Gəncədə noyabrın 7-də baş vermiş dəhşətli qətlin təfərrüatları gün üzünə çıxır.
Milli.Az xəbər verir ki, 30 yaşlı Ayşən Sadıqova küçədə bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılsa da yolda dünyasını dəyişib. Onun keçmiş həyat yoldaşı, 42 yaşlı Ramin Alıyev şübhəli kimi saxlanılıb.
Mərhumun anası Mehriban Sadıqova gencexeber.az-a açıqlamasında bildirib ki, Ramin Alıyev dörd il əvvəl Zümrüd adlı (ad şərtidir) bir qadınla münasibət qurub. Bu münasibət ailədə gərginliyi artırıb və Ayşən həmin dövrdə davamlı olaraq zorakılıq, təhqir və döyülmələrə məruz qalıb.
İddialara görə, Ramin həm Ayşən və üç övladı ilə Gülüstan qəsəbəsində kirayədə yaşayıb, həm də Zümrüd üçün ayrıca ev tutaraq onunla gizli münasibətini davam etdirib. Mehriban Sadıqova qeyd edib ki, Ramin Zümrüd üçün 4 min manatlıq telefon və çoxsaylı qızıl-zinət əşyaları alıb, lakin övladlarının qayğısını təmin etməyib və bütün xərcləri mərhumun anası qarşılayıb.
Hadisədən öncə Zümrüd bir neçə ay əvvəl Ayşənin uşaqları ilə yaşadığı binanın həyətinə içkili halda gələrək səs-küy salıb, qonşuların sözlərinə görə, Ayşənin Ramindən ayrılmasını tələb edib və nalayiq ifadələr işlədib.
Mehriban Sadıqova bildirib: "Kürəkənimin sevgilisi qızımı təhqir edirdi, saysız-hesabsız zənglər olurdu, söyüşlər edirdi, təzyiq göstərirdi."
Gərginlik fonunda Ramin Alıyev hadisə yerinə gəlib və Zümrüdü zorla maşına mindirərək aparıb. Qadın sonradan onu hüquq-mühafizə orqanlarına şikayət edib.
Eyni zamanda, Raminin paralel münasibəti və qadının tələblərini yerinə yetirmək üçün etdiyi xərclər ailəyə on minlərlə manat borc yükü yaradıb. Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Milli.Az





