilən cərimələrlə vəzifələrini bitmiş hesab edirlər. Amma təəssüf ki, vəziyyət yenidən əvvəlki qaydada davam edir. Yenə də bufetlərin vitrinlərindən qazlı sular, saqqız, çipsilər, köhnə buterbrodlar, energetik içkilər və s. düşmür. Belə olmasaydı, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bu günlərdə açıqladığı ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı gündəmə gəlməzdi.Dövlət komitəsi siyahı hazırladı, monitorinqlər başlanır, bizə isə onların nəticəsini gözləmək qalır
Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı "Kaspi"yə açıqlamasında məktəb direktorlarının artıq siyahıdan xəbərdar olduqlarını bildirdi. Belə ki, komitənin müəyyənləşdirdiyi sənədin tərkibində siyahı var və bu, standartdır: "Hər bir məktəb rəhbərliyi də bu barədə məlumatlıdır. Onlar çox yaxşı bilirlər ki, məktəb bufetində nəyi satmaq olar, nəyi yox". Komitə rəsmisinin sözlərinə görə, sentyabrın 15-dən - tədris ilinə start veriləndən Komitə yanında Nəzarət Xidməti yoxlamalara başlayacaq. Belə ki, hər hansı bir məktəb bufetində istifadəsinə qadağa qoyulan ərzaq aşkarlanarsa, inzibati qaydada cərimə tətbiq edəcək: "Əgər nöqsanlar ikinci dəfə aşkar olunarsa, müvafiq qurumlar qarşısında məsələ qaldırılacaq. Bu, məktəbdir. İnanmıram ki, ikinci dəfə belə nöqsanlar təkrarlansın".
İlin sonuna qədər gözləyək
Bəs məktəb bufetlərində aparılacaq monitorinqlərin nəticələrindən ictimaiyyət necə xəbər tutacaq?
Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bizimlə söhbətində yeni tədris ilindən etibarən - məktəb bufetlərinin fəaliyyət istiqaməti müəyyənləşdikdən sonra müvafiq yoxlamalara başlanılacağını bildirdi. Monitorinq keçiriləndən sonra isə nəticə ilə bağlı KİV-ə ətraflı məlumat veriləcək. Z.Kazımovun sözlərinə görə, monitorinqin cavabı ilin sonuna qədər açıqlanacaq: "Nöqsanlar aşkarlanandan sonra hansı tədbirlərin görüləcəyi və cəzaların veriləcəyi məlum olacaq". Şöbə müdiri indiyə qədər problemlə bağlı təhsil müəssisələrinə xəbərdarlıqlar olunduğunu, həmçinin müəyyən cəzaların tətbiq edildiyini, o cümlədən məktəb bufetləri haqqında müvafiq qərarların çıxarıldığını da bildirdi: "Bundan sonra necə olacağını isə tədris ili başlayandan sonra keçiriləcək monitorinq göstərəcək".
160 saylı gimnaziyanın direktoru Faina Ələkbərova da öz növbəsində məktəb bufetlərində satılan ərzaqlarla bağlı gündəmə gələn məsələnin aktuallığını etiraf etdi. Bakı məktəblərinə ərzaq paylanmasının üç müəssisə tərəfindən həyata keçirildiyini qeyd edən direktor mövzu ətrafında narazılıqların çoxdan yarandığını söylədi: "Biz özümüz də o ərzaqların keyfiyyətinə cavabdeh olmalıyıq və keyfiyyətsiz olanların satışına məktəbdə icazə verməməliyik. Həmçinin həmin ərzaqları məktəbə gətirən müəssisələr də cavabdehlik daşımalıdır".
Xüsusən uşaqlar üçün zərərli
Təbii ki, yazımızda indiyə qədər məktəb bufetlərində açıq satışda olan ərzaqların uşaqların səhhəti üçün hansı təhlükəni törətdiyini də öyrənməyə çalışdıq.
Məktəb bufetlərində uşaq orqanizmi üçün xeyirli məhsulların olmasının zəruriliyini vurğulayan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov "Kaspi"yə açıqlamasında "Əslində təhsil ocaqlarında səhər yeməkləri - sıyıqlar, ikinci yeməklər təşkil olunmalıdır. Belə olanda məktəblinin orqanizminin tələbatı hərtərəfli ödənilir" - dedi. Əgər bu cür qidalanmanı təmin etməyə imkan yoxdursa, onda uşaqların tədris müəssisəsində olduğu müddətdə qida maddələrinə tələbatını heç olmasa qismən kompensasiya etmək üçün bufetlərdən istifadə etmək məsləhət görülür. "Ancaq bunlar asan mübadilə olunan, sinir sistemini sakitləşdirən, şüura müsbət təsir edən, yaddaşı möhkəmləndirən qida maddələri ilə zəngin məhsullar olmalıdır. Onların saxlanma şəraiti gözlənilməlidir. Aydın məsələdir ki, qida bloku mövcud olmayanda yalnız hazır məmulatlardan istifadə olunur. O zaman da uşaqların çox xoşladığı, tərkibində ədviyyatlar olan ketçuplar, çipsilər, fantalar, kolalar satılır".
İ.Əhmədovun sözlərinə görə, bu cür məhsulların tərkibində qida əlavələri olduğu üçün kifayət qədər təhlükəli sayılır: "Bu baxımdan da yaxşı olar ki, uşaqlar üçün süd və süd məhsulları, meyvələrdən hazırlanan içkilər, şirələr, qablaşdırılmış adi sulardan istifadə olunsun. Qida kimi də quru ərzaqlardan istifadə olunması məsləhətdir. Kolbasa məmulatlarından, pendirdən hazırlanan buterbrodlar da soyuducu vitrin şəraitində 3 saatdan artıq saxlanmamaq şərti ilə realizə olunmalıdır. Amma biz görürük ki, bu cür ərzağı da ya bütün günü saxlayır, ya da realizə edə bilməyəndə növbəti gün təqdim edirlər. Bu da mədə-bağırsaq pozuntularına, qida zəhərlənmələrinə səbəb olur. Geniş təminatlı bufet şəraiti olmayan yerlərdə buna icazə verilməməlidir".
Müasir dövrdə texnologiyaların inkişaf etdiyini və mərkəzləşmiş qida bloklarının xüsusi daşıyıcı xidmətlərinin olduğun qeyd edən İ.Əhmədovun fikrincə, həmin fabrik mətbəxlər Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş məhsulları hazırlayıb birdəfəlik qablarda məktəblərə çatdırsalar, bu, daha effektli olar. Belə ki, peçenye, vafli kimi məmulatlardansa, məktəb bufetləri həmin qidalarla təmin olunsalar, müəyyən qədər uşaqların orqanizmi də qidalanar: "Xüsusi qida blokları olan liseylər, uşaq bağçaları bu cür qidalarla təmin olunsa da, bütün məktəblər və ya bağçalar bu cür sistemdən istifadə edə bilmirlər. Məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə istər qidalanma, istərsə də gün rejiminə epidemiologiya və gigiyena orqanları nəzarət edirlər. Bu qurumlar keçmişdə mövcud olan qaydalara əsasən günün istənilən vaxtında hər hansı müəssisəni yoxlaya bilərdilər. Buna görə müəyyən qədər nəzarət imkanı yaxşı idi. Amma indi sahibkarlıq və s. problemlərlə əlaqədar olaraq onlar Ədliyyə Nazirliyinin vahid reyestr xidmətindən, ildə bir dəfə İqtisadi İnkişaf Nazirliyindən, Standartlaşdırma, Metorologiya və Patent üzrə Dövlət Komitəsindən icazə alandan sonra - nöqsanları ortaya çıxarana qədər artıq iş-işdən keçir".
İ.Əhmədov hesab edir ki, hər bir müəssisədə səliqə-sahmana, texniki təchizat məsələlərinə, təmizliyə, məhsulların saxlanma qaydalarına cavabdeh müəssisənin müdiridir. Belə ki, hər bir müəssisədə tam ştat olmasa da, yarımştat tibb işçisi fəaliyyət göstərir: "Bilavasitə onlara təlimlər keçirilməlidir ki, işə nəzarət etsinlər. Əsasən həmin bufetlərdə çalışanlar ixtisaslaşmış adamlar olmalıdır. Ərzaq məhsulları ilə təması bilməyənlər, onların saxlama qaydalarından xəbəri olmayanlar orada çalışsalar, hər cür təhlükə yarana bilər. Peşə məktəbləri, liseyləri bitirənlər, peşəsi qidalanma sahəsində işləməyə imkan verən insanlara vaxtlı-vaxtında təlimlər keçirilsə, onlar vaxtaşırı tibbi müayinələrdən keçsələr, heç bir problem yaranmaz. Bu işlərə müəssisənin rəhbərliyi nəzarət etməlidir".
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev qəzetimizə açıqlamasında ayaqüstü qidaların həm böyüklər, həm də uşaqlar üçün zərərli olduğunu qeyd etdi. Belə qidalar uşaqlar üçün xüsusilə zərərlidir: "Onların orqanizmi böyüklərə nisbətən daha gərgin rejimdə işləyir. Ona görə ki, uşaqların böyümə inkişafı daha sürətlidir. Bu üzdən belə qidalanmanın təsiri özünü daha qabarıq göstərə bilir. Çünki bu qidaların tərkibində müəyyən qatışıqlar - korservantlar, kimyəvi maddələr var. Məhsulların tez xarab olmaması məqsədilə qatılan bu maddələrin xeyrindən çox zərəri var". Baş pediatrın fikrincə, məktəblərdə kütləvi şəkildə uşaqlar oxuduğundan onların qidalanması sağlam şəkildə həyata keçirilməlidir. Bunun üçün də məhsullar təzə, tərkibi sadə və məlum olmalıdır.
Göründüyü kimi, artıq siyahı var və məktəb rəhbərləri də bundan xəbərdardır. Problemin həlli yolları ilə bağlı addımların atılmaq istəyi olduğu bir vaxtda təhsil müəssisələrinin rəhbərləri də öz məsuliyyətlərini dərk etsələr, işin xeyrinə olar. Hələlik monitorinqlərin nəticəsinin necə olacağını bilmirik. Amma bütün hallarda nəticələri ilin sonuna qədər gözləmək gecdir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin açıqladığı ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı:
1. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla);
2. İçalatı təmizlənməmiş quş;
3. Vəhşi heyvanların əti;
4. Suda üzən quşların yumurtası və əti;
5. Qabığı çirklənmiş yumurta, və həmçinin salmonellyoza görə qeyri sağlam təsərrüfatdan olan yumurta;
6. Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər;
7. Termiki emala məruz qalmayan yaşıl noxud;
8. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar;
9. Mənşəyi məlum olmayan ərzaq məhsulları;
10. Kremli şirniyyat məmulatları (piroq və tortlar);
11. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;
12. Ev şəraitində hazırlanmış qatıq;
13. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları);
14. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas;
15. Kənd təsərrüfatı heyvanlarında aşkarlanan xəstəliklərə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;
16. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;
17. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər;
18. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər ( kəskin ) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar;
19. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr;
20. Təbii kofe, alkoqollu, energetik içkilər;
21. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar;
22. Qazlaşdırılmış içkilər;
23. Bitki yağları əsasında süd məhsulları və dondurma;
24. Saqqız, çipsilər;
25. Tərkibində etanol olan (0,5%-dən artıq) qımız və turş süd məhsulları;
26. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərində sous gəzdirilmiş ətli və balıqlı yeməklər;
27. Yumurtalı makaronlar, qayğanaq;
28. Frityurda qızardılan piroqlar və ponçiklər.
Kaspi.az