Cəmiyyət

Qurban Yetirmişli: "Bakının qorxusu Xəzərdəki zəlzələ ocaqlarındandır"

18 Mart 2014 11:23
0 Şərh     Baxış: 2 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin APA TV-yə müsahibəsini təqdim edir.

- Seysmologiya elminin hazırkı durumu barədə nə deyə bilərsiniz? Kadr hazırlığı hansı vəziyyətdədir?

- Ümumiyyətlə, Azərbaycanda seysmologiyanın tarixi 1902-ci ildə Şamaxıda baş verən zəlzələdən sonrakı dövrdən başlayır. Nobel qardaşları həmin vaxt Şamaxıda ilk seysmoloji cihazlar quraşdırıblar. Sonra isə Bakının Balaxanı qəsəbəsində Gəncənin Zurnabad kəndində, zəlzələlər baş verən digər ərazilərdə bu cihazlar quraşdırılıb. Seysmologiyanın tarixi də həmin ildən başlayır. 2010-cu ildə Azərbaycanda instrumental müşahidələrin 110 illiyini qeyd etdik və beynəlxalq konfrans keçirdik.
Tədbirdə 25-dən çox ölkənin alim və mütəxəssisləri iştirak etdi.

Amma bu sahədə kadr hazırlığı zəif gedir. Çünki son vaxtlar mütəxəssislər daha çox kommersiya şirkətlərinə üz tuturlar. Təbii ki, maddi cəhətdən bu, onları daha çox maraqlandırır. Buna baxmayaraq, bizim təşkilatda gənc mütəxəssislər, doktorantlar və magistrlər çalışırlar. Hətta biz qiyabi və ya axşam növbəsində oxuyan bakalavrları da işə götürürük. Bizim bu gün Azərbaycanda apardığımız seysmik müşahidələr rejim müşahidələrdir. İlboyu gecə və gündüz belə tədqiqatlar aparılır. Alınan məlumatlar emal olunur və aydınlaşdırırıq ki, Azərbaycanın hansı bölgəsində aktivlik var, zəlzələ olub, harada gərginlik toplantıları yaranıb. Dərinlik qırılmasının aktivlik qanadını müəyyən edirik, baş vermiş zəlzələlərin mexanizmlərini, sürət modelini qururuq. Bu, çox böyük elmi tədqiqat işləridir. Bu gün Azərbaycan qlobal sistemdə öz dəsti xətti ilə inkişaf etmiş ölkələr sırasındadır. Heydər Əliyevin 2000-ci il zəlzələsindən sonra verdiyi tapşırıq əsasında yeni avadanlıqlar alınıb. 2010-cu ildən sonra bu şəbəkə daha da genişlənib. Bu gün quru ərazidə 35 seysmik-telemetrik stansiyalar şəbəkəsi fəaliyyətdə göstərir. Bundan başqa GPS stansiyaları, mailliyi ölçmək üçün tiltimetrlər, maqnitometrlər, qravimetrlər quraşdırılıb. Geokimya və digər sahələrdə aparılan analizlər nəticəsində tədqiqatlar gedir. Respublika ərazisində bütün yerdaxili proseslərin izlənməsində fəal iştirak edirik.

- Müasir seysmologiya zəlzələni nə dərəcədə dəqiq və tez ölçə bilir?

- Müasir seysmologiya maqnitudası 0-dan aşağı olan, yəni lokal stansiyaların altında baş verən və ondan yuxarı zəlzələlərin hamısını çəkmək imkanına malikdir. Zəlzələ baş verən andan sönənə kimi prosesi monitorda izləyə bilirik. Təbii ki, dalğa sönəndən sonra onun bütün kinematik və dinamik parametrlərini, yer və zaman koordinatlarını, ocaqda hansı prosesin baş verməsini, geoloji quruluşu, hansı dərinlik qırılmalardan qaynaqlandığını, ayrılan enerjinin gücünü tez bir zamanda araşdırıb deyə bilirik.

- Tək Azərbaycanda deyil, həmçinin dünyada zəlzələlərlə bağlı proqnoz vermək dəb halını alıb. Bu proqnozlar nə dərəcədə etibarlıdır?

- Mən bunu dəfələrlə demişəm. Zəlzələnin qısamüddətli proqnozunu vermək mümkün deyil. Yer, vaxt və güc müəyyən edilə bilir. Amma orta və uzunmüddətli zəlzələni əvvəldən müəyyən edə bilirik. Yəni, hansı ərazidə aktivlik gedir, proses başlayıb, bunu bilirik. Nəticə olaraq təkan da baş verə bilər, güclü zəlzələ də ola bilər. Hətta xırda enerji boşalması baş verə bilər. Zəlzələnin dağıdıcılığı onun gücündən və dərinliyindən asılıdır. Hacıqabulda bu yaxınlarda olan zəlzələ bütün respublikanı sirkələdi, lakin onun episentri 55 kilometr dərinlikdə olduğundan ziyan vermədi. 2012-ci ildə Zaqatalada baş verən zəlzələ ilə eyni gücdə idi. Orada isə zəlzələnin hiposentrinin dərinliyi 8-10 kilometr idi. Ona görə də orada nə qədər dağılmışdı. Xarici ölkələr, Amerika, Yaponiya proqnozla məşğul olmurlar. Bizdə də belədir. Misal üçün, biz hər bir bölgənin seysmiklik dərəcəsini müəyyən edə bilirik. Hansı qırılmalarda neçə bal zəlzələ olacağını hesablaya bilirik. İndi bütün tikintilər balların qiymətləndirilməsindən sonra aparır. Əsas prinsip seysmik zəlzələyə davamlı tikililər aparmaqdır. 2011-ci ildə Yaponiyadakı zəlzələdə hündür binaların heç biri dağılmadı. Çünki onlar əvvəlcədən həmin yerdə maksimum neçə bal gücündə zəlzələnin verə biləcəyini müəyyənləşdirirlər. Həmin zəlzələ 10 baldan çox idi. Məsələ belə qoyulmalıdır. Bəzən bu sahəyə aidiyyəti olmayan insanlar proqnoz verir. Mətbuatımız kim nə dedi onu efirə çıxarır, internetdə yayır. Məsələn, ötən həftəni götürək. Guya bizim təşkilat qapalı iclas keçirib, seysmikliyin kritik həddə çatdığı, seysmoloqların çaş-baş qaldığı və dövlət başçısına bu barədə hesabat verildiyi barədə yalan-yalan məlumatlar yazıblar. Belə şayiələr çoxdur. Bu həm əhali arasında çaşqınlıq yaratmaq üçün təxribat xarakterlidir, həm də dövlətçiliyimizə qarşı təxribatdır. Çünki Azərbaycan regionda inkişaf edən ölkədir. Gələn il Azərbaycanda ilk Avropa Olimpiya Oyunları keçiriləcək. Ola bilsin, bu kimi açıqlamalarla investorları qorxutmaq istəyirlər.

- Son aylar Azərbaycanda seysmoloji aktivlik müşahidə olunur. Bu, irihəcmli zəlzələnin baş verməsi ilə nəticələnə bilərmi?

- Fevralın 26-dan Qəbələdə bir neçə hiss edilən təkanlar olub. Ümumiyyətlə, həmin zonada 2012-ci ilin əvvəlində də proses gedirdi. Bunlar Vəndam dərinlik qırılması və lokal yer qabığında gedən prosesdir. Tarixən orada 6 baldan artıq zəlzələ baş verməyib. Fevralın 20-dən bu yana 4 hiss olunan zəlzələdən başqa, 20-yə yaxın xırda təkanlar olub. Elə gün olmur ki, respublika ərazisində zəlzələ olmasın. Yanvardan bu yana 800-dən çox təkan qeydə alınıb. Bu aktivliyin o qədər də artması demək deyil. Bizim qurduğumuz stansiyaların sıx olmağı ən zəif təkanların belə qeydə alınmasına və saya salınmasına imkan verir. Bu ilin yanvarda Şimalı Xəzərdə maqnitudası 5 bal olan və Hacıqabulda bayaq xatırlatdığımız zəlzələ baş verib. Təsnifatına görə bunlar güclü zəlzələ hesab edilir. Əgər 2000-ci ildən 2007-ci ilə qədər zəlzələlərin azalması prosesi gedirdisə, 2007-ci ildən isə ayrılan enerjinin gücü də, zəlzələlərin sayı da artıb. Bu, hələ birinci rübdür. İlin sonuna kimi vəziyyət dəyişə bilər. Azərbaycan Alp-Himalay seysmogen qurşaqda yerləşir və zəlzələnin olması normaldır.

- Azərbaycanda nə qədər seysmoloji stansiya var və əlavə nə qədər stansiyanın gətirilməsi planlaşdırılır?

- Üç stansiya almışıq. Maliyyə çətinliyi səbəbindən bu məsələ qalmışdı. Layihələr ARDNŞ tərəfindən hazırlanıb. Yəqin ki, biz bu il dəniz dibi stansiyaları quraşdıracağıq. Bu stansiyalar "Günəşli", "Ümid" və "Bahar" yataqları ətrafında platformaların üstündə quraşdırılacaq. Bir neçə ölkədə bu cür stansiyalar var. Stansiyada olan məlumatlar quruda olan stansiyalar kim birbaşa peykdən mərkəzə ötürüləcək. Dənizin dibində gedən bütün proseslər, Xəzərin seysmikliyinin qiymətləndirilməsi, geodinamik proseslərin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edəcək. Zəlzələlər nəticəsində biz həm də yataqların qazılması, faydalı qazıntıların axtarışı prosesini də qiymətləndirə bilirik. Bu yaxınlarda biz "BP" şirkəti və Geologiya İnstitutu ilə birlikdə zəlzələlərin yataqlara təsiri ilə bağlı 5 illik bir layihəyə imza atmalıyıq. Bəzən yataqlarda neftin debiti aşağı düşür. Çünki yataq ətrafında baş verən proseslərin ona təsiri var. İstər-istəməz laylarda parçalanmalar əmələ gətirir. Yataqda olan neft digər istiqamətə gedir. Biz bütün bu prosesləri müəyyən edə bilirik. ARDNŞ ilə 2 layihədə iştirak edirik. Birincisi, Şirvanda neft yataqlarında suları vurarkən əmələ gələn xırda təkanlarla bağlıdır. Biz xırda çatların olmasını, onların gücünü müəyyənləşdiririk. Digər layihə isə Dəvəçi-Siyəzən neftli-qazlı zonanın seysmik tomoqrafiyasıdır. Qeyd edim ki, Azərbaycanda hələ seysmik tomoqrafiya işi aparılmayıb. Bundan başqa biz GPS stansiyalar quraşdırmışıq. Saatlı rayonunda SSRİ dövrünə aid ən unikal dərinlik quyusu var. Biz ARDNŞ-dən xahiş edib, o quyunu aldıq və həmin o borunun lüləsinin üzərində GPS stansiyası quraşdırmışıq. GPS stansiyası litosferdə gedən blokların və plitələrin hansı istiqamətdə hərəkət etdiyini və sürətini göstərir. Bu iş bütün dünyada aparılır. Amma bu proses horizontal şəkildə verir, indiyə kimi dərinlikdə heç zaman aparılmayıb. Həmin quyunun dərinliyi 8 kilometrdən çoxdur. O dərinlikdə, həmin blokda hansı istiqamətdə, hansı sürətlə hərəkətin olduğunu müəyyənləşdirmək olacaq. Bu özü unikal bir işdir.

- Bəzən baş verən zəlzələnin maqnitudası ilə bağlı dünyanın müxtəlif seysmoloji mərkəzlərinin açıqladığı rəqəmlər arasında fərq olur...

- Biz dörd beynəlxalq qurumla əməkdaşlıq edirik. Mən həm də Avropa Seysmoloji Komissiyanın üzvüyəm. Bizim ərazidə və dünyanın başqa yerlərində baş verən zəlzələ barədə məlumatı öz saytımızda yerləşdirdiyimiz kimi, dərhal onlara da göndəririk. Ərazisinin uzaqlığına və maqnitudasına görə qeydə aldığımız zəlzələlərlə bağlı məlumatı onlara göndəririk. Türkiyə və Gürcüstanda ən yüngül təkanları belə qeydə ala bilirik. Zəlzələ bir gücdə olur. Amma başqa-başqa ölkələr onu müxtəlif maqnitudalar ilə verir. Bu həm cihazlardan, həm uzaqlıqdan, həm də hansı dalğanı necə götürməkdən asılıdır.

- Zəlzələni bəzən kosmik fəzada baş verən hər hansı hadisə ilə əlaqələndirilər. Məsələn, Günəş və ya Ay tutulmasının zəlzələ ocaqlarını oyatması iddiası nə dərəcədə doğrudur?

- Zəlzələnin Günəşdə baş verən hadisələr, planetlərin paradı və digər hadisələrlə müəyyən qədər əlaqəsi var. Amma zəlzələni birbaşa həmin hadisəyə bağlamaq düzgün deyil. Elm, texnologiya inkişaf edib. Bəs, niyə görə zəlzələnin proqnozunu vermək mümkün deyil? Çünki zəlzələnin proqnozu bir neçə parametrdən ibarət deyil. Bir qanunauyğunluq bir zəlzələyə aiddir. Amma digər zəlzələ tamamilə başqa səbəbdən baş verir. Zəlzələ hər gün baş verir. Hökmən bu, Günəş tutulması ilə bağlı deyil. Ola bilər ki, Günəş tutulması haradasa, hansısa zəlzələnin baş verməsinə təkan verə bilər. Məsələn, Günəş tutulub və Ay yerə yaxınlaşıb, amma hökmən zəlzələ olmalıdır deyə bir fikir yoxdur. Amma mən bağlılığı inkar etmirəm. Bununla bağlı elmi məqalələr də var.

- Azərbaycanda zəlzələlərlə bağlı uzunmüddətli proqnoz verə bilərsiniz?

- Elə gün olmur ki, zəlzələ olmasın. Bu bir faktdır. Əgər 2,5 ayda 800-ə yaxın zəlzələ baş veribsə, bu gündə 10-a yaxın təkan deməkdir. Bunların içərisində güclü olanı da olur. Seysmik cəhətdən aktiv zonalar var. Məsələn, Bakının qorxusu Xəzərdəki zəlzələ ocaqlarındandır. Şamaxı-İsmayıllı zonası tarixən də aktiv bölgə olub. Biz hər ilin sonunda seysmik cəhətdən aktivlik xəritəsi qururuq. Bu bölgə ən gərgin və aktivlik gedən ərazidir. Eləcə də Quba, Qusar, Dəvəçi zonalarında, Şimalı Xəzər ərazilərində təkanlar çox olur. Zaqatala, Balakən, Qərbdə Kiçik Qafqaz, Gəncənin üstü, Qazax, Daşkəsən zonası, Gədəbəy, Aşağı Talış, Naxçıvanın Meğri hissəsində, Hacıqabulda aktiv bölgələr var. Zəlzələ hər gün var. Ola bilər ki, bunlardan hansısa 3-4 bal gücündə hiss olunsun.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.